Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin açılış mərasimi keçirilib. AZƏRTAC rəsmi UZA informasiya agentliyinə istinadla xəbər verir ki, mərasimdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müxtəlif ölkələrin, o cümlədən Azərbaycan mütəxəssislərinin İslam Sivilizasiyası Mərkəzinin yaradılmasında iştirak etdiklərini vurğulayıb.
Özbəkistan lideri deyib: “Mərkəzin layihələndirilməsi, tikintisi və müasir informasiya texnologiyaları ilə təchiz edilməsində Azərbaycan, Fransa, Çin, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, Almaniya, İspaniya, İtaliya, Malayziya, Səudiyyə Ərəbistanı, Hindistan, Mərkəzi Asiya və bir sıra digər ölkələrdən yüksəkixtisaslı mütəxəssislər fəal iştirak ediblər”.
Şavkat Mirziyoyev əlavə edib: “Müxtəlif ölkələrdə saxlanılan nadir əlyazmaları müəyyən etmək və öyrənmək üçün yeni beynəlxalq elmi ekspedisiyalar təşkil edəcəyik. Bunun üçün lazımi resursları və imkanları tapacağıq. Bu işə yerli və beynəlxalq alimləri, dünyanın aparıcı elmi mərkəzlərini cəlb edəcəyik. Mərkəzin beynəlxalq fəaliyyətini asanlaşdırmaq üçün burada ICESCO, IRSIKA, Oksford İslam Araşdırmaları Mərkəzi, Fransadakı Teymurilər Tarixi və İncəsənətinin Öyrənilməsi Assosiasiyası və TÜRKSOY kimi təşkilatların ofislərinin açılması təşəbbüsünü irəli sürmüşük”.
Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış Mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat və digər şöbələr daxildir.
Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.
Mərkəzin binasında 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.