İngiltərədə aparılan araşdırmaya əsasən, təxminən 3,8 milyon nəfər, o cümlədən 1 milyon uşaq ərzaq, geyim və istilik kimi ilkin tələbatlarını ödəməkdə çətinlik çəkərək ifrat yoxsulluq şəraitində yaşayır.
AZƏRTAC xəbər verir ki, Cozef Raundtri Fondunun maliyyə dəstəyi ilə Heriot-Vatt Universiteti və “Verian” sosial tədqiqat şirkəti tərəfindən aparılan araşdırmada ifrat yoxsulluğun rekord səviyyədə qalmaqda davam etdiyi bildirilib.
Araşdırmaya görə, ötən il təxminən 3,8 milyon nəfər ərzaq, geyim, istilik və şəxsi gigiyena kimi əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkib. Onların 1 milyonunu uşaqlar təşkil edib.
İfrat yoxsulluq şəraitində yaşayanların sayı 2022-ci ildə qeydə alınmış rekord səviyyədə qalıb. Ev təsərrüfatlarının təxminən 2 faizinin bu vəziyyətdə olduğu London ifrat yoxsulluğun ən geniş yayıldığı region kimi müəyyən edilib. Paytaxtın Nyuham rayonunda isə ev təsərrüfatlarının 3 faizindən çoxunun ifrat yoxsulluq şəraitində yaşadığı aşkarlanıb. Araşdırmada bu göstərici ölkə üzrə ən yüksək nəticə kimi qiymətləndirilib.
İfrat yoxsulluq səviyyəsinin ən aşağı olduğu bölgənin İngiltərənin cənub-qərbi olduğu bildirilib. Şotlandiya, Uels və Şimali İrlandiyada da bu göstəricinin İngiltərə üzrə orta səviyyədən aşağı olduğu qeyd edilib. İş qabiliyyətli yaşda olan tənha şəxslərin, əlilliyi olan insanların, etnik azlıqların və miqrantların ifrat yoxsulluq riski ilə daha çox üzləşdiyi vurğulanıb. Qeyd olunub ki, ifrat yoxsulluq şəraitində yaşayanlar arasında miqrantların payı 2019-cu ildəki 25 faizdən 2025-ci ildə 32 faizə yüksəlib.
Araşdırma 2025-ci ilin oktyabr-dekabr aylarında təcili yardım xidmətləri göstərən 120 təşkilatdan dəstək alan 4 min 884 nəfər arasında keçirilmiş sorğular, eləcə də 2026-cı ildə aparılmış müsahibələr əsasında hazırlanıb.