Şirvanda "Qərbi Azərbaycanın maarif xadimləri" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi Barxudar Barxudarov bildirib ki, XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlərlə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olub.
B.Barxudarov deyib ki, Azərbaycanın elm və mədəniyyət tarixinə "İrəvani" təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alim, ədəbiyyat və incəsənət xadimi var: "Mirzə Qədim İrəvani (1825-1875), Mirzə Məhəmməd İrəvani (1718-1799), Fazil İrəvani (1782-1885), Mirzə Müslüm İrəvani (1755-1823), Dəlil İrəvani (1763-1817), Əbdülqasım İrəvani (1774-1823) və digər görkəmli şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə hiss edilir".
İrəvanda ilk qəza məktəbinin 14 yanvar 1832-ci ildə açıldığını deyən natiq bu məktəbin bütövlükdə bölgədə qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli dərəcədə rol oynadığını diqqətə çatdırıb: "XIX əsrin 70-ci illərindən başlayaraq, yeni üsulla tədris həyata keçirən dünyəvi məktəblərin sayı ildən-ilə artmağa başlayıb. Belə Azərbaycan məktəbləri İrəvanda (1880), Uluxanlıda (1881), Böyük Vedidə (1883), İmanşalıda (1883), Sürməli qəzasının Aralıx Baş kəndində (1884), Basarkeçərin Zod kəndində (1885), Çobankərədə (1890) və başqa bölgələrdə də açılaraq fəaliyyət göstərməyə başlamışdır. Dünyəvi məktəblərin getdikcə artması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırmışdır. Bunu nəzərə alaraq Rusiya Dövlət Şurasının 1880-ci il 20 oktyabr tarixli qərarına əsasən, İrəvan Müəllimlər Seminariyası yaradılmışdır".
B.Barxudarov daha sonra qeyd edib ki, 1988-1989-cu illərdə Qərbi Azərbaycanda tədrisi Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki Azərbaycan bölmələri bağlanmış, 48681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edilmişdir.
Tədbirdə çıxış edən Şirvan Dövlət İqtisadiyyat və Numanitar Kollecin direktoru Xatirə Məlikova isə bildirib ki, Qərbi Azərbaycan məsələsi Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründən başlayaraq, bu günəcən dövlət siyasətinin vacib tərkib hissəsidir: "2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmuşdur. Bu müharibə nəticəsində Azərbaycanın qazandığı Zəfər bölgədə yeni reallıq yaratmış və bu reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün hüquqi zəmin formalaşdırmışdır".
Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsinin müavini Əziz Abbasov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin əməkdaşları Aidə Əsədova, Yeganə Müslümova, Gülnarə İbrahimova, Günel Abdullayeva, 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva çıxışlarında Şirvanda məskunlaşan Qərbi Azərbaycan ziyalılarının Şirvan təhsilinə verdikləri töhfələrdən danışıblar.
Sonra Sevda Həsənovanın rəhbərliyi ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollec tələbələrinin hazırladıqları bədii hissə təqdim olunub və tədbir iştirakçıları Qərbi Azərbaycanla bağlı hazırlanmış sərgiyə baxıblar.
Seyran CAVADOV,
"Azərbaycan"