13 Oktyabr 2022 00:53
2132
CƏMİYYƏT
A- A+
Şəhidlər vüqarımız, qazilər qürurumuzdur

Şəhidlər vüqarımız, qazilər qürurumuzdur

 

Gəncədə Birinci Qarabağ və Vətən müharibələri zamanı 626 nəfər şəhid olub. Şəhərin 7 min nəfərə yaxın müharibə əlili və veteranı var. 221 şəhid, müharibə iştirakçısı və əlilinin ailə üzvləri "DOST İş Mərkəzi" MMC-də işə qəbul olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə 270 şəhid ailəsi və müharibə əlili mənzil şəraitinin yaxşılaşdırılması üçün qeydiyyata götürülmüşdür.
Bunlardan əlavə, Vətən müharibəsindən keçən müddət ərzində 107 şəhid ailəsinin üzvü, 175 nəfər müharibə iştirakçısı və əlilin ailə üzvü, ümumilikdə 282 nəfər Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində müxtəlif işlərlə təmin edilmişlər.
Məlum olduğu kimi, XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edərək növbəti təcavüzə başladı. Həmin dövrdə ölkəmizdə hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Mənfur qonşularımızın həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. Lakin 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində  xalqımızın torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşmən üzərində tarixi qələbə qazandı. 
Beləcə, 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində Azərbaycan torpaqları yağı düşməndən xilas olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarını başları üstündə bayraq edən əsgər və zabitlərimiz, igid oğul və qızlarımız bir nəfər kimi Vətənin müdafiəsinə qalxaraq Azərbaycanın haqlı olduğunu dünyaya bir daha sübut etdilər. Bu müharibə həm də xalq-ordu, ordu-xalq birliyinin necə sıx olduğunu göstərdi. 
Müharibə isə itkisiz olmur. Bu savaşda 3 minə yaxın şəhid və minlərlə döyüşçümüz yaralanaraq qazi oldu. Bu gün Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin ailələri və müharibə iştirakçıları bütün ölkədə, o cümlədən Gəncədə daim diqqət mərkəzində saxlanılır. Şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar 2020-2022-ci illər ərzində daim Vətən müharibəsində şəhid olanların ailələrini, yaralı hərbçiləri və müharibə iştirakçılarının evlərini ziyarət edir, onlara maddi və mənəvi dəstək olurlar. 
Gəncə ŞİH başçısının birinci müavini Səməd Tomuyev deyir ki, şəhərdə şəhid ailələri və qazilərin bütün müraciətlərinə qayğıkeşliklə yanaşılır, onların həlli istiqamətində operativ tədbirlər görülür: "O cümlədən Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərimizin ailələri ilə  görüşlər keçirilir, onlara maddi yardımlar edilir. Bundan başqa, Vətən müharibəsindən keçən iki il müddətində şəhər rəhbərliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Fonduna və "YAŞAT" Fonduna müxtəlif məbləğlərdə ianələr etmiş, şəhidlərin dəfnlərində, onların yas mərasimlərində, yaralı hərbçilərimizin müalicə aldıqları xəstəxanalarda olmuş, onlara maddi və mənəvi dəstək olmuşdur. Təkcə onu demək kifayətdir ki, 2021-2022-ci illər ərzində Gəncə Şəhər İcra Hakimiyyətində 96 vətəndaş qəbulu keçirilmişdir. Bu qəbullarda iştirak edən vətəndaşların böyük əksəriyyətini şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri təşkil etmişdir. Şəhər rəhbərliyi onların hər birinin müraciətlərinə xüsusi həssaslıqla yanaşmış, arzu və təkliflərini fərdi qaydada dinləmişdir. Bəzi məsələlər yerindəcə öz həllini tapmış, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilərək, nəzarətə götürülmüşdür".
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışmış Fərman Rüstəmov, Kəpəz  Rayon İcra Hakimiyyətində çalışmış Elnur Həsənov və Ayxan Babayev Vətən müharibəsində qismən səfərbərlik elan olunan zaman könüllü olaraq hərbi əməliyyatlarda iştirak etmiş və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mükafatlandırılmışlar. Müharibədən qayıtdıqdan sonra Ayxan Babayev Gəncə Şəhər İcra Hakimiyyətində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir, Fərman Rüstəmov böyük məsləhətçi, Elnur Həsənov isə Natavan QİƏD üzrə nümayəndə müavini vəzifəsinə təyin olunmuşlar. Bununla yanaşı, Vətən müharibəsi iştirakçıları olmuş Rəşad Babayev, Elxan Zeynalov və Hüseyn Babayev Nizami və Kəpəz İcra hakimiyyətlərində müxtəlif işlərlə təmin olunmuşlar. Eyni zamanda 221 şəhid, müharibə iştirakçısı və əlilinin ailə üzvləri "DOST İş Mərkəzi" MMC-də işə qəbul olunmuşdur.
Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilmişdir. Belə ki, şəhid Mirhüseyn Seyidzadə, Bəhruz İsgəndərov və Qəzənfər Məmmədovun adları küçələrə verilmiş, orden almış 16 şəhidin adının əbədiləşdirilməsi məqsədilə təhsil müəssisələrinə onların adlarının verilməsi üçün müvafiq qurum qarşısında vəsatət qaldırılmışdır. Eyni zamanda sözügedən kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə 270 şəhid ailəsi və müharibə əlili mənzil uçotuna götürülmüşdür.
Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi  tərəfindən də Qarabağ müharibəsində şəhid olanların ailələri, yaralı hərbçilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılırlar. 2020-2022-ci illər ərzində bu kateqoriyadan olan şəxslərin müraciətlərinə həssaslıqla yanaşılmış, 107 şəhid ailəsinin üzvü, 175 müharibə iştirakçısı və əlilinin ailə üzvləri, ümumilikdə 282 nəfər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində müxtəlif işlərlə təmin olunmuşdur. Bununla yanaşı, İB-in təmir-tikinti, qəza və təchizat şöbəsi Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərə yaşadıqları ünvanlarda təmir-tikinti işləri aparmaq üçün müxtəlif yardımlar etmişdir. 
Gəncə şəhəri Nizami və Kəpəz bələdiyyələri də şəhid ailələri, müharibə iştirakçıları və əlilləri daim diqqətdə saxlayır. Belə ki, bələdiyyələr şəhidlərin qəbirüstü abidələrinin qoyulmasını təşkil edir, şəhid ailələri, müharibə iştirakçıları və əlillərə bayram sovqatları göndərir. Bundan əlavə, bələdiyyələr tərəfindən 40 şəhid ailəsi və müharibə əlilinə torpaq sahəsi ayrılmışdır. 
Bələdiyyələrlə yanaşı, şəhərdə fəaliyyət göstərən səhiyyə, təhsil, mədəniyyət müəssisələri də şəhid ailələri, müharibə iştirakçıları və əlillərə müxtəlif yardımlar etmişlər. Gəncə Şəhər Birləşmiş Xəstəxanası Vətən müharibəsindən sonra 67 nəfər şəhid ailəsinin üzvünü, müharibə iştirakçısını, eləcə də əlil və onların ailə üzvlərini işlə təmin etmişdir. Eyni zamanda xəstə xidmətləri şöbəsində müharibə iştirakçıları ilə koordinasiya bölməsi fəaliyyət göstərir ki, burada da 500 nəfərdən artıq müharibə iştirakçısına xidmət göstərilir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası və tabeliyində olan digər müəssisələr Gəncə şəhər və ətraf rayonların şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının ailələrinə təmənnasız xidmət edir, onların səhhəti ilə maraqlanır və onları lazımi tibbi yardımla təmin edirlər. 
Ənənəvi işlər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən də aparılır. İdarə tərəfindən igidlərimizin nümayiş etdirdikləri əzmkarlığı yetişməkdə olan gəncliyimizə daha dərindən aşılamaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 2020-2022-ci illər ərzində Vətən müharibəsi iştirakçıları, əlillər və şəhid ailələrinə həsr olunmuş 28 tədbir və ziyarət baş tutmuşdur ki, bu tədbirlərdən 22-si gənclər ilə iş sahəsini, 6-sı isə idman sahəsini əhatə etmişdir. Bununla yanaşı, 30-a yaxın şəhid və qazi ailəsi ziyarət edilmiş, onlarla görüşlər təşkil olunmuşdur. 13 şəhid övladına, 2 qazi övladına yeni geyim dəstləri, 3 şəhid övladının ad günləri münasibətilə müxtəlif hədiyyələr təqdim olunmuş, 20 müharibə iştirakçısına qurban payı verilmişdir. Eyni zamanda regionlarda idmanın inkişaf etdirilməsi layihəsi çərçivəsində 80 şəhid övladına idman geyimi dəsti və futbol topları hədiyyə olunmuş, 2 nəfər müharibə iştirakçısı "Kəpəz" Peşəkar Futbol Klubunda və Gəncə İdman Liseyində işlə təmin olunmuşdur. Gəncə Gənclər Evi tərəfindən də sözügedən həssas kateqoriyaya yardımlar edilmişdir. Belə ki, müəssisə tərəfindən 26 şəhid və qazi ailəsi ziyarət edilmiş, müxtəlif məbləğlərdə maddi və ərzaq yardımı olunmuşdur. 
Şəhərin təhsil müəssisələrində də şəhid övladları xüsusi diqqətlə əhatə olunurlar. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Cavadov Canlar Aqil oğlunun ailəsinə ADAU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən 3 il müddətində hər ay müvafiq məbləğdə maddi yardım göstərilir. Bundan başqa, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması nəticəsində evləri dağılmış 200-dən çox ailənin ADAU-nun yeni istifadəyə verilmiş yüksək standartlara cavab verən yataqxanasında məskunlaşmasına şərait yaradılmışdır.
Gəncə Dövlət Universitetinin isə idarə aparatı işçilərinin, dekanlarının, kafedra müdirlərinin aylıq tam əməkhaqlarının 20, şöbə müdirləri, dekan müavinləri, professor-müəllim heyətinin hər birinin aylıq tam əməkhaqqının 10 faizi Silahlı Qüvvələrin Yardım Fonduna köçürülmüş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış "YAŞAT" Fonduna büdcədənkənar vəsait hesabına ianə edilmişdir. Bundan savayı, İkinci Qarabağ müharibəsində iştirak etmiş universitet əməkdaşlarının Vətən qarşısında xidmətləri nəzərə alınaraq, hər birinə müvafiq məbləğdə maddi yardım edilmiş və 13 nəfər əməkdaşın onların əməkhaqlarına hər ay büdcədənkənar vəsait hesabına əlavələr olunmuşdur. Eyni zamanda Birinci Qarabağ müharibəsində iştirak edən universitet əməkdaşlarının da hər birinin aylıq əməkhaqqına əlavələr edilmişdir.
Başqa bir fakt: universitetin Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş əməkdaşlarından Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Aqil qızı Kazımovanın övladı Yüksəl İlqar oğlu Əlizadənin və Fizika kafedrasının baş müəllimi Sabir Müseyib oğlu Abdullayevin övladı Elşən Sabir oğlu Abdullayevin xatirəsini əbədiləşdirmək üçün universitet ərazisində onların portretləri əks olunmuş tablolar quraşdırılmış, Pedaqoji fakültənin fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə 108 saylı auditoriyaya fakültənin məzun şəhidləri Elşən Sabir oğlu Abdullayevin və 110 saylı auditoriyaya Nicat Habil oğlu Atayevin adı verilmişdir. 
Universitetin əsas tədris binasında müxtəlif illərdə məzun olmuş şəhid tələbələrin xatirə lövhəsi və eyni zamanda II Qarabağ müharibəsində iştirak etmiş əməkdaşların və tələbələrin şəkilləri əks olunmuş guşədə yaradılmışdır. AHİK-in xəttilə şəhid ailələrinə, Qarabağ müharibəsində iştirak etmiş universitet əməkdaşlarına dəfələrlə maddi yardım edilmişdir. Universitet rəhbərliyinin təşəbbüsü ilə Qarabağ müharibəsi ərəfəsində universitet əməkdaşları dəfələrlə cəbhə bölgəsində olmuş, hərbiçilərlə görüşmüş, onlardan mənəvi dəstəklərini əsirgəməmişlər.
Bununla yanaşı, universitetin bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslarda əyani və qiyabi formada ödənişli əsaslarla təhsil alan, 2020-ci ildə Vətən müharibəsində iştirak edən və yaralanan 18 tələbə 2020-2021-ci tədris ilinə aid təhsilhaqqı borcundan azad olunmuşlar. Universitetin bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslarda əyani və qiyabi formada ödənişli əsaslarla təhsil alan, 2020-ci ildə Vətən müharibəsində iştirak edən tələbələr alt qrupa aid təhsil haqqı ödənişindən azad edilmişlər. 2021-2022-ci tədris ilinin yaz və payız imtahan sesiyasında şəhid ailəsi üzvü olan, işğal olunmuş ərazilərimizin azadlığı uğrunda Vətən müharibəsində iştirak edən və valideyni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanaraq əlil olan tələbələrin ailə vəziyyətini nəzərə alaraq onlar, cari tədris ilinin yaz semestrində iki fəndən təkrar imtahan verən zaman fənn üzrə müəyyənləşdirilmiş təhsil haqqının 25 faizindən azad olunurlar. 
Azərbaycan Texnologiya Universitetində də analoji işlər görülmüşdür. Belə ki, rəhbərlik universitetin tələbəsi olmuş şəhidlərin ailələri ilə daim maraqlanmış, onların evlərini və məzarlarını ziyarət etmiş, ailələrinə müxtəlif maddi və mənəvi yardımlar etmişlər. Aprel döyüşləri şəhidi Rəşad Niftəliyevin, 44 günlük Vətən müharibəsi şəhidləri Kərim Əhmədəliyevin, Ramin Mikayılovun valideynləri ilə görüş təşkil edilmiş, onlara müxtəlif yardımlar olunmuşdur. Rəşad Niftəliyevin adına auditoriya yaradılmış, Kərim Əhmədəliyevin xatirəsinə yazılmış kitabın universitetdə təqdimatı keçirilmişdir.
Universitetin Elmi Şurasının qərarları ilə Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində evlərinə ziyan dəymiş və kirayədə yaşayan 3-cü kurs tələbəsi Gülçin Ağayevanın 2021-2022-ci tədris ili üzrə təhsil haqqı, müharibə iştirakçısı Kamran Rüstəmovun kredit borcu, müharibə iştirakçısı Həsən Rəhimbəylinin təhsil haqqından müvafiq məbləğdə borc universitetin hesabına ödənilmişdir.
Sözügedən diqqət və qayğı orta-ixtisas təhsil müəssisələrində də göstərilmişdir. Belə ki, Gəncə Tibb Kollecində şəhid ailələrinin övladları, qazilər və müharibə zamanı kollecdə təhsillərini dondurub könüllü döyüşlərə qoşulan veteran tələbələrə kollektiv tərəfindən daim dəstək göstərilmiş, ehtiyacları ödənilmişdir. Bununla yanaşı, kollecin rəhbərliyi tərəfindən silahlı qüvvəllər fonduna ianə verilmişdir.
Ənənəvi hal Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollecdə də müşahidə olunmuşdur. Belə ki, kollecdə şəhid olmuş məzun və tələbələrin şəkillərini əks etdirən guşə yaradılmışdır. Kollecin məzun şəhidlərinin ailə üzvlərinə əlavə təhsil almalarında kömək göstərilmiş, müharibədə yaralanmış və iştirak etmiş 28 tələbəyə əyani təhsil formasından qiyabi təhsil formasına köçürülməsinə, şəhid Asif Yolçu oğlu Qocayevin  həyat yoldaşına kollecdə əlavə təhsil almasına yardım edilmiş, əlavə olaraq müharibə əlili Vüsal Nəsib oğlu Nəsibovun həyat yoldaşı işlə təmin olunmuşdur. 
Şəhərin orta təhsil müəssisələrində də şəhid ailələri, müharibə iştirakçıları və əlilləri xüsusi diqqətlə əhatə olunurlar. Xatırladaq ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri üzrə ümumtəhsil müəssisələrində çalışmış 2 müəllim 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləmiş şəhid Rabil İsmayılovun qardaşı Vüsal İsmayılov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə sektorunda mühasib vəzifəsinə təyin edilmişdir. Bundan başqa, Gəncə şəhəri üzrə ümumtəhsil müəssisələrində təhsil alan 77 şəhid və qazi övladları ilə əlamətdar günlərdə görüşlər keçirilmiş, onlara hədiyyə və mükafatlar təqdim olunmuşdur. 2 il müddətində ümumilikdə 87 şəhid və qazi ailəsi işlə təmin olunmuşdur. Eyni zamanda həssas kateqoriyaya aid olan 17 müəllimin iş yeri Elm və Təhsil Nazirliyinin razılığı əsasında Gəncə şəhər ümumtəhsil müəssisələrinə dəyişdirilmişdir. 
Göründüyü kimi, Gəncədə şəhid ailələrinə və qazilərə, eləcə də müharibə iştirakçılarına böyük diqqət və qayğıkeşlik göstərilir. Çünki hər birimizin qəlbində müqəddəs bir hiss var. Bu, Vətənə olan məhəbbət hissidir. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini duyur. İgid Vətən oğulları da gözünü qırpmadan, ölümün gözünə dik baxaraq torpaq, el-oba uğrunda canlarından keçdilər. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zivəsinə yüksəldilər. Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər isə hər zaman hörmətə layiqdirlər. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!