Şuşa 28 il yarım işğal altında idi.
Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır.
Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb,
qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan
bayrağı Şuşada dalğalanır.
İlham ƏLİYEV
Gözəl Şuşanın
işğaldan azad olunmasından günlər keçsə də, o anların sevinci o qədər böyük, qüruru
elə misilsiz idi ki, bunu ifadə etməkdə çətinlik çəkirsən. O anlarda bütün məmləkət
bu fəxarətdə birləşmişdi. Hamı şuşalı idi, bir-birinə gözaydınlığı verir, "Şuşa,
azadlığın mübarək!” deyirdi...
2020-ci ilin
8 noyabrı - Müzəffər Azərbaycan Ordusunun ulu yurdun qədim şəhərlərindən biri, Qarabağımızın
baş tacı Şuşanı erməni işğalçılarından azad etdiyi gün bizim - bu böyük tarixi günün
şahidlərinin yaddaşına beləcə, bayram əhvali-ruhiyyəsi ilə köçür. Şuşanın təcavüzkarların
əllərindən xilası xəbəri hər bir azərbaycanlıya könül rahatlığı gətirir. Otuz ilə
yaxın işğal altında qalan torpaqlarımızın hər qarışı - kəndi, qəsəbəsi, rayonu,
şəhəri, dağı, dərəsi, təpəsi, yamacı azad edildikcə bu hissləri yaşadıq. Qürurlandıq,
sevindik və kövrəldik.
Şuşaya gəlincə,
Prezident İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində demişdi:
"İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir.
Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə
müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan
xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət
ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir.
Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.
Alınmaz qala
sayılan bu şəhərin işğaldan azad edilməsilə düşmənin İkinci Qarabağ müharibəsində
məğlub olduğunu etiraf etməkdən başqa çarəsi qalmadı.
Qədim və gözəl
Şuşa işğalda qaldıqca onların - bu şəhərin təməlini qoyan, onu sevən, abadlaşdıran,
adını göylərə ucaldan, yolunda canından keçən insanların ruhu rahatlıq tapmadı.
Amma indi o narahat ruhlar da sevinir.
O şəhərin
hər daşı, bənzərsiz memarlıq abidəsi olan hər tikilisi Azərbaycan tarixinin bir
hissəsidir. Tarixinə nəzər salaq. Bünövrəsi 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli
xan tərəfindən qoyulub. Elə bu səbəbdən bu şəhər ilk çağlarda Şuşa ilə yanaşı, xanın
şərəfinə Pənahabad da adlandırılıb. İşğaladək Şuşanın - Seyidli, Culfalar, Quyuluq,
Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı,
Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə
adlandırılan 17 məhəlləsi vardı.
Şuşa adının
mənşəyi haqqında müxtəlif fikirlər irəli sürülüb. Eramızın II əsrində yaşamış qədim
Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu
(latın dilində "ş” səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə
görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa” (şüşə)
adlandırıblar.
Bəzi mənbələrə
görə, "Şuşa” sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci
"ş” səsi sonrakı "s” səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa” deyimi
alınıb. Mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur.
Şiş qayalarla əhatə oluduğu üçün bəzən "Şişə” də deyilib. Tədqiqatların bəziləri
isə Şuşa sözünü türk dilində mənasını "uc”, "yüksək” olan "şiş” komponenti ilə əlaqələndirirlər.
Bəzi tədqiqatçılar da Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344-334) -
Makedoniyalı İsgəndərlə vuruşan səxsin tikdirdiyi "Su” qalası ilə eyniliyini, Şumer
(şu+er) adı ilə səsləşdiyini qeyd ediblər.
Qarabağ hökmdarı
Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə tədbirlər görüb. Xanlığın ən
strateji mövqelərində müdafiə qurğularının tikintisinə başladıb. 1748-ci ildə Bayat
Qalası, 1752-ci ildə isə Şahbulaq qalası tikilib.
Şuşa qalası
Pənahəli xanın müharibələr zamanı əhalinin sığınıb müdafiə olunması üçün daha etibarlı,
üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni
bir qala ucaltmaq qərarı ilə inşa olunub. Həmin qalaya əvvəlcə öz banisinin adı
ilə "Pənahabad” adı verilib.
Feodal ara
müharibələri dövründə qala dəfələrlə ağır sınaqlarla üzləşdi. Bu qalaya hücum edən
Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməyiblər.
XVIII əsrdə
Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib Şuşa. Böyük, güclü sədlə əhatələnib, sənətkar məhəllələri
salınıb. Şuşalı tacirlər İran və Rusiya şəhərləri ilə ticarət əlaqələri qurublar.
Burada Pənahabadi adlanan gümüş sikkə də zərb edilib.
XIX əsrin
sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik
Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi”, "Zaqafqaziyanın
konservatoriyası” adlandırıblar. XX əsrdən başlayaraq burada peşəkar musiqi təhsili
daha geniş sahələri əhatə edib. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin misilsiz
əməyi nəticəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.
Tarixin müxtəlif
dönəmlərində Şuşanın başı çox müsibətlər çəkib. 1905, 1920 və 1992-ci illərdə Şuşa
üç dəfə yandırılıb. Qarabağın göz bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni
hərbi birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində şəhərdə
195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb,
onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Əsir və girov götürülmüş
58 azərbaycanlının taleyi barədə hələ də məlumat yoxdur. 20 mindən artıq əhali isə
doğma yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamalı olub.
Erməni vandalları
azərbaycanlıların tarixi izlərini silmək üçün hər vasitəyə əl atdılar. 600-ə yaxın
tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini,
Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini
yerlə yeksan etdilər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini,
8 mədəniyyət evini, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də
Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti
muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi
alətləri fabrikini dağıtdılar, nadir sənət incilərini taladılar, məhv etdilər. Şəhərin
tarixi muzeyinin 5 minədək eksponatını, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, xatirə
muzeylərinin fondları qarət olundu.
Ancaq Şuşanı
iyirmi səkkiz il işğal altında saxlayan erməni işğalçıları heç zaman rahat olmadılar.
Çünki bilirdilər ki, bu yerlərin, bu qədim yaşayış məskənlərinin əsl sahibləri bir
gün gələcəklər. Şuşa üçün həmin gün 8 noyabr 2020-ci il oldu. Şəhər Azərbaycan Silahlı
Qüvvələri tərəfindən işğaldan qurtuldu.
1993-cü ildən
başlayaraq hər il mayın 9-da ermənilər Şuşada özlərinin saxta "Qələbə bayramı”nı
qeyd edirdilər. Daha erməni təqvimində elə bir gün olmayacaq.
İyirmi səkkiz
ilin qürurumuzu əzən qəm yükünü atdıq könlümüzdən. Beləcə, böyük tarixi günlərin
şahidi olduq. Təqvimizə yeni əlamətdar günlərdən biri də Şuşanın işğaldan azad edildiyi
gün yazıldı.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”