28 Aprel 2023 09:10
1118
SİYASƏT
A- A+

Şəxsiyyət zirvəsi

 

Bütün tarixi mərhələlərdə xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalırlar. Həyat amalı, nəcib məqsədləri ilə çoxlarından fərqlənən bu kimi şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Yaratdığı irslə ümumən bəşəriyyətin mənəvi nailiyyətlər xəzinəsini daha da zənginləşdirir, həyatının mənasına çevrilən əməlləri ilə mənsub olduğu xalqın başucalığına çevrilirlər. Şəxsiyyəti ilə, təlqin etdiyi dəyərlərlə milyonlarla insan üçün ornəyə çevrilirlər.      
Mənalı həyat yolu, həkimlik fəaliyyəti, elmi uğurları, ən əsası isə fərdi keyfiyyətləri ilə insanlıq mücəssəməsinə çevrilmiş akademik Zərifə Əziz qızı Əliyeva da belə örnək şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır, haqqındakı xoş xatirələr bu dəyərli Azərbaycan qadınının əbədiyyət ömrünə işıq salır. 

 

Şahtaxtıdan başlanan ömür

 

Müdriklərin belə bir sözü var ki, insan öz zəmanəsinin övladıdır. Bu kəlamda böyük həqiqət var. Eyni zamanda zəmanənin çağırışlarını müəyyən edən, inkişaf istiqamətlərinə yön verən, bu proseslərin önündə irəliləyən valideynin övladı olmaq da insana taleyin gözəl bir töhfəsidir. 
Zərifə Əziz qızı Əliyeva da düz bir əsr bundan əvvəl 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində illər sonra xalqımızın ən görkəmli şəxsiyyətlərindən biri kimi şöhrət tapan ictimai-siyasi xadim Əziz Əbdülkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olmuş Əziz Əliyev ictimai məsuliyyətini dərindən dərk edən ziyalı olaraq daim xalqına, dövlətinə ləyaqətlə xidmət etmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdır. Mərhum akademik M.Topçubaşov Əziz Əliyevi təkcə görkəmli tibb xadimi deyil, həm də "cəmiyyəti müalicə edən həkim" hesab edirdi. 
Zərifə xanımın ata-baba yurdu əzəli şəhərimiz olan İrəvanda deyil, Şahtaxtıda dünyaya gəlməsi, ömürlüyündə bu toponimin xüsusi qeyd edilməsi xalqımız üçün kədərli bir tarixlə bağlı olduğundan bu tarixin milli yaddaşımızın sorağı kimi xüsusi xatırlanmasına ehtiyac görürük.   
Erməni daşnaklarının 1918-ci ildə Azərbaycanın başqa bölgələri kimi, İrəvanda da dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırımı nəticəsində Əziz Əliyevin ailəsi də bir çox azərbaycanlı ailəsi kimi sağ qalmaq üçün doğma şəhərdən Şahtaxtıya pənah gətirmişdi. Onda Əziz Əliyev xalqımızın tanınmış messenatlarından olan Hacı Zeynalabdin Tağıyevin ayırdığı təqaüdlə Sankt-Peterburq Tibb Akademiyasında təhsil alırdı. O, həkim olmaq arzusu ilə akademiyada qısa müddətdə zəngin biliklər əldə etmişdi. Amma erməni zülmü planlarını yarımçıq qoymuşdu. Əziz Əliyev İrəvandakı doğma ev-eşiyindən didərgin düşərək əvvəlcə Arazın o tayında, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra isə Naxçıvanın Şahtaxtı kəndində məskunlaşmış ailə üzvlərinin yanında olmaq, onların çoxsaylı qayğılarını həll etmək üçün təhsilini yarımçıq qoyub Sankt-Peterburqdan geri qayıtmaq məcburiyyətində qalmışdı. O ağır günlərdə ailəsinin yanında olmuşdu. Akademiyada qısa müddət ərzində əldə etdiyi ilkin tibbi bilik və bacarıqları ilə həmin çətin vaxtlarda soydaşlarımıza da fayda verməyə çalışmışdı. Bütün keşməkeşlərə, məhrumiyyətlərə baxmayaraq həkimlik xəyalını, gələcəklə bağlı arzularını da yarımçıq qoymamışdı. 

 

Ailə mühiti

 

1923-cü ilin aprelində Zərifə xanımın dünyaya gəlməsi ilə bu ailə üçün yeni bir həyat başlandı. Bakıya köçdülər, Əziz Əliyev burada işə düzəldi, eyni zamanda  arzularını reallaşdırmağa doğru böyük bir addım atdı. 
Cümhuriyyət hökumətinun ən dəyərli yadigarlarından olan Bakı  Dövlət Universiteti onda yenicə yaradılmışdı. Universitetdə o dövrdə ölkə əhalisinə tibbi xidmətin təşkili üçün hava və su kimi zəruri olan Tibb fakültəsi də fəaliyyət göstərirdi. Əziz Əliyev işləyə-işləyə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olundu və ali məktəbi əla qiymətlərlə başa vuraraq çox tezliklə bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi ölkənin ictimai həyatında parlamağa başladı. 
Övladlarını cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirmək, onlara zamanın inkişaf ruhuna uyğun təhsil və tərbiyə vermək ailənin böyüklərinin ən ülvi arzusu idi. Onda sovet cəmiyyəti öz ziyalı elitasını formalaşdırmaqda idi və Əziz Əliyevin ailəsi də bu elitanın ən parlaq təmsilçilərindən sayılırdı. Bu, uşaqların təhsil və tərbiyəsinə göstərilən diqqətdə, ailə ocağındakı mədəni ruhda, maraqlarda, zövqlərdə, sənətə bağlılıqda da özünü hiss etdirirdi. Eyni zamanda bu ailədə ulularımızdan gələn milli-mənəvi dəyərlərimizə böyük hörmət ruhu vardı. 
Əziz müəllimin ömür-gün yoldaşı Leyla xanım Azərbaycan xanımına xas ən gözəl keyfiyyətləri özündə birləşdirmişdi. Övladların tərbiyəsində, ailə ocağının hərarətinin, hüzurunun qorunmasında onun üzərinə çox böyük yük düşürdü. 
Əziz Əliyevin evi o dövrün mədəni mərkəzi timsalında idi. Əziz müəllim zəmanəsinin ən görkəmli şəxsiyyətləri - alimləri, şair və yazıçıları, bəstəkarları ilə ailəvi dostluq edirdi. Böyük şəxsiyyətlər tez-tez bu evdə qonaq olar, müzakirələr aparar, sənət yenilikləri ilə bağlı fikirlərini, ideyalarını bölüşərdilər. Bu görüşlər, söhbətlər, müzakirələr, həmin şəxsiyyətlərin yaratdığı sağlam düşüncə mühiti ailədə böyüyən övladlar üçün dünyanın ən nüfuzlu universitetlərindəkindən də üstün təhsilə bərabər idi.

 

Ağ xalatın işığı

 

Ailədə musiqiyə, ədəbiyyata və başqa mədəni dəyərlərə böyük maraq vardı. Zərifə xanımın peşə seçimi isə fərqli oldu. O, atasının yolunu davam etdirərək həkim olmağa qərar verdi. Orta məktəb illərindən yüksək zəkası, bilik və bacarığı, istedadı ilə fərqlənən Zərifə Əliyeva söhbətlərində həmişə gələcək həyat yolunu düzgün müəyyənləşdirdiyini söyləyirdı.
O, insanlara şəfqət və mərhəmət arzusu ilə həyatını tibb elminə bağlamaq istəyini qətiləşdirərək 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur. Tələbəlik illərində peşəkar həkim kimi yetişməyi qarşıya məqsəd qoyan Zərifə Əliyeva bu istəyinə doğru əzmlə irəliləyir. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşə, yüksək mədəni səviyyəyə malik bir tələbə idi. O, tibbi fənlərlə yanaşı, digər fənlərin də tədrisinə eyni dərəcədə yüksək maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. Bu seçimində, güman ki, İkinci Dünya Müharibəsi zamanı Bakıda yaradılmış hospitallarda gördüklərinin də böyük rolu olmuşdu. Onda ön cəbhədən Bakıda müalicə olunmağa minlərlə yaralı gətirilirdi. Hospitallarda tibbi heyət çatışmırdı. Xəstəxanalardan biri də Əziz müəllimin evinin yaxınlığında idi. Zərifə xanım dərsdən sonra rəfiqələri ilə hospitala gedər, fədakarlıqla çalışan tibb işçilərinə bacardığı köməyi göstərməyə çalışar, yaralılara mənəvi dəstək olar, onlar üçün evlərinə məktublar yazardı. Bir tərəfdən, Əziz müəllimin o dövrün ən aparıcı səhiyyə təşkilatçılarından biri kimi önəmli rolundan, fədakar əməyindən, digər tərəfdən də xəstəxanalarda gecə-gündüz bilmədən çalışan tibb işçilərinin gərgin fəaliyyətindən həkimlik sənətinə Zərifə xanımda çox böyük sevgi yaranmışdı.       
Ağxalatlı həkimlər ona xilasedici mələklər kimi görünürdülər. Ağ xalatın rənginin, işığının onun xəyallarında özünəməxsus əsrarı vardı.

 

Elmə doğru

 

O, istəyinə doğru addım-addım irəliləyirdi. Tələbə elmi toplantılarında çıxışları, sərbəst mülahizə irəli sürmək istedadı, yeni ideyalar üzərində düşünmək əzmi, dəyərli nəticələr çıxararaq tanınmış alimlərlə fikir mübadiləsi aparmaq qabiliyyəti, mənbələrlə işləmək istedadı, dərin müşahidələri onda hələ ali məktəbdə oxuduğu illərdən zəruri elmi vərdişlər formalaşdırmışdı. Zərifə xanım musiqi marağını da diqqətdən kənarda qoymamışdı. İmkan düşdükcə, pianoda ifa vərdişlərini inkişaf etdirir, musiqi istedadı ilə dinləyicilərdə heyranlıq yaradırdı. 
Tələbəlik illərinin sonlarına doğru artıq ixtisas seçimini etmişdi. Göz həkimi olmağa qərar vermişdi. Onu bu qərara sövq edən böyük sosial-mənəvi tələbat idi. Həmin dövrdə traxoma infeksiyon xəstəliyi Azərbaycanda və eləcə də dünyanın bir çox ölkəsində böyük bəla kimi yayılmışdı. Minlərlə insan bu xəstəliyə tutulub düzgün müalicə almaması səbəbindən dünya işığına həsrət qalmışdı. Düzgün müalicə isə ona görə mümkün olmurdu ki, həmin dövrlərdə traxomaya qarşı effektiv vasitələr, təsirli müalicə üsulları hələ tapılmamışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə mübarizə məsələsi təkcə oftalmologiya elminin deyil, bütövlükdə, respublika səhiyyəsinin qarşısında vacib problem kimi dururdu. 
Zərifə xanım da bu problem barədə məlumatlı idi və tibb təhsilinin qazandırdığı bütün bilik və bacarıqlarını səfərbərliyə alaraq insanları bu bəladan xilas etməyin yolları barədə düşünürdü. O, fərqində idi ki, öz məqsədinə oftalmologiya üzrə daha geniş biliklərə yiyələnməklə, bu problemi ən xırda incəliklərinə qədər araşdırmaqla nail ola bilər. O dövrdə Moskvada oftalmologiya sahəsində kifayət qədər güclü məktəb formalaşırdı. Gənc həkim təhsilini davam etdirmək üçün Moskvaya getməyə qərar verdi. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-oftalmoloq ixtisasına mükəmməl şəkildə yiyələndi. Moskva dövrü gənc mütəxəssis üçün yeni bir aləm oldu. Müharibədən sonra insanlarda daha böyük həyat eşqi vardı. Hər yanda tikinti, bərpa və quruculuq işləri gedirdi. Ən başlıcası, insanlar arasında səmimiyyət, sabaha inam və ümid var idi. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Bir də göz cərrahiyyəsinin sürətli inkişafı onun nəzərindən yayınmadı. Müharibə tibbin cərrahiyyə sahəsinə böyük təkan vermişdi, ağlasığmaz əməliyyatlar həyata keçirilirdi. Professorlardan biri demişdi ki, cərrahiyyə müharibələrdən doğmadır. Həqiqətən, müharibədən sonra tibbin, xüsusilə cərrahiyyənin misilsiz inkişafı bunun əyani təsdiqi idi.
Zərifə xanım Moskvada iki il yaşadı, elmi işçi kimi püxtələşdi. Özünə elmi mühitdə çoxlu dostlar tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək elmi tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular, onun barəsində məqalələr və səmimiyyət dolu xatirələr yazdılar. Məhz Moskvada Zərifə xanım həyatın və elmin çətin yoluna çıxdı. Bu, böyük həyat və fasiləsiz yüksəliş yolu idi.
1949-cu ildə Bakıya qayıdanda Zərifə Əliyeva artıq yüksəkixtisaslı göz həkimi idi. Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə aspiranturaya daxil oldu. O, praktik həkimlik fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da apardı. Elmi fəaliyyətinin ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr etdi. 

 

Sosial bəla ilə mübarizə

 

Həmin dövrdə Zərifə xanım həm elmi araşdırmalarını müntəzəm şəkildə davam etdirir, həm praktik həkimlik fəaliyyəti ilə məşğul olaraq bu xəstəliyə tutulmuş insanların müalicəsinə kömək göstərir, həm də həkim briqadaları ilə infeksiyanın xüsusilə geniş yayıldığı rayonlarımıza gedərək, həkim-oftalmoloqlara, indiki dildə desək, təlimlər keçir, eyni zamanda əhali ilə bu xəstəlikdən qorunmaq üçün  maarifləndirici iş aparırdı. Təbii ki, həmin illərdə insanları bu ağır bəladan və onun fəsadlarından qorumaq üçün maarifləndirmənin rolu çox böyük idi. 
Rayonlarda keçirilən bu tədbirlər zamanı Zərifə xanım müşahidə edirdi ki, həmin dövrdə respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatların aparılmasına, bu xəstəliklərin effektli müalicə üsullarının, profilaktika tədbirlərinin işlənib  hazırlanmasına çox ciddi tələbat var. O, elmi fəaliyyətində bu istiqamətlərə də xüsusi yer ayırırdı. 
Gərgin elmi fəaliyyətinin, eləcə də həkim kimi gündəlik təcrübədə apardığı müşahidələrin və tətbiq etdiyi müalicə metodlarının nəticəsi kimi Zərifə xanım Əliyeva traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirməyə başladı. Traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən sintomisindən istifadə etməklə uğurlu nəticələr əldə etdi. Bununla minlərlə xəstənin gözlərinə şəfa verdi və digər həkim həmkarlarının da effektiv fəaliyyətinə yol açdı.  Dəyərli elmi kəşflərdən sayılan bu üsulun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yarandı, xəstəliyin yayılmasının qarşısı alındı, bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxardı. Beləliklə, Zərifə xanımın fədakar əməyi sayəsində həyata keçirilən tibbi tədbirlər insanların dünya işığından məhrum qalmalarının, iş qabiliyyətini itirmələrinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşmələrinin qarşısını aldı. Yalnız bundan sonra gənc alim 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda dissertasiya işini uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi aldı. Onun təklif etdiyi müalicə metodundan tezliklə bütün ittifaq məkanında istifadə edərək parlaq nəticələrə nail olmağa başladılar. Təsadüfi deyil ki, dünya oftalmologiyasında traxomanın sosial xəstəlik kimi ləğvində Zərifə Əliyevanın tarixi xidmətləri bu gün də böyük ehtiramla xatırlanır.

 

Yeni istiqamətlər

 

Böyük alim öz elmi fəaliyyətini təkcə bir istiqamətlə məhdudlaşdırmırdı. Traxoma ilə yanaşı, o dövrdə insanların daha bir bəlası olan və tibb elmini ciddi narahat edən qlaukoma xəstəliyinin öyrənilməsi də Zərifə xanımı maraqlandırırdı. O, həmin xəstəliklə mübarizə sahəsində də tədqiqatlar aparır, nəticələrini elmi nəşrlərdə dərc etdirir, klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün əhəmiyyətli elmi resurslar yaradırdı.  
O dövrdə oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahələrindən biri də görmə orqanının peşə patologiyası ilə bağlı idi. Sənayeləşmə genişləndikcə, xüsusilə kimya və elektronika sahəsində yaradılan müəssisələrin və bu müəssisələrə cəlb edilən işçilərin sayı artdıqca bu problemin aktuallığı da güclənirdi. Bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin ona qədər elmi şəkildə tədqiq olunmaması bu müəssisələrin əməkdaşları üçün ciddi problemlər yaradırdı. Onlar çalışdıqları məkanlarda peşə ilə bağlı müxtəlif göz xəstəlikləri "qazanırdılar". Problemin fundamental şəkildə tədqiqi, real həllərin ortaya qoyulması son dərəcə vacib idi. 1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə bu problemlə məşğul olmağa başladı. Peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin tədqiqini fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirdi. Xüsusilə yod sənayesi, neft-kimya müəssisələrində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərin öyrənilməsi və müvafiq həll yollarının tapılması onun maraq dairəsində idi. 
Problemin aktuallığını o, daha çox praktik həkimlik fəaliyyəti zamanı üzə çıxarmışdı. Müxtəlif göz xəstəliklərinin müalicəsi üçün müraciət edən şəxslərin əhəmiyyətli hissəsinin müvafiq sənaye müəssisələrində çalışan insanlardan ibarət olması Zərifə xanıma çox maraqlı gəlir, o, həmin insanları birləşdirən müxtəlif amillər arasında paralellər aparırdı. Problem üzərində işləməyə başlayarkən alim özü bilavasitə sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri müayinədən keçirirdi. Bununla yanaşı, Bakı və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar artıq ilk mühüm nəticələrini verirdi. Alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarmağı bacarmışdı. Səbəblərin, qanunauyğunluqların tapılması onların aradan qaldırılması üçün effektiv həllərə doğru açılan yol demək idi. Görkəmli alimin müəyyən etdiyi yolla oftalmologiya elmi qısa müddət ərzində gözün peşə xəstəlikləri ilə bağlı da bir sıra mühüm nəticələr ortaya qoydu. 

 

Elm təşkilatçısı

 

Zərifə xanım Əliyeva həm də bacarıqlı elm təşkilatçısı idi. 1960-1967-ci illərdə o, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışırdı. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur, əldə etdiyi bilik və bacarıqları gənc həkim nəslinə ötürürdü. 1967-ci ildən o, fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında davam etdirməyə başladı. Əvvəlcə kafedranın dosenti, professoru, daha sonra müdiri vəzifəsində çalışdı. Həkimlərin diplomdan sonrakı hazırlıqlarının tələblərə uyğun şəkildə aparılmasına əlverişli şəraitin yaradılması, kafedranın fəaliyyətinin dövrün tələblərinə uyğun qurulması Zərifə xanım Əliyevanın institutun fəaliyyətinə verdiyi ciddi töhfələrdir. 
Görkəmli alim ölkənin müxtəlif bölgələrində çalışan həkimlərə mühazirələr oxuyur, biliklərini onlarla bölüşür, tibbin əhəmiyyətli sahələrindən olan oftalmologiyadakı yeniliklər barədə məlumatlandırır, gənc həkimlərin praktik bacarıqlara, müasir tibbi cihazlardan gündəlik təcrübədə istifadə vərdişlərinə yiyələnmələrinə kömək göstərirdi. Zərifə xanım paralel olaraq cərrahiyyə əməliyyatları aparır, xəstələrə faydalı məsləhətlərini əsirgəmir, ümumən ölkədə oftalmologiya sahəsində aparılan işlərə töhfə verməyə çalışırdı.
Çoxillik müşahidələrinin, klinik tədqiqatlarının və eksperimentlərin nəticələrini o, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirdi. 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri doktoru elmi adına layiq görüldü. 
1977-ci ildə onun təşəbbüsü ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsi böyük alimin oftalmologiya elminin qlobal problemlərinin həllinə, bu istiqamətdə imkanların bir araya gətirilməsinə mühüm töhfələrindəndir. Azərbaycanın evsahibliyi etdiyi bu tədbir çox böyük uğurla keçmiş, bütün ittifaq miqyasında maraq doğurmuşdu. Bu faktın özü də Zərifə xanımın nə qədər yüksək təşkilatçılıq bacarığına malik olduğunu, bəşəriyyət üçün faydalı işlər görməyə çalışdığını, bu yöndə gərgin zəhmətini əsirgəmədiyini göstərir.  
Həmin plenumda Zərifə xanımın Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirildi və bu təşəbbüsün reallaşdırılmasına doğru addımlar atıldı. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görkəmli alimın rəhbərliyi ilə belə bir laboratoriya yaradıldı. Bu laboratoriya az intensivli zərərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar ortaya qoydu. 

 

Elmi məktəbini yaratmış alim

 

Akademik Zərifə xanım Əliyeva öz elmi məktəbini yaratmış alimdir. Onun uzunmüddətli araşdırmalar əsasında ərsəyə gətirdiyi dərsliklər, elmi monoqrafiyalar bu gün də həm Azərbaycanda, həm də dünyada zəngin bilik resursları kimi oftalmoloqlara böyük fayda verir. 
Təsadüfi deyil ki, 1980-ci ildə Zərifə xanım Əliyeva elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanması sahəsindəki fəaliyyətinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1981-ci ildə isə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyasına görə ona oftalmologiya sahəsində ən yüksək mükafat - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı təqdim edilmişdir. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur alim-oftalmoloqlar alırdılar. Azərbaycan aliminin belə nüfuzlu mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratdı. Moskvadan alınan xəbər Zərifə xanımın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, respublika səhiyyəsinin yollarını nura qərq etdi. Bir faktı da qeyd edək ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın alim-oftalmoloq idi. 1983-cü ildə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 
İctimai həyatda da Zərifə xanım kifayət qədər fəal idi. Keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin, keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətində təmsil olunurdu. 
Həkim adı Zərifə xanım Əliyeva üçün müqəddəs bir dəyər idi. O, özü sənətinin şərəfini daim uca tutur və bunu həkimlik peşəsinə könül vermiş bütün həmkarlarına da tövsiyə edirdi. Bu baxımdan alimin qələmə aldığı "Yüksək etimad" kitabı gənc həkimlərin təlim-tərbiyəsi, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsi və həlli üçün hər zaman öz elmi-mənəvi dəyərini qoruyan xəzinədir. 
Əslində, bu kitab təkcə həkimlərin deyil, bütün insanların oxuyub əməl etməli olduqları bələdçidir. Həyatda uğur qazanmaq istəyən, başqalarının yaddaşında yaxşı bir insan kimi xatırlanmaq arzusunda olan hər kəs yüksək mənəvi dəyərlərə sadiq qalmalıdır. "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam". Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı haqqında həzin düşüncələrindən bir yarpaqdır. Bu kəlmələrdə gərgin elmi-pedaqoji fəaliyyətinə, gündəlik həkimlik işinə, ictimai roluna rəğmən eyni zamanda Zərifə xanımın vəfalı, qayğıkeş ömür-gün yoldaşı, cəmiyyətimiz üçün layiqli övladlar böyütmüş ana kimi də nurlu abidəsi ucalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən sevgisi, milli-mənəvi dəyərlərimizə bağlılığı, yüksək insani keyfiyyətləri həm də onu dünyaya gətirmiş anadan, böyüdüyü 
ailə ocağının işığından gəlir. 
***
Akademik Zərifə xanım Əliyevanın dünyamızın, insanlarımızın gələcəyi ilə bağlı arzuları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin zəmanəmizin ən parlaq lideri kimi gördüyü işlərdə reallaşır, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial-humanitar layihələrin uğurlarında öz ifadəsini tapır.
Zərifə xanım Əliyeva zirvəyə yüksəlmiş görkəmli elm xadimlərindəndir və aradan keçən zaman belə şəxsiyyətlərin ucalığını daha aydın göstərir.

Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video