Prezident İlham Əliyev ABŞ ilə münasibətləri yeni mərhələyə çıxarıb
Müasir dövrdə dünyada qütblərarası ziddiyyətlərin və ayırıcı xətlərin dərinləşməsi fonunda baş verən sürətli dəyişikliklər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Aydındır ki, siyasi və iqtisadi müstəqilliyi, o cümlədən milli iradə tərəfindən idarə olunması Azərbaycan Respublikasına da bu reallıqları sağlam formada dəyərləndirməyə imkan verir və ölkəmiz müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarını bütün rakurslardan müəyyənləşdirə bilib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan hər zaman bu strateji problemin həllini güclü olmaqda, eyni zamanda əməkdaşlıq və dialoq mühitinə inamında görüb: "Təsadüfi deyil ki, dövlətimiz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi altı konstitusion niyyətindən biri kimi müəyyən edib. Eyni zamanda bizim milli maraqların Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla bərabər, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri ehtiva etməsi, başqa dövlətlərlə münasibətlərini məhz bu prinsiplər əsasında qurması, ölkəmizin başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi kimi hədəflərimizin səmimiliyi, şübhə yaratmır. Azərbaycan Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Bu çərçivədə ölkəmiz hər zaman ABŞ ilə tərəfdaşlığa böyük perspektivə malik istiqamət kimi baxıb və antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, ölkəmizdə demokratik islahatların aparılması istiqamətində uğurla əməkdaşlıq edib".
Deputat qeyd edib ki, ötən dövr kifayət qədər mürəkkəb tarixi inkişaf yolu keçmiş ABŞ-Azərbaycan münasibətlərini təhlil etsək, əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin 20 gün öncə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfəri və bu səfərin özlüyündə məhz xüsusi dəvətlə reallaşması münasibətlərimizdə tam yeni bir səhifədir. Dövlət başçısının Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində də ifadə etdiyi kimi, ilk növbədə, ona görə ki, cənab Tramp Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, demokratlar iqtidarından fərqli olaraq regionda maraqlarını münaqişədə yox, sülh və sabitlik şəraitində əməkdaşlıqda görən Tramp administrasiyasının cəhdləri dayanıqlı sülh üçün yaxşı şansa çevrilə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Prezident Donald Trampın hədiyyəsi ilə əlaqədar sosial media hesablarında paylaşımında cənab Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirərək ona minnətdarlığını bildirmişdi.
O vurğulayıb ki, Azərbaycan ABŞ-nin ötən dövrkü administrasiyası tərəfindən ədalətsiz yanaşmalarla üzləşib, beynəlxalq arenada məqsədli formada haqsız vəziyyətlərə düşürülməyə çalışılmışıq: "Amma cənab Donald Tramp indiki məqamda Azərbaycanın əhəmiyyətini, xüsusən Azərbaycanın proaktiv, balanslaşdırılmış xarici siyasət kursunun uğurlu istiqamətlərini aydın şəkildə görən kifayət qədər praqmatik siyasətçidir və qarşılıqlı bərabərhüquqlu əməkdaşlıq çərçivəsində hansı nailiyyətlər, hansı uğurların bizi gözlədiyini aydın qiymətləndirə bilir, Amerikanın maraqlarının yalnız bu şəkildə, əsaslı şəkildə təmin ediləcəyini haqlı olaraq başa düşür. Yəni əgər əvvəlki dövrdə Amerika-Azərbaycan münasibətləri Azərbaycan-Ermənistan və yaxud Amerika-Ermənistan prizmasından qiymətləndirilirdisə, Donald Tramp praqmatik siyasətçi kimi bu prosesləri birbaşa, yəni real vəziyyəti qiymətləndirərək dəyərləndirə bilir".
B.Məhərrəmov xatırladıb ki, Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında strateji tərəfdaşlığı hədəfləyən Anlaşma Memorandumu imzalanıb. Memorandumda nəzərdə tutulur ki, münasibətlərimizin yeni mərhələsi üçün normativ bazis rolunu oynayacaq Strateji Tərəfdaşlıq Xartiyası hazırlansın və tərəflərin razılaşmasına əsasən, bu proses Bakı və Vaşinqton arasında Strateji İşçi Qrupuna həvalə edilsin. Yəni indiki məqamda yaradılan Strateji İşçi Qrupunun əsas hədəfi Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu isə öz növbəsində Vaşinqton və Bakı arasında münasibətlərin, demək olar ki, bütün sferalarını əhatələyir və xüsusən Bayden administrasiyası dönəmində "sıfırlanmış" əlaqələrin yenidən canlandırılması və strateji səviyyəyə yüksəldilməsi üçün perspektivlər araşdırılacaq. Strateji İşçi Qrupunun yaradılmasının digər önəmi isə ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətlərini Azərbaycanın işğal və təcavüzə son qoyan böyük Zəfər sonrası yaranan yeni hərbi-siyasi konfiqurasiyaya uyğun şəkildə yenidən nizamlayacaq. Bu isə Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi və ABŞ kimi böyük strateji gücün öz maraqlarını bu formata uyğunlaşdırması baxımından Bakının geosiyasi qələbəsidir. "Habelə ABŞ-də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğv edilməsi Bakı-Vaşinqton münasibətlərində, o cümlədən ABŞ-nin Cənubi Qafqaz siyasətində tamamilə yeni bir mərhələ hesab olunmalıdır, çünki 907-ci düzəliş qəbul edilərkən nə ABŞ-nin milli, nə də dövlətçilik maraqları nəzərə alınmayıb. O zaman Co Bayden başda olmaqla, bir qrup senator, o cümlədən ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri öz maraqlarını, daha doğrusu, erməni lobbisindən qaynaqlanan muzd maraqlarını rəhbər tutaraq 907-ci düzəlişi qəbul etmişdilər və sonrakı dövrdə də məhz bu düzəliş, ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafında ciddi əngəl kimi çıxış edib. Düzdür, əvvəldə də qeyd etdiyimiz kimi, ötən dövr ərzində bizim kifayət qədər uğurlu əməkdaşlıq tariximiz olub. ABŞ və Azərbaycan təhlükəsizlik, müdafiə, enerji, kommunikasiya sahələrində ciddi uğurlarla müşahidə olunan əməkdaşlıq ediblər, lakin 907-ci düzəlişin qüvvədə olması ABŞ-nin bu bölgədə səmimi əməkdaşlıq mühitində maraqlı olmasının özünü şübhə altına alıb. Ötən dövr ərzində Azərbaycan nə qədər ki, ABŞ ilə təhlükəsizlik konfiqurasiyasının vacib elementi kimi çıxış edirdi, məsələn, Əfqanıstanda, o cümlədən daha öncə Kosovoda və dünyanın müxtəlif bölgələrində beynəlxalq sülh yaratma missiyalarında iştirak etdiyi zamanlarda Amerikanın prezidentləri hər il 907-ci düzəlişin qüvvəsini həmin il üçün ləğv edirdi, lakin ABŞ qüvvələri Əfqanıstandan çıxdıqdan sonra Bayden beynəlxalq təcrübəyə uyğun olmayan və heç bir siyasətçiyə yaraşmayan formada ikili standartları rəhbər tutaraq həmin aktın qüvvəsini dayandırmadı və bununla da, əslində, hələ də erməni lobbisinin təsiri altında olduğunu birmənalı şəkildə göstərmiş oldu. Sonrakı dövrdə də Bayden komandasının digər addımları nəticə etibarilə Azərbaycan-ABŞ münasibətlərinin sıfırlanmasına gətirib çıxarmışdı. Dövlət başçımızın yuxarıda qeyd etdiyimiz müsahibədə də ifadə etdiyi kimi, "907-ci düzəliş" 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda bizə ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfra enmişdi", - deyə o qeyd edib.
Deputat bildirib ki, bu gün Azərbaycanın artıq yeni reallıqlar yaratdığı bir şəraitdə ABŞ-nin yeni Prezidenti cənab Donald Trampın məsələyə daha praqmatik yanaşması, bu bölgədə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olduğunu göstərməsi həm də 907-ci düzəlişin tam ləğvi ilə nəticələnib və biz ABŞ-nin Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdiyini, həmçinin bu reallıqlarda öz maraqlarını təmin etmək üçün bərabər tərəf olaraq, özünə bərabərhüquqlu tərəfdaş kimi Azərbaycanı seçdiyini məhz 907-ci düzəlişin ləğvi timsalında görə bilirik. Bu, öz növbəsində, Azərbaycanın, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxvektorlu, çoxkonturlu xarici siyasət kursunun böyük uğuru, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda anti-Azərbaycan qüvvələr üzərində böyük qələbəsidir. Təbii ki, 907-ci düzəlişin ləğvində bizim üçün əsas olan ABŞ-Azərbaycan münasibətlərinin sağlam, qərəzsiz əsaslarla qurulmasıdır ki, cənab Tramp son addımları ilə, o cümlədən həm 907-ci düzəlişin ləğvi, həmçinin daha öncə Azərbaycanın sülh təşəbbüslərinə dəstək verməklə, məhz Azərbaycan Prezidentinin müəyyən etdiyi şərtlərlə hazırlanan sülh müqaviləsinə özünün açıq dəstəyini verməklə, əslində, bizim arzuladığımız konfiqurasiyanın tərəfdarı olduğunu göstərdi. Bu, ABŞ-Azərbaycan münasibətlərində, əvvəldə dediyimiz kimi, yeni bir dövrün başlanğıcı hesab olunmalıdır.
B.Məhərrəmov vurğulayıb ki, böyük hərbi-siyasi zəfərlərin memarı cənab İlham Əliyev Vaşinqtonla münasibətləri yeni mərhələyə çıxarmaqla qlobal məzmunlu diplomatik qələbəyə də nail olub: "Çünki Vaşinqton səfəri, imzalanan birgə sənədlər azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu "tanıyan" fransız deputatların, Avropa Parlamentinin, dövlət başçımızın təbirincə desək, qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, "Radio Liberty", "Washington Post", "New York Times", "Wall Street Æournal", "Newsweek" kimi saxta xəbər mənbələrinin, Amnesty International, Human Rights Watch kimi muzdlu insan haqları alverçilərinin, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflası demək idi. Beləliklə, Bakının yaratdığı yeni reallıqlar bölgənin inkişafının yol xəritəsi üçün konsepsiya hesab edilir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"