Dəniz suyunda olan bütün şəfalı xüsus iyyətlərə dəniz havasında da rast gəlinir. Ən əhəmiyyətlisi, dəniz havasındakı antioksidantlar xərçəngin yaranmasının qarşısını alır.
Faydalı minerallarla zəngin havanın tərkibində oksigen və ozon çox, mikroblar, toz və sair ziyanlı maddələr isə yox dərəcəsindədir.
Dəniz havası tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlara xüsusilə faydalıdır. Bu hava nəfəs yollarını təmizləyir və yumşaldır. İmmun sistemini möhkəmləndirir, allergiyalara qarşı müalicəvi təsir göstərir.
Yodla zəngin olan dəniz havası zob xəstəliklərindən əziyyət çəkən insanlara müalicəvi təsir edir. Dəniz havası maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır, bütün orqan və sistemləri oksigenlə zənginləşdirir.
Dəniz havası ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkən insanlara müsbət təsir edir, tərkibindəki faydalı maddələr sayəsində dərinin canlılığını, gəncliyini və gözəlliyini də qoruyur.
Dəniz havası depressiyadan, xroniki stresdən və digər sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Brom və litium maddələri beyində serotonin, melatonin və triptamin kimi xoşbəxtlik hormonlarının səviyyəsini artırır. Bu maddələr dəniz suyunda, həmçinin dəniz havasında yüksək miqdarda olur və buna görə də psixoloqlar stresdən əlavə, əsəb pozğunluğu olan xəstələrinə 2 saat dəniz kənarında gəzməyi və ya istirahət etməyi tövsiyə edirlər.
Qəribədir ki, fırtına zamanı dəniz havasının daha faydalı olduğu bildirilir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"