Uzun illər sovetlər birliyinin tərkibinə daxil olan "müttəfiq" subyektlər, o cümlədən Azərbaycan və Mərkəzi Asiya respublikaları dünyaya inteqrasiyadan kənarda qalmışlar. Onlar yalnız müstəqilliklərinə qovuşduqdan sonra qlobal səviyyədə siyasi, iqtisadi və logistik əhəmiyyət qazanmağa başlamışlar. İndi qlobal logistikada önəmli rol oynayan Orta dəhlizin səmərəliliyi bu ölkələrdən asılıdır.
Artıq dünya Orta dəhlizin geosiyasi və geoiqtisadi əhəmiyyətini dərk etməyə başlayıb. O səbəbdən aparıcı dövlətlər və Avropa İttifaqı kimi nüfuzlu regional təşkilat Orta dəhlizin inkişafında yaxından iştirak etməyə qərar verib.
Orta dəhliz təkcə iqtisadi və logistika əhəmiyyətinə görə deyil, siyasi əhəmiyyətinə görə də böyük güclərin maraq dairəsindədir. İndiki qlobal geosiyasi münasibətlərdə beynəlxalq ticarət marşrutları xüsusi əhəmiyyət kəsb edir. Odur ki, Orta dəhlizə nəzarət uğrunda Rusiya, Çin, İran və Amerika arasında gərgin mübarizə gedir, baxmayaraq ki, Şimal və Cənub qonşularımız dəhlizə nəzarət uğrundakı mübarizədə Çin və ABŞ-yə uduzmuşlar.
Orta dəhlizin Gürcüstan vasitəsi ilə Avropaya çıxışı artıq təmin olunub. Qalır açılacağına heç bir şübhə qalmayan Zəngəzur dəhlizi (TRIPP). Bəs bu dəhlizin ölkəmiz üçün əhəmiyyəti nədir və onun açılması üçün niyə təkid edirik? Birincisi, bu, Azərbaycanın milli marağı ilə bağlıdır. Məlum olduğu kimi, tarixi ədalətsizlik üzündən Azərbaycanın bir hissəsi olan Naxçıvan əsas ərazidən ayrı düşüb. Sovetlər birliyi dönəmində Ermənistanla bir ölkənin tərkibində olduğumuz üçün bu "ayrılıq" problem yaratmırdı. Amma SSRİ-nin dağılması regionumuzda yeni vəziyyətin yaranmasına səbəb oldu. Üstəlik, Qarabağ və Zəngəzur dəhlizinə (TRIPP) gedən yollar işğal edildi. Yalnız 44 günlük tarixi Zəfərdən sonra regionda vəziyyət Azərbaycanın xeyrinə dəyişdi. Biz ilk növbədə milli maraqlarımızı təmin etdik. Digər tərəfdən, bununla qlobal əhəmiyyətli bir layihənin yaranmasına imza atmış olduq.
Zəngəzur dəhlizi (TRIPP) təkcə dəmir və avtomobil yolları ilə yük daşımaqla kifayətlənməyəcək. Bu qısa məsafəli bir keçid qlobal əhəmiyyətli kommunikasiya bağlantısı olacaq. Prezident İlham Əliyev Naxçıvanda televiziyaya verdiyi müsahibəsində demişdir: "...bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda Ermənistanın enerji sisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır... Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-ın ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər".
Zəngəzur dəhlizinin (TRIPP) açılması Orta dəhliz üzərindən yükdaşımanın həcmini artırmaqla yanaşı, logistikada əlavə imkanlar da yaradacaq. Əvvəla, bu qısa yol ölkəmizin beynəlxalq əhəmiyyətli qovşaq ölkə kimi statusunu artıracaq. İkincisi, böyük bir coğrafiyanın vahid iqtisadi və geosiyasi məkana çevrilməsini təmin edəcək, türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirəcək. Eyni zamanda geniş bir geoiqtisadi məkanda investisiya imkanlarını artıracaq. Türk İnvestisiya Fondunun (TİE) prezidenti Bağdad Amreyevin bildirdiyi kimi, Orta dəhlizə yalnız dəmir yolu marşritu və ya konteynerlərin Çindən Avropaya daşınan əlverişli marşrut kimi baxmaq lazım deyil: "Dünyanın ümid bəslədiyi bu qlobal ticarət marşrutuna maraq artdıqca dəhlizlə bağlı bütün planlar həll olunacaq. Ona görə ki, Orta dəhliz təkcə region ölkələrinin marağında olan marşrut deyil, dünya üçün əhəmiyyətlidir".
Rüstəm KAMAL,
"Azərbaycan"