Şərur Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla əlaqədar yığıncaq keçirildi.
AzərTAc xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazır¬lıqla əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Şərurda müvafiq işlər görüldüyünü diqqətə çatdırdı.
Bildirildi ki, rayonda əhalinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları istifadəyə verilib. Bundan əlavə, alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində müəyyən işlər görülür.
Vurğulandı ki, rayon elektrik şəbəkəsi mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğuna nəzarəti gücləndirilib, istifadə müddəti başa çatmış elektrik dirəkləri və elektrik xətlərini yenilənib, sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilib. Rayon qaz istismarı idarəsi də payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün qaz təsərrüfatına mütəmadi olaraq texniki baxış keçirir.
Qarşıdan gələn payız-qış mövsümü dövründə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz işini təmin etmək üçün 104 min 940 litr ağ neftə, 265 kvadratmetr şüşəyə, 252 ədəd şiferə, 469 metr polietilenə ehtiyac vardır ki, bu da bölgü əsasında həmin müəssisələrə çatdırılacaq.
“Şərur şəhərində 17 çoxmərtəbəli bina, 64 idarə və müəssisənin inzibati binası, o cümlədən rayon üzrə 41 təhsil, 41 tibb və 69 mədəniyyət müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaq”, – deyən icra hakimiyyətinin başçısı əlavə etdi ki, bunun üçün 157 ədəd fərdi qazanxana mövcuddur. Qazanxanaların çoxluğu bu sahəyə ciddi nəzarət olunmasını tələb edir. Ona görə də qazanxanalarda işləmək üçün indidən mütəxəssislər hazırlanmalıdır.
Bildirildi ki, son vaxtlar Şərurda 840 ton tutumu olan 4 soyuducu anbar quraşdırılıb, indiyədək həmin anbarlara 207 ton kartof tədarük edilib. Hazırda işlər davam etdirilir. Şərur Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsi soyuducu anbarlara meyvə və tərəvəzin tədarükünü nəzarətdə saxlayır, bu işdə sahibkarlara əməli köməklik göstərilir. Əhalinin içməli su təminatı da daim diqqət mərkəzindədir.
Yığıncaqda ayrı-ayrı xidmət sahələrinin nümayəndələri payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verdilər, müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi üçün rəy və təkliflərini bildirdilər.