Ermənistanda cərəyan edən hüquqi və siyasi proseslər bu ölkənin dönüş mərhələsində olduğunu göstərir. Rəsmi İrəvan cəmiyyəti xəyalpərəst ideologiyalarla aldadaraq uçuruma aparan, regional əməkdaşlığa, sülhə və təhlükəsizliyə mane olmaq niyyəti güdən revanşist dairələrə qarşı ciddi addımlar atır. Paşinyan iqtidarı ölkəni fəlakətə sürükləyən bu qüvvələrin kökünü kəsmək, onların siyasi və maliyyə rıçaqlarını tamamilə məhv etmək istiqamətində açıq əməli fəaliyyətə keçib.
Vaxtilə qonşulara qarşı ərazi iddiaları irəli sürərək regionu müharibəyə sürükləyən terrorçu ünsürlər keçmişdə törətdikləri əməllərə və cinayətlərə görə qanun qarşısında cavab verirlər. Hökumət artıq şifahi bəyanatlarla kifayətlənmir, birbaşa hüquq-mühafizə mexanizmlərini işə salaraq köhnə rejimin qalıqlarını silməyə çalışır.
Revanşizmə vurulan ağır zərbənin bariz nümunəsi Ermənistan Baş Prokurorluğunun və Antikorrupsiya Komitəsinin ölkənin keçmiş prezidenti, müharibə canisi Robert Koçaryana və onun yaxın çevrəsinə qarşı genişmiqyaslı cinayət işləri başlatmasıdır. Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması kimi ağır maddələrlə ittiham olunur. Bu müstəvidə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq prezident haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən sui-istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. Müstəntiqlərin təqdim etdiyi materiallar əsasında açılan bu cinayət işi çərçivəsində R.Koçaryanın böyük oğlu Sedrak Koçaryan da daxil olmaqla ümumilikdə 9 nəfərə qarşı rəsmi ittihamlar irəli sürülüb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və digər aidiyyəti qurumların əməkdaşları sabiq prezidentin digər oğlu, "Ermənistan" fraksiyasının deputatı Levon Köçəryanın mənzilində, həmçinin onun ailəsi ilə birbaşa əlaqəli olan şirkətlərdə də geniş əməliyyatlar həyata keçirilib. Bununla yanaşı, Levon Köçəryanın həyat yoldaşı, tanınmış müğənni Siruşoya məxsus kommersiya obyektlərində və şirkət ofislərində də axtarışlar aparılıb.
Cinayət şəbəkəsinin araşdırılması zamanı digər keçmiş prezident, Köçəryanın hakimiyyəti illərində müdafiə naziri postunu tutmuş Serj Sarkisyanın da adının hallanması köhnə hərbi-siyasi klanın tamamilə zərərsizləşdirilməsi və revanşizmin dayaqlarının çökdürülməsi niyyətini bir daha təsdiqləyir.
Dövlət səviyyəsində həyata keçirilən bu "təmizləmə əməliyyatları" Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki kəskin çıxışlarından sonra reallaşıb. Hökumətin yeni beşillik proqramının müzakirəsi zamanı kürsüyə çıxan Paşinyan keçmiş rejim rəhbərlərinin və onların maliyyə dayaqlarının mütləq cəzalandırılmasının vacibliyini qeyd edib. O, ölkəni fəlakətə aparan korrupsioner və revanşist elitanın ünvanına kəskin ifadələr işlədərək deyib: "Bəli, onlar həbs olunmalıdırlar. Qaqik Tsarukyan və Robert Koçaryan vaxtilə rüşvət kimi paylamaq üçün xalqdan oğurladıqları pulları dövlətə qaytarmalıdırlar. Bu, mənim siyasi məsuliyyətimdir. Bunu təkcə mən yox, Ermənistan xalqı tələb edir".
Baş nazir dünənki brifinqdə də oxşar mövqe sərgiləyərək vurğulayıb ki, Robert Koçaryan, Serj Sarkisyan və Qaqik Sarukyan xalqdan taladıqlarını nəsildən-nəslə miras qoya bilməzlər: "Mən seçkilərdən əvvəl bütün bunlarla bağlı xalq qarşısında aydın və şəffaf məsələ qoymuşam və dövlətimizin bu sahədə atmalı olduğu addımları təklif etmişəm". Hökumət başçısının sözlərinə görə, Koçaryan, Sarukyan və Sarkisyan sentyabrın 1-də pensiyalarının hesablarına köçürülüb-köçürülmədiyini yoxlamalıdırlar, çünki qanunsuz olaraq əldə etdikləri hər şey qəpiyinə qədər Ermənistana və xalqa qaytarılacaq.
Hökumətin addımları göstərir ki, Paşinyan daxili siyasətdə revanşist dairələrin maliyyə rıçaqlarını tamamilə əlindən almağa və Ermənistanı uzun illər talayanlardan hesab sormağa tam qərarlıdır. O, çıxışında təkcə korrupsiya faktlarına deyil, illərlə erməni cəmiyyətini fəlakətə sürükləyən ideoloji yanlışlıqlara da toxunub. Keçmişin zərərli miflərinə son qoyaraq toplum qarşısında acı reallıqları açıq şəkildə etiraf edib. Paşinyan illərlə təbliğ olunan zərərli ideologiyaları sərt tənqid edərək bildirib ki, "Qarabağ hərəkatı" Ermənistan dövlətçiliyini və gələcəyini sıfırlamaqdan başqa bir şey deyildi. O, seçkilərdə xalqdan aldığı dəstəyə arxalandığını vurğulayaraq əlavə edib: "Biz xalqın verdiyi mandatla bu layihəni bağladıq və Ermənistan dövlətçiliyinin davamlılığı üçün məhdudiyyətsiz imkanlar açdıq". Paşinyan onu vurğulayıb ki, Ermənistan Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddialarını rəsmən davam etdirsəydi, bir dövlət kimi xəritədən silinmək və məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdı.
Bu fikirlər erməni cəmiyyətinə açıq mesajdır: Ermənistanın Bakının tələblərini yerinə yetirməkdən, mövcud sərhədləri qəbul etməkdən və regional reallıqlarla barışmaqdan başqa heç bir çıxış yolu yoxdur. Baş nazir mövqeyini belə tamamlayıb: "Tarixin dalanından çıxmalı və gələcəyin yol ayırıcına çatmalı idik. Ermənistan xalqının "real Ermənistan" ideologiyası ətrafında birləşməsi bizə əmin olmağa əsas verir ki, artıq yenidən dalana girməyəcəyik".
Prosesin mühüm tərəflərindən biri də Ermənistan ictimaiyyətinin işğalçılıq meyillərdən uzaqlaşaraq daha rasional düşüncəyə yaxınlaşmasıdır. İllər boyu revanşist ideyaların və hərbi ritorikanın girovuna çevrilən cəmiyyət bu qarşıdurmanın ölkəyə yalnız itkilər, təcrid və iqtisadi durğunluq gətirdiyini daha aydın dərk edir. Hökumət öz addımları ilə erməni toplumuna göstərir ki, daxili sabitliyi təmin etmək və qonşularla normal münasibətlər qurmaq həm də Ermənistanın bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq üçün zərurətdir.
Xalqın revanşist qüvvələrə dəstək verməməsi və hakimiyyətin real siyasətinə etimadı Ermənistanın regional təhlükəsizlik və əməkdaşlıq mühitinə inteqrasiya olunmaqdan başqa alternativinin olmadığını bir daha sübut edir. Yerli ekspertlər də bu prosesləri qanunauyğun hesab edirlər. Erməni politoloq Areq Koçinyanın dediyi kimi, Koçaryanın və Serj Sarkisyanın yeri həbsxanadır. Ekspertin sözlərinə görə, prezidentlikləri dövründə saysız cinayətlər törətmiş Ermənistanın keçmiş liderləri çoxdan həbs edilməli idi: "Onların yeri hakimiyyət deyil. Ümid edirəm, bu dəfə səhv düzəldiləcək və bu insanlar layiq olduqları yerə - həbsxanaya göndəriləcəklər".
Nəticə etibarilə, vaxtilə erməni xalqının gələcəyini məhv edən koçaryanlar, sarkisyanlar bu gün öz cinayətlərinin bədəlini ödəyirlər. Bu hüquqi və siyasi təmizləmə erməni toplumunu uydurma ideyalardan uzaqlaşmağa, reallığı qəbul etməyə və Azərbaycanla dayanıqlı sülhə nail olmaq üçün Bakının şərtlərini qeyd-şərtsiz yerinə yetirməyə yönəlib. Köhnə rejimin təhlükəli qalıqlarının tamamilə neytrallaşdırılması Ermənistanın gələcəyini xilas etmək və regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlıq mühitini təmin etmək üçün zəruri dönüş nöqtəsidir. Artıq, İrəvan başda olmaqla, erməni xalqı anlayır ki, bundan başqa çıxış yolu yoxdur.
İsmayıl QOCAYEV,
"Azərbaycan"