Bir çox hallarda süfrənin zənginliyini göstərmək üçün “süfrədə quş südü belə var” deyirik. Həqiqətənmi quş südü mövcuddur? Əslində, quşlar məməli heyvan olmadığı üçün onların südü olmur. Quşların südünün olması barədə deyilənlər də əfsanədir.
Dünyada hər il 400 milyon tondan çox süd istehsal edilir. Hər inək gündə ortalama 90 fincan süd verir. Nəticədə bir inəyin bütün həyatı boyunca orta hesabla 200 000 stəkan süd verdiyi qənaətinə gəlinib.
İspaniyada şokolad südü məşhur səhər yeməyi içkisinə çevrilib.
1960-cı illərdə südün davamlı ultra-pasterizasiya prosesi, eləcə də südün ömrünü uzatmağa imkan verən aseptik qablaşdırma sistemləri yaradılaraq inkişaf etdirildi.
1 kiloqram təbii kərə yağı əldə etmək üçün 21 litr süd lazımdır. Bir kiloqram pendir 10 litr süddən hazırlanır.
Əslində südün 87 faizi sudur. İnsanın gündəlik kalsiuma olan ehtiyacı 800-1200 milliqramdır. 1 stəkan süddə 240 milliqram kalsium var.
Göy gurultusu zamanı uzun dalğalı elektromaqnit impulsları südə düşərsə, o turşuyur. Bu gün 50 faizə yaxın böyüklər süd içir. İnsanların qalan hissəsi laktozaya qarşı dözümsüzdür.
İnsan orqanizmi tərəfindən südün həzm edilmə qabiliyyəti 98 faizdir.
Hər il iyunun 1-i rəsmi olaraq Beynəlxalq Süd Günü kimi qeyd olunur.
Quru süd üçün ilk müasir istehsal texnologiyası 1802-ci ildə rus həkimi Osip Krichevski tərəfindən icad edilib. Hesab edilir ki, insanların bəzilərinin çox ehtiyatla yanaşdığı quru südlə bağlı narahatlıqlar tamamilə əbəsdir. Quru süd tozunun hazırlanması üçün qatılaşdırılan və daha sonra qurudulan təzə süddən istifadə edilir. Beləliklə, satışa bərpa edilən süd daxil olur.
Ən çox süd verdiklərinə görə dünyada dörd ölkədə - ABŞ-da, Hollandiyada. Danimarkada, Rumıniyada inəklərə heykəl qoyulub.
Delfin yeni doğulmuş balasını suda əmizdirir. Delfinin südü çox qatı və yağlı olur.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”