Prezident
İlham Əliyevin 5 il öncə açılışını etdiyi Sabirabad "ASAN xidmət” mərkəzinin fəaliyyətindən
indiyədək 1 milyondan çox vətəndaş yararlanıb
Muğan, Mil
və Şirvan düzünün kəsişdiyi, ana Kürlə xan Arazın birləşdiyi Suqovuşanda - Sabirabad
rayonundayıq. Şimaldan Kürdəmir, şimal-şərqdən Hacıqabul, şərqdən Şirvan, cənub-şərqdən
Salyan, qərbdən Saatlı, cənubdan Biləsuvar, yəni 6 rayonla həmsərhəd olan Sabirabadın
müasir siması xoş təəssürat yaradır.
Rayonda sosial-iaşə
obyektlərinin, müxtəlif təyinatlı müəssisələrin fəaliyyəti onu deməyə əsas verir
ki, burada kiçik və orta sahibkarlıq inkişaf mərhələsindədir. Əhalinin sosial problemlərinin
həlli istiqamətində də uğurlu layihələr həyata keçirilir.
Sumqayıt və
Gəncə şəhərlərindən sonra ölkə rayonlarında ilk "ASAN xidmət” mərkəzinin açılışı
da, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "ASAN” Könüllülərinin I Ümumrespublika
Forumu da Sabirabadda reallaşıb. Gəlişimizin məqsədi də 4 ildir Sabirabad, Neftçala,
Biləsuvar, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli
rayonlarında qeydiyyatda olan vətəndaşların xidmətində olan bu mərkəzin fəaliyyəti
ilə tanışlıqdır.
Gün ərzində 900-1200 vətəndaşa xidmət
Rayonun Heydər
Əliyev prospekti, 128 ünvanında yerləşən mərkəzin açılış mərasimi 2014-cü ilin dekabr
ayının 15-də keçirilib. Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan brendi
5 yanvar 2015-ci il tarixdən fəaliyyətə başlayıb.
Artıq 4 ildir
ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində öz prinsiplərinə, missiyasına
sadiq qalan "ASAN xidmət” mərkəzində bu gün 12 dövlət orqanı - Ədliyyə, Daxili İşlər,
Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər nazirlikləri,
Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti,
Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida
Təhükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə
320-dən çox müxtəlif xidmət göstərilir.
Sabirabad
"ASAN xidmət” mərkəzində fəaliyyət göstərən dövlət orqanları və funksional yardımçı
xidmətlər tərəfindən ümumilikdə gün ərzində 900-1200 vətəndaşa xidmət göstərilir. Bugünə qədər mərkəzə 1 milyondan çox vətəndaş
müraciət edib. Ay ərzində mərkəzdə 20-25 nəfər könüllü çalışır.
Məlumat Mərkəzi - operativlik və nəzakətlilik
Sabirabad
"ASAN xidmət” mərkəzi müasir tələblərə cavab verən dördmərtəbəli inzibati binadan
ibarətdir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti
qaydalarını öyrənmələri, yol nişanlarını tanımaları üçün bütün şərait var.
Digər tərəfdə
isə uşaqlar üçün idman alətləri quraşdırılıb.
Mərkəzin daxili
də xarici görünüşü kimi çox cazibədardır. Digər mərkəzlərdə olduğu kimi, burada
da mühafizəçilər binaya daxil olan vətəndaşları ciddi şəkildə yoxlayırlar. Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Elnur Niftəliyevlə söhbət edə-edə mərkəzlə tanışlığa başlayırıq.
Məlumat Mərkəzinin
gülərüz əməkdaşlarının vətəndaşlarla iş prosesini kənardan izləyirik. İçəri daxil
olan vətəndaşlar burada ilk dəfə olurlarsa, Məlumat Mərkəzinə yaxınlaşıb istəkləri
ilə bağlı müraciət edirlər. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra
onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər
kəs asanlıqla istənilən xidmətdən yararlana bilir.
Məlumat Mərkəzinin
əməkdaşı Arzu İsmayılova 2 ildən çoxdur ki, burada çalışır. Ali təhsillidir. Azərbaycan
Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu deyir ki, mərkəz
11 rayonun əhalisinə xidmət etdiyi üçün müraciətlər çox olur. Ancaq buna baxmayaraq,
mərkəzin əməkdaşları hər zaman vətəndaşları gülər üzlə, təmkinli şəkildə dinləyir
və istiqamət verirlər: "6 ildir ki, bu mərkəz fəaliyyətdədir. İstər işimizdə, istərsə
də vətəndaşlarla ünsiyyətdə heç bir çətinliyimiz olmur. Əlimizdən gələni edirik
ki, vətəndaşlar məmnun qalsın. Axı biz operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri
əsasında fəaliyyət göstəririk”.
Rahat xidmət, kitabxana, istirahət yeri və stress əleyhinə
otaq
Mərkəzdə sanki
başqa ab-hava var. Elnur Niftəliyev deyir ki, bu gün burada Yaponiya mədəniyyət
günləri keçiriləcək. Ona görə də hazırlıq işləri görülür. Biz isə həm göstərilən
xidmətlərlə, həm də vətəndaşlara olan diqqət və qayğı ilə maraqlanmaq üçün işimizi
davam etdiririk.
Birinci mərtəbədə
ana və uşaq otağı, könüllülərin əl işlərindən ibarət guşə, kommunal xidmətlər, hüquqi
yardım, laboratoriya, tibb məntəqəsi, gözləmə zalı, saxlama kamerası, hüquqi yardım
mərkəzi, bank və yardımçı funksional xidmətlər mövcuddur. İkinci mərtəbədə Daxili
İşlər Nazirliyinin göstərdiyi xidmətlər, sürücülük vəsiqəsinin dəyişdirilməsi, şəxsiyyət
vəsiqəsi və ümumvətəndaşlıq pasportunun verilməsi və dəyişdirilməsi, hərbi səfərbərlik,
qida təhlükəsizliyi, miqrasiya xidməti, İqtisadiyyat Nazirliyinin lisenziyalarının
alınması, vergi xidmətləri həyata keçirilir. Üçüncü mərtəbədə isə əmək pensiyalarının
təyin olunması, arxiv arayışlarının verilməsi, daşınmaz əmlakın qeydiyyatı, notariat,
gömrük bəyannamələrinin hazırlanması, dördüncü mərtəbədə isə əməkdaşlar üçün kitabxana,
konfrans otağı, xidməti istirahət yeri, stress əleyhinə otaq var.
Nəzakətlilik, məmnunluq, vətəndaşın sevinci...
Rayon sakini
Nəsibə Quliyeva şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün yenisini almağa gəlib.
Amma bu dəfə nədənsə fərqli mənzərə ilə qarşılaşıb: "Əvvəllər eləcə sənədləri verirdik
və gəlib vəsiqəmizi götürürdük. İndi daha müasirləşib. Barmaqlarımızı xüsusi aparata
toxundururuq, elektron formada lövhəyə qol çəkirik. Vallah, dövlətin yaratdığı bu
xidmət hamının ürəyindəndir. Kimsə kiməsə rüşvət vermir, heç kim insanı incitmir.
Rahat gəlib nə istəyirsən alırsan. Bundan asan nə ola bilər ki?”
Nərminə Gəncəliyeva
isə ilk dəfə ümumvətəndaş pasportu alır. 10 gün öncə müraciət edib və bu gün sənədini
götürmək üçün mərkəzdə növbə gözləyir. Bir qədər sonra növbə elan edilir və Nərminə
xanıma yeni pasport təqdim olunur: "İlk ümumvətəndaşlıq pasportumu aldım. Sevincliyəm.
Buraya gələndə insan özünü çox rahat hiss edir. Hətta kimsə bayırdan içəri daxil
olanda əsəbi halda olursa, onunla elə nəzakətlə davranırlar ki, tamam sakitləşir.
Çox sağ olsunlar ki, bizim üçün belə xidmət yaradıblar. Hər kəs məmnun qalır "ASAN
xidmət”dən”.
Saməddin Cəbrayılov
isə həyat yoldaşı ilə birgə yeni doğulmuş körpələri üçün doğum haqqında şəhadətnamə
almağın sevincini yaşayır: "Yenicə dünyaya gəlib. Adını Fatimə qoymuşuq. Gəlmişik
ki, qızımız üçün doğum haqqında sənəd alaq. Bizə göstərilən diqqətə görə təşəkkür
edirik”.
Təmənnasız xidmət və xeyirxahlıq missiyası - "ASAN Könüllüləri”
6 il öncə
Sabirabadda bir ilk də reallaşmışdı. Prezident İlham Əliyevin iştirakı ilə "ASAN
xidmət”in açılışından sonra rayonda Heydər Əliyev Mərkəzində "ASAN Könüllüləri”nin
I Ümumrespublika Forumu keçirilmişdi.
Könüllülərin
fəaliyyətini dəyərləndirən dövlət başçısı demişdir: "Gənclərimiz bizim gələcəyimizdir.
Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, vətənə bağlı olan gənc nəsil yetişir
və "ASAN könüllüləri”nin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə
könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin
ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir.
Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə
formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda
hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli
sürülməsinə imkan yaradır”.
Ümumiyyətlə,
könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri
olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Hər mərkəzdə olduğu
kimi, burada da səmimi, mehriban kollektiv var.
16 yaşlı Rəvan
Ağayev 2 aydır mərkəzdə könüllü kimi çalışır. Sabirabad Peşə Liseyinin tələbəsi
olan Rəvan deyir ki, burada çalışmaqda məqsədi təcrübə toplamaqdır. Sözlərinə görə,
könüllü olmaq dünyagörüşünün artırılması üçün çox yaxşıdır. Azərbaycan Dövlət Dəniz
Akademiyasının məzunu olan Rəşad Əliyev 42 gündür burada çalışır: "Akademiyada təhsil
aldım, burada isə xeyirxahlıq, mərhəmətin nə olduğunu hiss etdim, insanlara təmənnasız
xidmət savabdır”.
Könüllülərin
əksəriyyəti Sabirabad Dövlət İqtisad Kollecinin tələbələridir. Saatlı, Biləsuvar
rayonlarından gəlib burada təhsil alan tələbələrdən Zərifə Cavadova, Solmaz Mirzəli,
Günel Əhmədli də kollektiv iş prinsiplərini öyrənməyə çalışırlar. Könüllülərin fikrincə,
"ASAN xidmət” onların gələcək planlarının reallaşmasında böyük rol oynayacaq.
Yaponiya mədəniyyət günləri - suşi və dolma, Sabirabad qarpızı...
Könüllülərlə
söhbətləşdikdən sonra mərkəzdə Yaponiya mədəniyyət günləri ilə bağlı maraqlı tədbir
başlayır. Elnur Niftəliyev deyir ki, bu tədbir "ASAN Könüllüləri” tərəfindən multikulturalizm
mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.
Yaponiyanın
ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə bu ölkənin milli
geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilirdi. Həmçinin
milli mətbəximizin təamları - dolma, şah plov da hazırlanmışdı. Xüsusi guşədəki
Sabirabad qarpızı və mərkəzin könüllüləri tərəfindən oriqami üsulunda hazırlanmış
əl işlərinin sərgisi də qonaqların diqqətini
çəkirdi. Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların
rəmzləri nümayiş olunurdu.
Mərasimin
rəsmi hissəsi yekunlaşdıqdan sonra mərkəzə təşrif buyurmuş qonaqlar, məktəblilər
guşələrdə nümayiş olunan yapon və milli təamlarımızdan daddılar, əl işləri, rəmzlərlə
yaxından maraqlandılar.
Biz isə mərkəzə
təşrif buyuran vətəndaşlara yaxınlaşaraq onlara göstərilən xidmətlərlə bağlı fikirlərini
soruşuruq. Rayon sakinləri Dünyamin Musayev və Kamran Mədətov Daxili İşlər Nazirliyinin
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin mərkəzdəki xidmətinə müraciət
edərək məhkumluqla bağlı arayış almışdılar: "İçəri daxil olanda ilk baxışdan adama
elə gəlir ki, burada qarışıqlıqdı. Amma məlumat mərkəzində hər şeyi asanlıqla izah
edirlər. Məhkumluqla bağlı arayış lazım idi. İşə qəbul olunmaq üçün tələb olunan
vacib sənəd olduğu üçün biz də "ASAN xidmət”ə gəldik. Məhkumluğumuz olmadığı üçün
cəmi 15 dəqiqəyə arayışımızı aldıq. Çox əla xidmətdi, hər kəs razılıq edir”.
Saatlı rayonundan
gələn 69 yaşlı Tahir Məmmədov isə evini qızına bağışlamaq üçün mərkəzdəki notariat
xidmətinə müraciət üçün gəlibmiş: "Sizi inandırıram ki, burada olan xidmət bəlkə
də dünyanın heç bir yerində yoxdur. Elə asanlıqla hər şeyi başa salırlar ki, heç
bir çətinlik çəkmirsən. Adam növbə gözləyəndə də rahat olur. Nəsə başa düşməyəndə
gənclər yardım edirlər. Bu da insana xoş təsir bağışlayır. Bir vaxtlar sənədlər almaq üçün neçə-neçə idarə qapılarında
qalırdıq. Günlərlə vaxt itkisi olurdu. İndi sağ olsun dövlətimiz, vətəndaşın qayğısına
qalır. Çox-çox razıyam və mən tək deyiləm, hər kəs bu xidmətdən razıdı”.
12 dövlət orqanı, 320 müxtəlif xidmət
Göründüyü
kimi, yeni Azərbaycan brendi olan "ASAN xidmət” illərdir öz prinsiplərinə sadiq
şəkildə fəaliyyətini davam etdirir. Hazırda ölkədə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət
göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə,
Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il
Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə "ASAN xidmət” mərkəzlərinin istifadəyə
verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.
Həmçinin Prezident
İlham Əliyev 5 aprel 2019-cu il tarixdə Bakı şəhərində iki yeni "ASAN xidmət” mərkəzinin
layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Bu günə kimi
"ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 33 milyondan çoxdur. Bu
ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq
əmsalı 99,4 faiz təşkil edir.
Sabirabad
"ASAN xidmət” mərkəzində şahidi olduğumuz mənzərə, Prezident İlham Əliyevin söylədiyi
kimi, ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. Bu, sadəcə olaraq, vətəndaşlara
rahat xidmət mərkəzi deyil, insanlarda böyük dərəcədə dəyişikliklərə səbəb olan,
nadir ictimai xidmət mərkəzinə çevrilən bir qurumdur. 7 il öncə yaradılarkən vətəndaşlarda
dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması,
əlavə xərclərin və vaxt itkisinin azalması, etik qaydalara, nəzakətli davranışa
əməl edilməsinə nail olunması əsas məqsədlər idi. Əminliklə deyə bilərik ki, agentlik
qısa müddətdə bu məqsədlərə nail ola bilib.
Rəşad BAXŞƏLİYEV,
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”