29 avqust tarixi bir çox ziyalı, elm, ədəbiyyat, mədəniyyət xadimi, deputat həmkarım kimi, mənim də taleyimə qızıl hərflərlə yazıldı. Həmin gün böyük bir heyətlə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yollandıq. Hamımız həyəcanlı idik, hər kəsin üzündən sevinc, fərəh yağırdı. Gündəmdə olan adi məsələ deyildi, Şuşanı görmək arzusunda olan on milyonlarla azərbaycanlı içərisində bu xoşbəxtlik bizə qismət olmuşdu...
Yolboyu gördüyümüz mənzərə hər birimizə fərqli hisslər yaşadırdı. Bir tərəfdə erməni işğalından azad olunmuş torpaqlarımızda vandalların vəhşiliyinin törətdiyi acı mənzərə - kəndlərin, şəhərlərin xarabalıqları, digər tərəfdə ucsuz-bucaqsız ərazilərin Azərbaycan əsgəri tərəfindən düşməndən azad edilməsinin doğurduğu qürur, iftixar hissi!
“Zəfər yolu”na çıxıb Şuşaya qədər üzüyuxarı - zirvəyə doğru qalxdıq. Qısa vaxtda dağlar, meşələr qoynundan çəkilən bu yol qəhrəman Azərbaycan əsgərinin Şuşaya qədər uzanan döyüş yolunun əbədi abidəsidir. Təsadüfi deyil ki, insanlar, tam haqlı olaraq, bu yolu Ali Baş Komandanımızın şərəfinə İlham Əliyev yolu da adlandırırlar.
“Zəfər yolu” ilə getdikcə sinəmiz qürur hissi ilə qabarırdı. Millət və dövlət olaraq böyüklüyümüz, gücümüz, qüdrətimizlə bir daha fəxr edirdik. Uzaqdan qayalar başına qartal kimi qonan Şuşa şəhərini, onu dövrəyə alan sıldırım qayaları seyr etdikcə bu əzəməti yaradanın qüdrəti və bu sıldırım qayaları fəth edən qalib Azərbaycan əsgərinin hünəri qarşısında baş əyməyə bilmirsən...
Səhərisi isə bu zəfəri, bu qüruru millətinə yaşadan Müzəffər Ali Baş Komandan, tarix yaradan əbədi Prezidentimiz İlham Əliyevi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident kimi bu zəfərdə böyük xidmətləri olan dəyərli Mehriban xanım Əliyevanı görməyin sevinci və xoş həyəcanı...
Erməni vandallarının Şuşada darmadağın etdiyi Azərbaycanın izini - 40 il əvvəl Ulu Öndər Heydər Əliyevin ucaltdığı Vaqif məqbərəsini səkkiz ayda tam bərpa etdirən Müzəffər Ali Baş Komandan bu əzəmətli abidə önündən ermənilərə və onların havadarlarına bir daha mesajlar verdi. Təbii ki, başa düşənlər öz hesabını götürəcək, başa düşməyənlərin isə hesabını kəsmək yenə bizə borc olacaq.
Üç gün Şuşada sanki nağıl dünyasında idik. 30 illik Şuşa həsrətini üç gün ərzində gözümüzə, könlümüzə sığdırmağa çalışdıq. Nə Cıdır düzünün əsrarəngiz mənzərəsindən doyduq, nə də şəhərin küçələrini yuxarı-aşağı gəzməkdən yorulduq. Üzeyir bəyin, Natəvanın, Bülbülün güllələnmiş heykəllərini ziyarət etdik. Bülbülün bərpa olunmuş evində olduq. Mir Möhsün Nəvvabın evini-həyətini dolaşdıq, Əhməd bəy Ağaoğlunun dağılmış ata evini, Sadıqcanın quru divarları qalmış imarətini, Ə.Haqverdiyevin evini axtarıb tapdıq, Natəvan bulağından su içdik.
Şuşanı gördük, Şuşanı gəzdik, amma Şuşadan doymadıq. Şuşa, səndən doymaq olar ki?!
Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri