Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Məclis iştirakçıları Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məclisi giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, Prezident İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi əhəmiyyət verir.
Konfederasiya sədri deyib ki, DİM-in həyata keçirilməsində sülhün və əmin-amanlığın müstəsna rolu var. “Məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması prosesi artıq başlayıb. Şərqi Zəngəzurda və Qarabağda açılacaq iş yerlərində məşğul əhalinin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışacağıq. Azad olunmuş ərazilərimizdə işğaldan əvvəl fəaliyyət göstərən pansionat, sanatoriya və istirahət mərkəzlərinin, idman qurğu və müəssisələrinin bərpası da bizim gələcək işlərimizin siyahısındadır”.
Məclisdə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hüseyn Kərimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov və Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışıblar.
Sonra Məclisin gündəliyində olan məsələlər - “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu”, “AHİK-in Nizamnaməsinə əlavə və dəyişikliklər haqqında” və təşkilati məsələlər və sair barədə müvafiq qərarlar qəbul olunub.
Sonda S.Möhbalıyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, 2022-ci ildə ölkəmizin qazandığı uğurlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür minnətdarlığını bildirib.