Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın ilk qadın təyyarəçisi
Şəhər dərd-ələm içindəydi. Evləri, küçələri doğma sakinlərinin qanına boyanmışdı. Erməni daşnakları bu qədim şəhərin tarixinin ən dəhşətli faciələrindən birini - 1918-ci il mart soyqırımını törətmişdilər. Sağ qalan azərbaycanlılar işgəncələrlə qətlə yetirilmiş qohum-əqrəbalarına, həmşəhərlilərinə yas tuta bilmirdilər. Erməni daşnaklarının zülmləri bitməmişdi. Baş götürüb gizlicə bu şəhərdən qaçmaqdan başqa çarələri qalmamışdı.
Doqquz yaşlı Leyla atasına qısılıb Bakının qanlı küçələri ilə addımlayırdı. Qorxu, təlaş balaca qızın da bütün vücudunu sarmışdı. Leyla 1909-cu il sentyabrın 17-də dünyaya göz açdığı bu şəhərdən ilk dəfə ayrılırdı. Həştərxana pənah aparırdılar...
Yaddan çıxmayan xatirələr
Getdikləri şəhərdə də onları dinclik gözləmirdi. İnqilab dalğası Həştərxanı da bürümüşdü. Leylanın atası Ələsgər Zeynalov inqilabçı idi. O, siyasi mübarizədə fəallıq göstərənlərin çoxunu tanıyırdı. Dostlarından biri də Nəriman Nərimanov idi. Həştərxanda eyni evdə yaşayırdılar. Nərimanov birinci, Ələsgər isə ailəsi ilə birlikdə ikinci mərtəbədə qalırdı.
Ələsgər Zeynalovun istəkli qızı bir gün əlini sinəsinə aparıb şikayətləndi: "Ata, ağrıyır..." Ələsgər uşağı ixtisasca həkim olan dostunun yanına göndərdi: "Get Nəriman əmi sənə baxsın" dedi. Leyla Nərimanovun yanına qaçdı. O, qızdan soruşdu: "Ağrı hardadır?" Leyla əlini köksündə gəzdirə-gəzdirə: "Burdadır, burdadır..." dedi. Nəriman Nərimanov qızın ərköyünlüyünə gülümsədi: "Yaxşı, nə vaxt bir yerində ağrı olsa, onda gələrsən".
Həştərxanda jandarmlar tez-tez şübhələndikləri evlərdə yoxlamalar keçirirdilər. Qəfil döyülən qapı səslərinə alışa bilmirdilər. Ona görə də yenə səksəndilər. Ancaq jandarmların gələcəyindən duyuq düşən inqilabçılar qadağan olunmuş kitabları, sənədləri dövrə vurub əyləşmiş qadınların paltarlarının uzun ətəklərinin altında gizlətmişdilər. Adətən jandarmlar qadınlara yaxınlaşmırdılar. Yenə otağa daxil oldular, qadınları görüb, çıxıb getdilər. Bununla da qadınlar inqilabçı ərlərini həbsdən xilas etdilər.
Artıq on yaşına çatmış Leyla da inqilabçıların köməkçisi idi. Şəhərdə barrikadalar qurulmuşdu. Leyla bütün günü ora-bura vurnuxurdu. Uşaq olduğundan jandarmların diqqətini cəlb etmirdi. Ona görə inqilabçılar məktublarını, sənədlərini ona verib, lazımi ünvanlara göndərirdilər.
Həştərxanda da günləri həyəcan içində keçirdi. Ancaq Bakıdan ayrılarkən gördüyü ürəkdağlayan mənzərələr gözlərinin önündən çəkilmirdi. Sonralar nə zaman ömrünün ilk çağlarını yada salsa da, erməni daşnaklarının Bakıda türklərə qənim kəsildikləri o faciəli günləri xatırlayacaqdı...
Bu qırğınlara, qovğalara qədər o, çox xoşbəxt uşaqlıq yaşayırdı. Ata-anasının tək övladı idi. Amma Leylanı əzizləyən yalnız valideynləri deyildi. Ona bu dünyadan gənc yaşında, nakam köçmüş bibisinin adı verilmişdi. Atasının da, üç əmisinin də sevimlisi idi Leyla.
1920-ci ildə Leylagil Bakıya qayıtdılar. On iki-on üç yaşlarında anasını itirdi. Anasının vəfatından sonra atası, əmiləri "qəlbi qırıqdı" deyib Leylaya daha çox qayğı, nəvaziş göstərdilər. İllər sonra Ələsgər Zeynalov yenidən evləndi. 1935-ci ildə bir oğlu da oldu.
Leyla onda artıq ailə qurmuşdu. Onu 1922-ci ildə, on dörd yaşı tamam olmamış əslən Kürdəxanıdan olan on doqquz yaşlı Bəhram Məmmədbəyova verdilər. Leyla Zeynalova soyadını ailə qurduqdan sonra dəyişdi, Məmmədbəyova oldu. İlk uşağı dünyaya gələndə Leylanın on altı yaşı vardı.
Bəhram Məmmədbəyov həm fəhlə işləyir, həm də təhsil alırdı. O, evliliklərinin ilk vaxtlarından Leylanı da oxumağa, işləməyə, ictimai həyatda fəal olmağa həvəsləndirirdi. Leyla Əbilov adına kluba getdi, orada təhsil almağa başladı.
İllər keçdikcə böyük hörmət qazanan, müxtəlif vəzifələrdə çalışan Bəhram Məmmədbəyov 1927-ci ildə Kommunist Partiyasının sıralarına daxil oldu. 1928-ci il idi. Kommunistlərə tapşırdılar ki, növbəti iclasa həyat yoldaşlarını da gətirsinlər. Bəhram Məmmədbəyov Leyla ilə birlikdə getdi. O vaxtlar çadrasını atan qadınların siyahısını tuturdular. İclas zalında çağırış etdilər. On doqquz yaşlı Leyla Məmmədbəyova çadrasını başından açsa da, atmadı. Qoltuğuna vurub evə gətirdi.
Mavi səma ilə birinci görüş...
Bakının ortasında qadınlar çadrasını açdığına, çalışdığına görə ailəsindəki kişilər tərəfindən qətlə yetirilirdi. Leylanın isə taleyi üzünə gülmüşdü... Həyat yoldaşı Dəvəçidə işlədiyi günlərdə də ona yazırdı: "Get işlə". Elə Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də o vaxtlar xəbər tutdu...
Bəhram Məmmədbəyov qapını açanda qarşısında kişi hərbi geyimində birini gördü. Əvvəl tanımadı. Sonra gülə-gülə dedi: "Afərin sənə, uç!"
Leyla Məmmədbəyova təyyarəçilər məktəbinə daxil olan 22 nəfərdən biri, həm də yeganə qadın idi. 1931-ci ildə ilk uçuşu oldu. O gün Bakı aero-klubunun kursantları uçuş meydanında sıralandılar. Bir neçə dəqiqə sonra Leyla artıq "U-1" təyyarəsində təcrübəli təlimatçı ilə birlikdə havaya qalxdı. İlk uçuşu uğurla başa vurdu. Həyəcan və sevinc içindəydi. Onu təbrik edir, tərifləyirdilər.
Hazırlıq üçün Moskvaya göndəriləndə Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırova "Uşağım balacadır" dedi. Bağırov dayə veriləcəyini söylədi. Belə də oldu.
1932-ci ildə Leyla Məmmədbəyova Moskvaya oxumağa getdi. Gərgin təhsil, təlim və uçuş günləri bir-birini əvəz edirdi. Leyla Məmmədbəyova tanınmış təyyarəçilərlə tanış oldu. "U-2" təyyarəsini idarə etməyi öyrəndi.
Ona xüsusi gözəllik verən uzun hörükləri vardı. Moskvada Tuşino aerodromunda təcrübə keçdiyi günlərdə Leylaya "Əsasnaməyə görə, təyyarəçi hörük gəzdirə bilməz" söylədilər. O, məsləhətləşmək üçün evə getdi. Bu xəbəri eşidəndə həyat yoldaşının da qanı qaraldı. Ancaq Leyla hörüklərini kəsdirəndən sonra ona diqqətlə baxıb dedi: "Pis deyil".
1933-cü ildə aerodroma paraşütlər gətirilməsi əsl yenilik oldu. Leylanın sevincinin hədd-hüdudu yox idi. Həyat yoldaşı heç vaxt onun arzularına qarşı çıxmaz, əksinə, onu yeniliklərə ruhlandırardı. Ancaq paraşütdən tullanacağını deyəndə Leyla ilə ciddi mübahisə etdi, qışqırdı: "Bəsdir, uşaqları fikirləş".
Leyla hər dəfə təyyarədə uçanda həyat yoldaşı narahatlıq keçirir, nigaran qalırdı. Paraşüt məsələsi isə onu əməlli-başlı hövsələdən çıxartmışdı: "Sənə dedim, get oxu, işlə. Demədim ki, get göyə çıx. Gül kimi saçların vardı, onları da kəsib atdın, dillənmədim. İndi də paraşütdən tullanmaq istəyirsən. Birdən paraşüt açılmadı, göydən gəlib düşdün yerə..."
Həyat yoldaşını yaxşı başa düşürdü. Odur ki, dillənmədi. Amma qərarından da dönmədi. 1933-cü il martın 17-də SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən "PT-1" paraşütlə tullandı. Ona qədər Sovet İttifaqında 84 paraşütçü olmuşdu. Onların yalnız biri qadın idi. Təlimçi-pilot Leyla Məmmədbəyova Nina Kamnevadan sonra Sovet İttifaqında ikinci qadın paraşütçü oldu.
Böyük arzularla geri döndü. Ancaq tezliklə qanı qaraldı. Ona dedilər ki, sənə təyyarə verilməyəcək, get kitabxanada müdir ol. Etirazını Mir Cəfər Bağırova da bildirdi: "Mən iki uşağı burda qoydum, soyuqda getdim Moskvada oxudum, indi deyirlər, kitabxana müdiri olacaqsan". Bağırov onu dinlədikdən sonra "Yaxşı get" dedi. Məsələ bununla da həll olundu. Leyla Məmmədbəyovaya dərhal təyyarə verildi. İşə başladı.
O, bu işləri Bakıda hələ də qadınların çadranı atmasına, çalışmasına, ictimai işlərə qoşulmasına ailələrdə qadağalar qoyulduğu vaxtda edirdi. 1933-cü ilin yanvarında Əli Bayramov adına qadın klubunun ən fəal üzvlərindən biri, tikiş sexinin işçisi Səriyyə Xəlilovanın atası və qardaşı tərəfindən qətlə yetirilməsi çoxlarını sarsıtmışdı. Rejissor Mikayıl Mikayılov 1934-cü ildə iki gənc qadının - Leyla Məmmədbəyova və Səriyyə Xəlilovanın həyatından bəhs edən film çəkdi. "İsmət" adlı filmdə rejissor ümumiləşdirmə apararaq Azərbaycan qadınlarının taleyini əks etdirirdi.
1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülərin yarışında Leyla Məmmədbəyova birinci yeri tutdu. 1935-ci ildə - Sovet Azərbaycanının 15 illiyində respublika nümayəndə heyətinin tərkibində Moskvaya getdi. Sovet Sosialist Respublikaları İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin (SSRİ MİK) sədri Mixail Kalinin ona "Şərəf nişanı" ordenini təqdim edəndə "Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm" dedi.
Son uçuş...
1930-cu illərin sonlarında Sovet hakimiyyətinin repressiya siyasəti Leyla Məmmədbəyovanı təlaşa saldı. Onun həyat yoldaşı Tiflisdə təhsil almış, sonralar müxtəlif yerlərdə bank müdiri vəzifəsində işləmişdi. 1937-ci ildə Bəhram Məmmədbəyovun partiya biletini aldılar. Bu, o vaxtlar çox ağır cəza idi. Partiya bileti alınanların sonu faciə ilə bitirdi. Bəhram dərhal Bağırovun qəbuluna getdi. Həmin vaxt evinə rayon partiya komitəsindən gəldilər. Leyla Məmmədbəyova onların "Ərin hanı?" sualına "Bağırovun qəbuluna getdi" cavabını verdi.
Bəhram Məmmədbəyovun partiya bileti alınandan sonra nə qohumlar, nə tanışlar qorxudan gözə görünmədilər. Leyla küçə ilə gedəndə yollarını dəyişir, səkinin o biri tərəfinə keçirdilər. Onları qınamırdı. Çox çətin dövr idi...
Leyla Məmmədbəyovanın atası fəhlə işləyirdi. Ələsgər Zeynalovun böyük vəzifəsi olmasa da, bir vaxtlar siyasi mübarizədə yoldaş olduqları insanlar hakimiyyətdə idilər və ona hörmət bəsləyirdilər. Mir Cəfər Bağırovla da Ələsgər Zeynalov köhnənin tanışları idilər.
...Mir Cəfər Bağırov Ələsgər Zeynalovun kürəkənini gecə saat 3-də qəbul etdi. Gəlişinin səbəbini soruşdu. Bəhram Məmmədbəyov:
- Məni partiyadan çıxarıblar, - dedi. - Məni düşmən sayırlar.
Bağırov soruşdu:
- Kim?
- Rayonun birinci katibi.
- Get evə.
Bəhram Məmmədbəyov evinə qayıtdı. Səhəri gün partiya biletini qaytardılar. O, Bağırovun qayınatasına hörməti sayəsində təhlükəli illərdən sağ-salamat qurtuldu.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda artıq aviasiya mayoru olan Leyla Məmmədbəyova dörd uşaq anası idi. Kiçik qızı elə həmin il dünyaya gəlmişdi. Leyla Məmmədbəyovanın müharibədə iştirakından uşaqları balaca olduğuna görə imtina edildi.
Bakı aeroklubu bağlandı. Leyla Məmmədbəyova yenə Mir Cəfər Bağırovun qəbuluna getdi. Ona işsiz qaldığını söylədi. Planer-paraşüt klubunun açılmasına nail oldu. Bakı aero-klubunda müəllim işləməyə başladı. Müharibə illərində yüzlərlə desant və dörd min paraşütçü hazırlayaraq cəbhəyə yolladı. Tələbələrinin ikisi - Adil Quliyev və Nikolay Şeverdyayev Sovet İttifaqı Qəhrəmanı oldu. İlk azərbaycanlı hərbi təyyarəçi qadın - Züleyxa Seyidməmmədova Leyla Məmmədbəyovadan ilham alaraq bu sənəti seçdi.
Ayağı xəstə olduğuna görə Bəhram Məmmədbəyov da müharibədə iştirak edə bilmədi. Onların böyük oğlu, on səkkiz yaşlı Firudbəy cəbhəyə getdi. Sonbeşikləri Xanlar isə illər sonra, qırx beş yaşında Birinci Qarabağ müharibəsində döyüşdü...
Leyla Məmmədbəyovanın müharibə dövründə və müharibədən sonrakı illərdə aldığı mükafatları arasında "Analıq medalı" da vardı. Buna altı uşaq böyüdüb tərbiyə etdiyinə görə layiq görüldü. Onun on uşağından dördü kiçik yaşlarında vəfat etdi. Altı uşağına - Firudbəy, Rüstəm, Elmira, Zemfira, Vaqif və Xanlara uzun ömür yaşamaq nəsib oldu.
Bəhram Məmmədbəyov insult keçirib, əlli iki yaşında dünyasını dəyişdi. Onda övladlarından dördü balacaydı. Xanların üç yaşı vardı. Ondan böyüklər səkkiz, on bir və on üç yaşlarındaydılar. Bəhramdan sonra evdə qulluqçuları da olmadı. Leyla Məmmədbəyova hər işi özü görürdü. Uşaqları ona kömək edirdilər. Övladlarından üçü gecə məktəbində oxuyurdu. On altı yaşından işləməyə gedirdilər.
Son uçuşu 1949-cu ildə oldu. Leyla Məmmədbəyova iyirmi il qulluq edəndən sonra təyyarəçi kimi təqaüdə çıxdı. Səmadan ayrılmaq onun üçün çətin idi. Amma həkimlər səhhəti üçün narahatlıqlarını bildirirdilər.
Ürəyindən şikayətlənirdi. Müayinə edən həkim ürəyində problem olmadığını bildirdi. Müalicə edildikdən sonra yavaş-yavaş sağaldı. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (ozamankı DOSAAF) Bakı komitəsinin sədr müavini işlədi. 1961-ci ildə təqaüdə çıxanda ilk qadın təyyarəçimizin qarşısına şərt qoyuldu. Leyla Məmmədbəyova həm təyyarəçi kimi məvacib, həm də çoxuşaqlı ana kimi təqaüd alırdı. Mülki təqaüdə göndəriləndə dedilər ki, bunlardan biri olmalıdır. O vaxt aldığı pul lap azaldı, 60 rubl oldu. Onda sonbeşiyinin on iki yaşı var idi. Ailə vəziyyətləri çətin olduğundan Leyla Məmmədbəyovanın uşaqlarından təkcə Xanlar orta məktəbi bitirə bildi.
Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda, səksən yaşı tamam olmamış dünyasını dəyişdi. Bütün SSRİ-də məşhur olan, adına şeirlər yazılan, film çəkilən ilk qadın təyyarəçimiz haqqında qəzetlərdə nekroloq belə dərc olunmasa da, Leyla Məmmədbəyovanın adı Azərbaycan tarixində yeri unudulmazların sırasındadır.
Oğlu Xanlar Məmmədbəyov bizə anasının keçdiyi enişli-yoxuşlu, mübarizələri heç bitməyən ömür yolundan gah kövrələ-kövrələ, gah da təbəssümlə bu əminliyin fərəhi və qüruru ilə danışırdı...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
5000 illik qəbir aşkar edilib
Uçan taksi nümayiş etdirilib
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Azərbaycanda regional anbarların yaradılması təklif olunur
Okeanın dibində nəhəng asteroid aşkarlandı
Afrikada meymunçiçəyinə yoluxma artıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!