10 Fevral 2024 10:24
655
SİYASƏT
A- A+

Siyasi avantürist qanlı diktatora çevrilir

 

Ölkəsində korrupsiyada, dünyada repressiyalarda ittiham edilən prezident Makron Qafqazda dayandırılmış müharibəni yenidən alovlandırmağa çalışır

 

2020-ci ilə qədər Azərbaycan-Fransa münasibətlərində gərginlik və ya  soyuqluq olunmayıb.  Beşinci respublikanın Mitterandan Ollanda qədər bütün prezidentləri Azərbaycana ehtiramla yanaşıblar. Lakin 3 ildən çoxdur ki, iki dövlət arasındakı münasibətlər, demək olar ki, düşmənçilik səviyyəsindədir və bunun səbəbi Parisin Makron hakimiyyəti dövründə həyata keçirdiyi anlaşılmaz, normal siyasi təfəkkürdən uzaq, bərabər tərəfdaşlıq prinsipləri ilə ziddiyyət təşkil edən qüsurlu siyasətdir.

 

Makronun simasında Fransanın məkrli siması üzə çıxdı

 

Fransa Azərbaycana qarşı, demək olar ki, hər gün yeni təxribat, bədnam kampaniya, məkrli  qarayaxma planı, yaxud da dövlət səviyyəsində cılız təfriqələr törədir. Bu silsilədə fəaliyyəti isə adətən KİV vasitəsilə həyata keçirir. Məsələn, bu günlərdə Fransanın "Le Point" jurnalında "Fransanı destabilizə etmək istəyən diktator" adlı məqalə dərc edilib.  Yelisey sarayı tərəfindən təlimatlandırılan növbəti anti-Azərbaycan dalğasının tərkib hissəsi kimi tərtib edilən məqalənin bütün cümlələrində reallıqlar təhrif olunub. Belə ki, böhtan və iftira ilə dolu məqalədə iki ölkə arasında münasibətlərin gərginləşməsinin əsas səbəbkarı kimi Azərbaycan göstərilib. Məqalədə Azərbaycana və ölkəmizin rəhbərliyinə, eləcə də Qoşulmama Hərəkatının nüfuzuna zərbə vurulmağa cəhd edilib. İddia olunub ki, Azərbaycan guya Fransanın daxili işlərinə müdaxilə edir, Yay Olimpiya Oyunlarının bu ölkədə keçirilməsinə qarşı qarayaxma kampaniyası aparır. Həmçinin məqalədə Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirlərdə iştirak edən şəxslərin separatçı olmaları vurğulanır, Azərbaycanla bağlı obyektiv məqalələr dərc edən KİV-in isə "marionetka" olmaları qeyd edilir. 
Ondan başlayaq ki, bu məqalənin timsalında hansı KİV-in marionetka olduğu aydın görünür. Məhz Yelisey sarayından verilən tapşırıqlarla qidalanan "Le Point" və bu kimi digər nəşrlər Fransa siyasi dairələrinin göstərişləri ilə Azərbaycana qarşı məkrli kampaniyanın bir hissəsinə çevriliblər. Görünən həm də odur ki, Fransa siyasi isteblişmenti kimi bu ölkənin KİV-i də Azərbaycanın Şuşa və Xankəndi zəfərlərini, separatçı rejimin məhvini həzm edə bilmir.
Ümumiyyətlə, Fransa cəmiyyətində erməni amili tarixən güclü olub. Bu ölkənin siyasi dairələrində ermənipərəst mövqenin üstünlük təşkil etməsi yeni xəbər deyil. Fransanın hakimiyyət orqanları həmişə Ermənistanın yanında olublar, onun işğalçılıq siyasətinə dəstək göstəriblər. Sadəcə, danışıqlar prosesi dövründə Fransa bu məkrli  himayədarlıq addımlarını və təxribatçı mahiyyətini indiki kimi aşkar göstərmirdi. 
Ancaq 2020-ci ilin Vətən müharibəsində proseslər həlledici mərhələyə qədəm qoyanda prezident Makronun simasında Fransanın bədnam siması üzə çıxdı.
Bu barədə ətraflı bəhs edəcəyik, amma əvvəlcə onu qeyd edək ki, ümumiyyətlə, Makronun prezident seçilməsindən sonra Fransa özünü  qlobal müstəvidə böyük dövlətçilik ənənələrinə malik dövlət kimi deyil, orta əsrlərin dəniz quldurları, yaxud obrazlı şəkildə desək, A.Dümanın çılğın muşketyorları kimi aparmağa başladı. 
Nəinki beynəlxalq siyasi ekspertlər, elə fransız analitiklər də Makronun iqtidara gəlişi ilə Fransanın onilliklərboyu  formalaşmış dövlətçilik ənənələrindən, mötədil, nüfuzlu, hamı ilə normal tərəfdaşlıq quran, hətta öz hegemoniyasını ədalətlə təmin edən dövlət imicindən uzaqlaşdığı qənaətindədirlər.  

 

ABŞ kəşfiyyatının "Yelisey əməliyyatı"

 

Bəs niyə birdən-birə Fransanın dövlət siyasətində belə kardinal dəyişikliklər baş verdi? Zənnimizcə, bu barədə danışarkən Fransada 2017-ci il prezident seçkiləri kampaniyasının gedişatına diqqət yetirsək, sualımıza cavab tapa bilərik.
Məlumdur ki, Makron prezident seçkiləri kampaniyası başlanana qədər Fransa siyasi çevrələrində tanınan fiqur deyildi. Lakin birdən-birə sanki hansısa görünməyən gizli əl Fransada prezident seçkiləri dönəmində "təmizləmə" əməliyyatına başladı. Nüfuzlu siyasi partiyaların rəhbərləri şantajla, barələrində açılmış cinayət işləri ilə seçki kampaniyasından uzaqlaşdırıldılar. Həmin vaxt beşinci respublikanın tarixində  görünməmiş bir hadisə də baş verdi: ölkəyə rəhbərlik edən Fransua Olland birdən-birə elan etdi ki, ikinci müddətə namizədliyini verməyəcək. Baxmayaraq ki, o növbəti müddətə namizədliyini irəli sürə bilərdi.
Eyni zamanda 2017-ci ilin seçkiləri beşinci respublikanın tarixində ilk seçki idi ki, respublikaçıların və sosialistlərin namizədləri ikinci tura çıxa bilməmişdilər.
Seçkilərdə iştirakdan uzaqlaşdırılanlardan biri də o dövrdə namizədlər arasında ən şanslı sayılan Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Dominik Stross-Kan idi. Hansı ki, o təcavüz və zorlamada ittiham olunurdu. Baxmayaraq ki, bu barədə heç bir tutarlı fakt ortaya qoyulmadı, amma Dominik Stross-Kan şantaj təzyiqi ilə seçkilərdən uzaqlaşdırıldı. 
Beləliklə, heç kimin tanımadığı Makron üçün bütün yollar açıldı. Gizlin əlin hansı qüvvə olduğunu "Azərbaycan" qəzeti olaraq deyə bilmərik. Amma Fransa ictimaiyyəti və  siyasi ekspertlər bu məsələdə bir ortaq məxrəcdə birləşirlər: Fransada Makronun hakimiyyətə gəlişinə "yaşıl işıq" yandıran gizli əl ABŞ kəşfiyyatı olub. Yaxud  Makronun prezident seçilməsi ABŞ kəşfiyyatının hazırladığı bir ssenari əsasında, başqa cür desək, "Yelisey əməliyyatı" nəticəsində baş verib.

 

Fransa KİV-i: "Makron administrasiyasında olan korrupsiya heç kral sarayında yox idi"

 

Qeyd etdiyimiz kimi, Makron siyasətdən uzaq Fransa ictimaiyyətinin yaxından tanıdığı bir fiqur deyildi. Sadəcə, real alternativləri "zərərsizləşdirildiyindən" rahatlıqla prezidentlik kürsüsünə gətirilsə də, hazırda onun Fransadakı reytinqi dəfələrlə aşağıdır. Çünki onun verdiyi populist vədlərin, elan etdiyi islahatların heç biri reallaşmayıb və Makron fransızların hazırda ən çox nifrət etdiyi siyasətçidir.
Tanınmayan Makron həm də özündən əvvəlki bütün prezidentlərdən şəxsi göstəricilərinə, bioqrafiyasına görə fərqlənirdi.
Özündən 25 yaş böyük qadınla evlənməsini bəziləri "sevgi yaşa baxmır" şablon ifadəsi ilə malalamağa çalışsalar da, sinif yoldaşının  teatr müəllimi olan anası ilə ailə qurması heç Fransa cəmiyyətində də birmənalı qarşılanmır. Düzdür, fransızlar şəxsi azadlıqlara tolerant yanaşırlar. Amma herontofil ( ərlə arvad arasında kəskin yaş fərqi) Makronun söykəndiyi mənəvi dəyərləri, istinad etdiyi ailə institutu, keçirdiyi həyat tərzi, şəxsi oriyentasiyası azadlıqlara meyilli Fransa cəmiyyətini belə təəccübləndirməkdədir. Çünki onun evli və üç uşaq anası Bricit Ouzyerlə gizli görüşü dünyadakı bütün əxlaq kodeksləri ilə dabandabana ziddiyyət təşkil edir. 
Xatırladaq ki, Makronun təkidi ilə Bricit Ouzyer 2006-cı ildə əri bankir Andre Lüi Ouzyerdən ayrılıb. 2007-ci ildə isə 54 yaşlı Bricit Ouzyer 30 yaşlı Makronla ailə qurublar. Psixoloqların fikrincə, Makronun psixoloji patalogiyası və ya travması var. Çünki kişinin özündən 25 yaş böyük qadınla evlənmək istəyi heç sevgi baxımından da anlaşılan deyil. Güman ki, Makron gənclikdə hansısa sarsıntı keçirib və bu, sonradan patalogiyaya çevrilib. 
Bu vəziyyəti dəyərləndirən politoloqların, ekspertlərin fikrincə, belə bir insan Fransada hansısa vəzifə tuta bilər. Necə ki, Makron iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri vəzifəsinə yüksələ bilmişdi, amma mənəvi baxımdan aşınmış  birisi prezident vəzifəsinə layiq deyil. 
Elə aşınmış mənəviyyatı olan şəxsin rəhbərliyi Fransanın dövlətçilik dəyərlərində, xarici siyasətində deqradasiyaya gətirib çıxarıb. Təsadüfi deyil ki, Makronun prezidentliyi dövründə Fransa Mali, Burkina Faso  və Nigerdən biabırcasına qovulub. Hazırda Fransa ilə islam dünyası arasında böyük gərginlik hökm sürür.
Makronun bütün sələflərinin Mərakeşlə saxladığı xüsusi münasibət artıq mövcud deyil. Əlcəzairdə isə özəl məktəblərə fransız dilində dərs keçmək qadağan edilib. Fransa Avropa İttifaqının üzvləri arasında etibarsız tərəfdaş kimi tanınır. Heç Ukrayna belə Rusiya ilə apardığı müharibədə Fransaya güvənə bilmir.
Makron hər il sentyabr ayında keçirilən BMT Baş Assambleyasının iclasında 2023-cü ildə iştirak etməyib. Sual olunur, doğrudanmı BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropa İttifaqının aparıcı üzvü, NATO-nun üzvü olan bir dövlətin rəhbərinin deməyə sözü yoxdur? Bundan əvvəl isə 2023-cü ilin yayında Fransa prezidenti Yohannesburqda BRICS sammitinə dəvət almaq istəyərkən problemlə üzləşmişdi. Cənubi Afrika Respublikasının rəhbərliyi onun dəvət xahişini "çox gülməli" hesab etmişdi. 
Bütün bunlar Fransanın xarici siyasətinin fiaskosunun göstəricisi ilə yanaşı, Makronun qlobal səviyyədə ciddi fiqur kimi qəbul edilməməsinin təsdiqidir. 
Fransanın daxili vəziyyətinə gəldikdə, "sarı jiletlilərin" etirazları, fermerlərin aksiyaları daxili siyasətin uğursuzluğundan  xəbər verir. Ölkənin iqtisadi və sənaye çəkisi getdikcə azalır, dövlət borcu astronomik həddə çatıb.
Bir sözlə, Makronun xarici və daxili siyasətində davamlı şəkildə qeyri-sabitlik, ardıcıl səhvlər və ziddiyyətlər özünü göstərir.  Ümumiyyətlə isə, onu Fransanın ən uğursuz rəhbəri hesab etmək olar.
İndi Fransa dünyada həm də dövlət səviyyəsində korrupsiyanın baş verdiyi, çirkli pulların yuyulduğu ölkə kimi tanınır. Prezidentin, onun yaxın ətrafının, parlament üzvlərinin, bələdiyyə rəhbərlərinin, hakim partiyanın təmsilçilərinin rüşvət almaları, vergilərdən yayınmaları, qanunsuz himayədarlıqları və digər bu kimi əməlləri barədə yüzlərlə fakt var. 
Makron administrasiyası bu cinayət əməllərinin nəinki araşdırılmaması, ümumiyyətlə, qeydə alınmaması üçün hüquq-mühafizə orqanlarına, məhkəmələrə ardıcıl təzyiq və təsirlər edir. Fransız mediasının "Makron administrasiyasında olan korrupsiya heç kral sarayında yox idi" deyimi Fransa iqtidarının cinayətkar mahiyyətini tam ifşa edir.

 

Hər addımda burnu ovulan Makron və Fransa siyasi dairələri

 

Əvvəldə qeyd etdiyimiz kimi, Makronun iqtidara gəlişi ilə Fransa son onilliklərboyu  əldə etdiyi sivil dövlətçilik dəyərlərindən uzaqlaşdı, hətta orta əsrlərdəki münasibətlər təfəkkürünə qayıtdı. Bunu Fransanın Afrika, Asiya və Okeaniyada orta əsrlərdən həyata keçirdiyi müstəmləkəçilik siyasətini son illərdə daha irticaçı formada yürütməyə başlamasında da görmək mümkündür. Baxmayaraq ki, həmin ərazilərdə Fransanın söz sahibliyi qalmaqda davam edirdi. Lakin Makron heç bir izahı olmadan müxtəlif bölgələrdə hərbi-siyasi qarşıdurmalar, daxili çəkişmələr yaratmaq yolu tutdu. 
Beləliklə, məhz Makron hakimiyyətinin başlanmasından sonra Fransanın kolonialist əməlləri orta əsrlər üslubuna qayıtmışdı. Fransa dövləti həmin ərazilərdə tarixən reallaşdırdığı ekspansiya siyasətini yenidən və daha qəddar üsullarla  təkrarlamağa başlamışdı. 
Qarşıdurmaların baş qaldırdığı həmin ölkələrdə Fransanın maraqlarına zidd olacaq hər hansı hadisə baş vermirdi. Hətta fransız ekspertlər belə təəccüblərini gizlətmirdilər ki,  nə üçün Fransa həmin ölkələrdə süni şəkildə vəziyyəti gərginləşdirir. Sual isə ritorikdir, çünki fransızlar yaxşı bilirdilər ki, həmin ölkələrdə baş verən süni qarşıdurmalar Makronu hakimiyyətə gətirən qlobal şəbəkənin - ABŞ-nin sifarişləridir və  onun maraqlarından irəli gəlir.
Qayıdaq Makronun Azərbaycanla münasibətləri gərginləşdirməsinə. Makronun prezident seçilməsi ilə Fransanın Azərbaycana qarşı da münasibəti dəyişdi. Sivil siyasi münasibətlərə uyğun gəlməyən irticaçı prinsiplər Makronun Qafqaz siyasətində də özünü göstərdi. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Fransada ermənipərəst mövqe üstünlük təşkil edir. Amma bu, Fransanın əvvəlki prezidentlərinə Azərbaycanla mehriban münasibətlər saxlamasına mane olmayıb. Fransa aşkar şəkildə heç vaxt Azərbaycana qarşı çıxmamışdı, ermənilərə dəstək isə yalnız sözdə ifadə olunurdu. Ermənistana hansısa dəstək olsa belə, bunu Fransa rəsmiləri açıq şəkildə ifadə etmirdilər.
Amma Makronun dövründə Fransa Azərbaycanla Ermənistan arasındakı hərbi-siyasi qarşıdurmanın birbaşa iştirakçısına çevrildi. Bu, özünü 44 günlük müharibə zamanı açıq şəkildə göstərməyə başladı. Fransa bu müharibə və ondan sonrakı dövrdə Ermənistanın işğalçı siyasətini birmənalı şəkildə dəstəkləyən dövlət kimi çıxış etdi. 
Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti ilə barışa bilməyən Fransa 2020-ci ildən sonra beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası çərçivəsində ölkəmizə qarşı dəfələrlə müxtəlif sənədlərin qəbul edilməsinə cəhdlər göstərmişdi. Azərbaycan isə uğurlu xarici siyasəti və dostları vasitəsilə bunun qarşısını layiqincə almağa nail olub. 
Fransanın Azərbaycana qarşı açıq düşmənçiliyinin xronoloji ardıcıllığına diqqət yetirək: Öncə müharibə günlərində Makron davamlı şəkildə Prezident İlham Əliyevə zəng edərək gah Azərbaycandan hərbi əməliyyatları dayandırmasını tələb etdi, gah Azərbaycanı Qarabağdakı mülki erməniləri hədəfə almaqda ittiham etdi, gah da Azərbaycan Ordusunun sıralarında xarici muzdluların "döyüşdüyünü" sarsaqladı. Lakin Makron elə birinci tələbindən anladı ki, Azərbaycanı təhdid etmək və ya yolundan döndərmək mümkün deyil. Onun  ittihamları təsdiqini tapmadı. Və bütün bunlar Makronun Azərbaycan qarşısında ilk məğlubiyyəti oldu. 
2020-ci ilin oktyabr ayında Fransa BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycana qarşı növbəti çirkin təzyiqə cəhd etdi. O zaman TŞ-nin qapalı iclasından sonra Minsk qrupunun həmsədr ölkələri tərəfindən bəyanat layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə istinad edilməmişdi. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan dövlətlər bu qətnamələrdə istinadın yer almasını təkid ediblər. Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur oldular. 
Bu kimi hadisələrlə, əslində, Azərbaycan Fransanı "öz meydanı"nda məğlub etdi. 2020-ci ilin noyabrında Fransa parlamentində Dağlıq Qarabağdakı separatçı rejimin tanınmasına çağırışla bağlı qətnamənin qəbulu da, əslində, Parisin Azərbaycan qarşısındakı məğlubiyyətinin göstəricisi idi. Çünki özləri də bilirdilər ki, bu qətnamə adi kağızdan başqa bir şey deyil.
Azərbaycanın ekofəalları 2022-ci ilin dekabr ayında Laçın yolunda aksiya keçirəndə isə Makron Fransası Azərbaycanı Qarabağdakı erməniləri blokada vəziyyətinə salmaqda ittiham edərək yenə BMT-yə üz tutdu və bu dəfə də siyasi-diplomatik məğlubiyyətə uğradı.
Fransa BMT kimi Avropa İttifaqında da uğursuz olub. Ölkəmizə qarşı irəli sürdüyü bütün ciddi təşəbbüslər dəstəklənməyib. Makronun Qərbdəki həmkarlarına saysız-hesabsız telefon zəngləri nəticəsiz qalıb.  Bu ilin yanvarında isə Fransa senatı hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi ilə bağlı gülünc qətnamə qəbul etdi. Bunun mənasız bir sənəd olduğunu yeniyetməliyindən həyatı qavrama instinktlərini itirmiş Makron başda olmaqla Fransanın siyasi cameəsi güman ki, dərk etmir. Çünki dərk etsəydilər, ənənələri ilə öyündükləri dövlətçiliklərini belə rəzil günə salmazdılar.
Bütün bunların sırasına 2023-cü ilin oktyabrında E.Makronun Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın senatda ölkəmizə qarşı söylədiyi cəfəng ittihamlarını, müşahidəçi adı altında Azərbaycanla sərhəddə öz emissarlarını göndərməsini əlavə etsək, görərik ki, əslində, Azərbaycan Fransanı son 3 ildən bir qədər artıq olan gərgin münasibətlər dövründə bütün platformalarda məğlub edib.
Makron Fransasının növbəti məğlubiyyəti Azərbaycan Fransa kəşfiyyatının Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada fəaliyyət göstərən şəbəkəsini ifşa etməsi oldu. Azərbaycan tərəfinin peşəkarlığı və sayıqlığı Emmanuel Makronu qəzəbləndirib və  Fransanın xarici kəşfiyyat orqanlarına rəhbərlik edən şəxslərin işdən çıxarılması və yeniləri ilə əvəzlənməsinə gətirib çıxarıb. Bu, həm də Makronun növbəti məğlubiyyəti idi. Azərbaycanda ifşa edilən Fransanın kəşfiyyat şəbəkəsinə görə iki fransalı diplomatın ölkəmizdən qovulmasına cavab olaraq Azərbaycanın iki diplomatının Paris tərəfindən persona-non-qrata elan edilməsi isə Fransanın nəinki məğlubiyyətinin, həm də cılızlığının pik nöqtəsi oldu.
Ötən üç il müddətində Makron hakimiyyətinin riyakarlıq trayektoriyası belə olub. Üstəlik, utanmadan Ermənistanla Azərbaycan arasında normallaşma ilə əlaqədar aparılan danışıqlarda Ermənistanın maraqlarını güdən tərəf kimi iştirak etmək istəyib. Lakin İlham Əliyev Makronu şəxsən danışıqlar prosesindən birdəfəlik rədd edib. 
Fransa davamlı şəkildə Ermənistan vasitəsilə Qafqazdakı proseslərə burnunu soxmağa çalışır. Lakin hər addımda Makron başda olmaqla bütün Fransa siyasi dairələrinin burnu ovulur. Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi və birbaşa Fransadan maliyyələşən separatçıların əl-qolunu qandallaması isə Makrona və bütün Fransa siyasətinə tərs şillə oldu. Fransanın hökuməti müstəqilliyini tanımağa çağırdığı separatçı rejimi Azərbaycan tarixdən sildi.
Əslində, Fransanın yeritdiyi siyasəti birmənalı şəkildə ermənipərəsi siyasət adlandırmaq da olmaz. Vəziyyəti düzgün dəyərləndirən ermənilər də belə hesab edirlər ki, Fransanın  yürütdüyü siyasət Ermənistanın maraqlarını ifadə etmir. Çünki bu siyasət Ermənistanın iqtisadi inkişafının qarşısının alınmasına, dalan dövlət kimi qalmasına, Azərbaycanla münasibətlərinin normallaşdırılmasının qarşısının alınmasına xidmət edir. 
Fransanın ermənipərəst siyasəti, əslində, Ermənistanı məhvə sürükləyir və perspektivdə ona daha böyük məğlubiyyət, səfalət və təcrid vəd edir. Bu siyasət Ermənistanı regionda yalnız Azərbaycanla deyil, İran, Rusiya və hətta Gürcüstanla da münaqişə vəziyyətinə gətirir. Bu mənada Fransanın əməllərinin nəticə etibarilə həm də Ermənistanı regionun Livanına çevirəcəyi şübhə doğurmur. Parisin məkrli siyasəti sonunda Ermənistanı daim siyasi-hərbi gərginliklər məngənəsində boğulan Livanın gününə salacaq.

 

Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq platforma yaradır

 

Azərbaycan Fransanın yalnız ermənipərəst siyasətini, respublikamıza qarşı riyakar davranışını darmadağın etmir. Azərbaycan həm Fransanın müstəmləkəçilik siyasətini ifşa edir, həm də dünyanın bir sıra yerlərində nəzarət etdiyi ərazilərin yerli əhalisinin azadlıq mübarizələrinə dəstək verir. Məlumdur ki, Fransa əsrlərboyu Afrika, Asiya, Amerika və Okeaniyada müxtəlif xalqlara, milyonlarla insana qarşı soyqırımı cinayətləri törədib, onların azadlıqlarını əllərindən alıb, dövlətçiliklərini məhv edib. 
Fransanın müstəmləkəçilik siyasətinin nəticələri, sadəcə, heyrət doğurur. Məsələn, Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin "eksponatlar" arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür rəzil təfəkkürə rast gəlmək mümkündür.
Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr indi də bu işğalın ağır fəsadlarını hiss edir.
Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları hələ davam etməkdədir. Kolonializmin qara tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Məsələn, Qvadelupa dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür, ağır repressiyalara məruz qalır. 
Fransanın müstəmləkəsi olan Martinikanın təbii sərvətləri talan olunur, əhalisi əsarət altında saxlanılır.
Fransız  Qvianası Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salınıb, qızıl mədənləri talan edilir, qızılı çıxarılaraq Fransaya daşınır. 
Korsika adasında müstəqillik istəyənlər Fransa tərəfindən ya həbs edilir, ya da öldürülürlər. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illərboyu onlara yalan vədlər versə də, Korsikada hakimiyyətə, sadəcə, Fransanın müəyyən etdiyi adamlar gəlir. 
Çox təəssüf ki, qlobal ictimaiyyət Fransanın müstəmləkəçilik siyasətini tarixboyu görməzdən gəlib. Lakin bu gün Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi qətiyyətli tədbirlər Fransanın müstəmləkəçilik cinayətlərini ifşa etmir,  Bakı həm də  Fransanın  kolonialist siyasətini darmadağın edir.
"Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur". Bu fikirlər Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.  Ən mühümü odur ki, bu məktub BMT-nin rəsmi sənədi kimi yayılıb.  Göründüyü kimi, Azərbaycan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmaq istəyən, sülh prosesinə maneçiliklər törədən Fransanın əsrlərboyu törətdiyi və bu gün də davam etdirdiyi cinayət əməllərini bütün beynəlxalq tribunalarda və platformalarda ifşa edir. 
Yəqin ki, tarixboyu heç bir dövlət Fransanın müstəmləkəçilik siyasətinə belə zərbə vurmayıb. 

 

Azərbaycan Makronu da, Fransanı da Qafqazdakı proseslərdən təcrid və rədd edir

 

Ümumiyyətlə, Fransanın hərəkətləri artıq regionun digər ölkələrində də ikrah doğurur. Rusiya  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Qərbin və Fransanın məqsədi Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir: "Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin və çiçəklənmənin təmin olunması üçün heç nə etmirlər. Hesab edirəm ki, Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub".
Fransanın Cənubi Qafqaza soxulmaq, Azərbaycana təzyiq etmək və digər bu kimi cəhdlərinin hamısı iflasa uğrayıb. Bununla belə Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda müharibəyə zəmin yaratmaq üçün dəridən qabıqdan çıxması faktdır.  Lakin Parisin Ermənistana silah ixrac etməsi sülh sazişini imzalamaq istiqamətində fəaliyyətə zərbə vurur. Parisin məqsədi öz hərbi mövcudluğunu Ermənistan-Azərbaycan sərhədinə keçirmək və yeni toqquşmalara və hətta hərbi əməliyyatların bərpasına nail olmaqdan ibarətdir. Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırır, hərbi sahədə yeni "dayaq" tapan Ermənistanı sülh danışıqlarında yeni və qeyri-konstruktiv tələblər irəli sürməyə və prosesi uzatmağa sövq edir. 
Bu yaxınlarda Fransa Milli Jandarma İdarəsinin generallarından birinin Ermənistan ərazisindən Azərbaycanla sərhədə yaxınlaşaraq binoklla müşahidə aparması Fransanın ölkəmizə qarşı hərbi təxribat törətmək niyyətində olması ilə bağlı ehtimalları gücləndirir. Silah göndərməsinin ardınca fransalı generalın sərhədlərimizə yaxınlaşması, əlbəttə ki, Fransanın bədnam niyyətindən xəbər verir. Beləliklə, Paris artıq tarixə qovuşmuş münaqişəni süni vasitələrlə yenidən meydana çıxartmağa və nəticədə, Ermənistanı daha ağır məğlubiyyətlərə sürükləməyə cəhd edir. Yeni savaş Ermənistanın tam süqutunu labüd edəcək. 
Söz yox ki, Fransanın hansısa hərbi əməliyyatı yalnız və yalnız Ermənistanın başında çatlayacaq. "Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu", - deyə Prezident İlham Əliyev bəyan edib.
Azərbaycanın Fransaya münasibətini Prezident İlham Əliyev çıxışlarında  bəyan edib.   Görünən odur ki, İlham Əliyev Makronu bərabərtərəfli prezident kimi qəbul etmir. Azərbaycan Fransanı Ermənistanla normallaşma prosesində iştirakçı və ya tərəfdaş dövlət kimi tanımır, Azərbaycan Makronu da, Fransanı da Qafqazdakı proseslərdən həm təcrid, həm də  rədd edir.
Öz növbəsində Makron Fransanın nüfuzunu dünyada yerlə bir edib. Makron Fransaya elə böyük və qlobal problemlər yaradıb ki, gələcəkdə onların aradan qaldırılması üçün Parisə onilliklər lazım olacaq. Makronun Fransanın daxilinə yerləşdirdiyi gecpartlayan bombaların sayı-hesabı yoxdur. Fransa həm də bu gün dünyada ABŞ-dən sonra daha çox nifrət edilən ikinci dövlətdir.  Ölkəni psixoloji patologiyası olan şəxs idarə edəndə başqa cür ola da bilməz.
Makronun psixoloji problemlərinin olmasını anlamaq üçün ölkənin taleyini həll edən vəzifələrə etdiyi təyinatlara baxmaq kifayət edir. Tarix boyunca öz cazibədarlığı və gözəlliyi ilə tanınan fransız qadınları əvəzinə o, ölkənin Baş naziri və xarici işlər naziri vəzifələrinə qadınlara nifrət edən islamofob "ərlər"i təyin edir. 

 

Azərbaycan bundan sonra da Fransanın ifşasını davam etdirəcək

 

Azərbaycanın Fransa üzərində parlaq qələbələrindən və uğurlarından sonra Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadı, "məğlubiyyət matəmindən" çıxmaq üçün bu cür riyakar məqalələrə əl atır. E.Makrona görə, Ermənistanın işğalı davam etməli idi. Erməni işğalının davam etməsi E.Makronun sələfləri tərəfindən uğurla dəstəklənirdi. Bu işğala E.Makronun Fransada hakimiyyəti dövründə son qoyulması onun tərəfindən şəxsi məğlubiyyət kimi qəbul edilir. O, Ermənistanın deyil, öz şəxsinin məğlub olması ideyasından qurtula bilmir.
Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətində Emmanuel Makronun şəxsiyyətinin xüsusiyyətləri də xüsusi rol oynayır. Herontofil "qılıbığ", yəni arvaddan qorxan imici qazanan Makron müzəffər qələbə qazanan Prezident İlham Əliyevə qarşı nifrət halına çevrilmiş paxıllığını cilovlaya bilmir və balaca paxıl uşaqlar kimi, güclü, qüdrətli və qalib siyasi lider, xalqının dəstəyini qazanmış Prezident İlham Əliyevə nəticəsiz "pisliklər" etməyə çalışır. 
Azərbaycan isə bundan sonra da Fransanın ifşasını davam etdirəcək. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.  Qafqazda Fransanın bayrağı ancaq bu ölkənin səfirliklərində dalğalana bilər. Amma Azərbaycan bayrağı bu gün Yeni Kaledoniya və Fransız Polineziyasında dalğalanır. Təsadüfi deyildir ki, indi Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycana müqəddəs məbəd kimi baxırlar.
Bu,  İlham Əliyevin, Azərbaycanın Fransa, Makron və bütün ermənipərəst qaragüruh üzərində qələbəsidir…

"AZƏRBAYCAN"
qəzetinin redaksiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video