Ümummilli Lider Heydər Əliyev informasiya və media siyasətinin dövlətçilikdəki rolunu nəzərə alaraq xüsusi ilə qeyd etmişdir ki, “Azərbaycanda mətbuat azaddır, azad da olacaq. Amma bu azadlıq dövlətin təhlükəsizliyinə, milli maraqlarına zidd olmamalıdır.”
Bu gün yaşadığımız əsri informasiya əsri adlandırırlar. Ancaq bu gün informasiya – təkcə bir sahə deyil, eyni zamanda qlobal qarşıdurmaların təməlinə çevrilib. Onun rolu yalnız cəmiyyətləri məlumatlandırmaqla bitmir – informasiya artıq ictimai rəyə təsir etmək, dövlətləri sabitlikdən çıxarmaq, hətta rejimləri dəyişdirmək üçün istifadə olunan bir silaha çevrilib.
Bunu biz 2010-2012-ci illər Ərəb Baharının inqilablar zamanı gördük. Tunisdən Misirə, Liviyadan Suriyaya qədər yayılan bu siyasi zəlzələ hökumətləri devirməyə yönəlmiş çağırışlar, videolar, saxta məlumatlar, dezinformasiya – hamısı hibrid müharibənin informasiya modeli oldu.
COVID-19 pandemiyası dövründə Dünya Səhiyyə Təşkilatı bu dövrdə təkcə “pandemiya” deyil, eyni zamanda “informasiya pandemiyası” yaşandığını elan etdi. İnsanların davranışı, vaksinasiya prosesləri, dövlətlərə inam – hamısı yayılan informasiyadan asılı hala gəldi.
Bütün bu misallar göstərir ki, informasiya – yalnız söz və ya xəbər deyil, strateji bir resursdur. Əgər bu resurs nəzarətsiz olarsa, o zaman:
- Cəmiyyətin ictimai rəyini dəyişə və yönləndirilə bilər,
- Gənclərimiz yad ideologiyaların təbliğatına məruz qoya bilər,
- Dövlətə və onun orqanlarına inamı sarsıda bilər və sair.
44 günlük Vətən müharibəsində bu reallığı biz birbaşa yaşadıq. Xarici KİV-lərin Azərbaycan əleyhinə apardığı qərəzli kampaniyalar, təhrif edilmiş xəbərlər və birtərəfli təhlillər əslində informasiya silahının necə işə salındığını bütün çılğınlığı ilə bizə göstərdi. Lakin Azərbaycanın Prezidenti cənab İlham Əliyevin verdiyi canlı müsahibələr, jurnalistlərin qarşısında faktlarla danışması, diplomatik əsaslı informasiya təqdim etməsi “informasiya qarşıdurmasında qalibiyyətin nümunəsi” oldu.
Bu səbəbdən Milli Məclisin iyulun 4-də keçirilən plenar iclasında təqdim olunan və birinci oxunuşdan keçən Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təkcə media üçün deyil, bütövlükdə dövlətin strateji davamlılığı üçün zəruri bir sənəddir.
Nəzarətsiz informasiya – nəzarətsiz güc deməkdir. Qanun isə bu gücü hüquqla balanslaşdırmağın yeganə yoludur.
Unutmamalıyıq ki, Mediaya nəzarət edən eyni zamanda ideoloji sərhədləri müəyyənləşdirir. Belə bir dövrdə hər bir müstəqil dövlət informasiya məkanını qorumağa borcludur. Bu, yalnız medianı tənzimləmək deyil – bu, milli sərhədlərimizin qorunması qədər ciddi məsələdir.
Düşünürəm ki, medianın yaratdığı ictimai fikri düzgün şəkildə yönəltmək və tənzimləmək də bizim məsuliyyətimizdədir.
Məhəmməd Füzuli deyirdi: “Söz vardır kəsdirər başı, söz vardır kəsər savaşı.” Biz bu qanunla sözü savaşa çevirmək istəyənləri deyil, savaşı sözlə dayandırmaq istəyənləri qoruyuruq.
Bu qanun layihəsi Azərbaycanın hüquq suverenliyinə, informasiya təhlükəsizliyinə və strateji gələcəyinə xidmət edir.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri