Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son illər
ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur
layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər
tikilərək əhalinin istifadəsinə verilmişdir və bu işlər ölkənin inkişaf prioritetlərinə
uyğun olaraq davam etdirilməkdədir.
Təbii amillərin
təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının
yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə
verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb
olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla
rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil
yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən
yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun
tikintisi zərurəti yaranmışdır.
Əhalinin rahat
gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyini nəzərə alaraq,
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Quba rayonunun
Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış
işləri) məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli
373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün
21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon (yeddi milyon beş yüz
min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 oktyabr 2018-ci il