Ermənistan dövlətinin Avropa İttifaqına yaxınlaşmaq cəhdləri Rusiya mətbuatını elə qıcıqlandırdı ki, bu ölkənin KİV-i onu “kənarda məşuq axtarışına çıxan yüngül əxlaqlı qadına” bənzətdilər. Reallıqda isə Ermənistan diplomatiyası elə qəlizdir ki, bu ittihamın içində belə bu dövlətin özünə kimi “ər”, kimi də “məşuq” seçdiyi Rusiya üçün müəmma olacaq qalacaq, Avropa İttifaqı isə kiminlə izdivaca getdiyini həddən ziyadə gec başa düşəcək. Üzə çıxan rəmzi xəyanət faşist diplomatiyasının tam iflasa uğradığını sübut edir. Məşədi İbadın tərəzisinin gözündən baxanda isə aydın olur ki, sən demə, qızın iki adaxlısı var imiş.
Moskva susur, Rusiya mətbuatı qeyzlənir, Ermənistan isə yaşmaq tutub and içir ki, hər iki tərəfə sədaqətlidir
Demokratik dəyərlərə əbədi sadiqliyinə and içən Avropa İttifaqı ilə faşist rejiminin sazişini Rusiyanın rəsmi dairələri müdrik və müəmmalı sükutla qarşıladılar. Amma rus mətbuatı dinc durmadı və od püskürdü.
Brüssel Ermənistanı niyə “Şərq tərəfdaşlığına” cəlb edir? Rusiyanın NTV kanalı bu suala xüsusi veriliş həsr edib. Dəvət olunmuş ekspert və politoloqlar ermənilərin yeni müqavilə əsasında alacağı yardımların cüzi olduğunu vurğulayıblar. Həmçinin qeyd ediblər ki, əslində, Ermənistan Avropaya heç lazım da deyil. Bu addımla Aİ Avrasiya İttifaqına çat salmaq niyyəti güdür.
Ermənistan tərəfi müqaviləni uğuru kimi təqdim etsə də, ruslar onu Homerin “Odisseya”sında danaylıların troyalılara sovqat kimi göndərdiyi böyük “taxta at”a bənzədirlər. Bu “taxta at”ın içində gizlənən danaylılar şəhərə daxil ola bilir və gecə bayıra çıxaraq Troyanı məğlub edirlər.
Bu azmış kimi, müqavilə imzalandıqdan sonra Sarkisyanın başılovlu Çinə uçaraq Avropa ilə Çin arasında vasitəçilik təklif etməsi rus mətbuatını əməlli başlı qeyzləndirib. Rusiyanın NTV kanalında gedən verilişin aparıcısı Olqa Belova Ermənistanı “əri ilə münasibətlərindən zövq ala bilməyərək məşuq eşqinə düşən gəzəyən qadınla” müqayisələndirib. Bu Rusiya-Ermənistan münasibətləri tarixində mətbuat tərəfindən birbaşa səsləndirilən ən ağır ittihamdır.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov birmənalı şəkildə müqaviləni Ermənistanla münasibətlərin korlanması kimi qiymətləndirir: “Ermənistanın Rusiyaya iradı var ki, o, az pul verir. Bizim də konfliktimiz var ki, Adolf Hitlerin müttəfiqi Njdeyə Ermənistanda “milli qəhrəman” kimi abidə ucaldıldı. Onların Rusiya telekanallarına təsir etmək cəhdləri mövcuddur. Nə demələrindən aşılı olmayaraq Njde nasist cinayətkarıdır”.
Verilişə belə yekun vurulur ki, Ermənistan Rusiyaya lazım idi, indi isə o, heç kimə lazım deyil, hətta Rusiyaya da!
Erməni politoloqları isə “Urra!!!” - deyib car çəkirlər ki, Rusiyanın siyasi rəhbərliyi bu müqavilənin əleyhinə heç bir ifadə işlətməmiş, Serjə barmaq belə silkələnməmişdir. Belə çıxır ki, hər şey qaydasındadır. Sarkisyan Avropa Xalq Partiyasının sammitindəki çıxışında qürurla həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Təşkilatı ilə Ermənistanın əməkdaşlığını beynəlxalq münasibətlərin ən gözəl nümunəsi kimi təqdim edərək bundan zövq aldığını da deməyi unutmayıb. Rusiya mətbuatı Sarkisyanın bu gedişini “qadının həyat yoldaşına bağışlanılmaz xəyanəti” kimi qiymətləndirsə də, erməni diplomatiyası belə sayır ki, siyasi səhnədə “ər” də olmalıdır, “məşuq” da vacibdir. Yəni quyruq ətə əlavə yaraşıq da verir, tam da.
Ermənilərin bu “tarixi qələbə”si rusları narahat edir. Bu ölkənin mətbuatı başa salır ki, ümumiyyətlə, beynəlxalq münasibətlərin tarixində “bir oturan yerlə iki stulu zəbt etmək” elə də təqdirəlayiq əməl deyil. Ermənistan Azərbaycanı yamsılayırmış kimi, Avropa İttifaqı ilə Avrasiya Əməkdaşlıq Təşkilatı arasında körpü rolu oynayacağını bəyan edir. Rusiyaya isə Ermənistan kimi korrupsiyaya uğrayan sınıq körpünün ümidinə qalmaq gülünc görünür.
Ermənistan Rusiyanı lokal müharibəyə çəkir
Erməni millətçilərinin aramsız təqiblərinə məruz qalan rusiyalı politoloq Oleq Kuznetsov Ermənistanın Avrasiya məkanından qeyb olmasını elə də böyük faciə saymır. Avrasiya Əməkdaşlıq İttifaqında Ermənistanın payı 1,5 faizdən bir az artıqdır, bu isə demək olar ki, heç nədir. Bu ölkədə nə istehsal olunursa, əsasən daxili bazara gedir. Ermənistanın Arvointeqrasiyaya getməsi onu faktiki olaraq Rusiyanın hərbi-siyasi rəqibinə çevirsə də, bu müsbət addımdır: “Maskalar yırtıldı, komediya artıq bitdi, hər şey öz yerini, öz adını aldı və indi Rusiyanın siyasi sinfinə ittifaq həmrəyliyi çərçivəsində Ermənistanın daxili siyasətindəki neqativ meyillərə, o cümlədən faşistlərin leqallaşdırılması prosesinə münasibəti pərdələmək lazım gəlməyəcək”. Ermənistanın Avropaya sürüşməsinə Moskva göz yumsa da, “Oxotnı ryad” küçəsində yerləşən Dövlət Duması və bir neçə nazirliyə soyuq su çilənib ki, erməni tərəfkeşliyində aludəçiliyə son qoyaraq Qafqaz regionunda baş verən hadisələri adekvat qəbul etsinlər. Politoloqa görə, yaranmış vəziyyət Qarabağ məsələsinin də həllinə müsbət təsir edə bilər, belə ki, artıq müttəfiqlərə və rəqiblərə parçalanma baş vermişdir. Qütbləşmənin dərinləşməsi müşahidə olunacaq. Transmilli erməni terrorunun tarixini araşdıran moskvalı alim həmçinin belə qənaətə gəlir ki, Ermənistan Rusiyanı lokal müharibəyə cəlb etməyə çalışır. Bu lokal münaqişənin çoxtərəfli olmasına səy göstərən İrəvan rejiminin çoxdankı arzusudur. Ümid olunurdu ki, Ermənistanın tərəfindən Rusiya, Azərbaycan tərəfindən isə Türkiyə müdaxilə edəcək. Erməni siyasi elitasının üst eşelonunun əsas məqsədi Türkiyə-Rusiya müharibəsini alovlandırmaq olmuşdur. Avropanın da marağında olduğu belə bir oyun alınmadı. Ərdoğanla Putin 7-8 dəfə görüşmüş, iki ölkə arasındakı əlaqələr yüksək səviyyədədir. Ermənistanda rus dili və onun daşıyıcıları diskriminasiyaya məruz qalır, millətçilik və faşistlərin qəhrəmanlaşdırılması prosesləri gedir.
Belə çıxır ki, siyasi əməkdaşlıqda irəli sıçramaq istəyən Ermənistan tullanaraq geri düşüb və beynəlxalq aləmdə nəzərəçarpacaq dərəcədə nüfuzunu itirib.
General Baqramyan öncədən görə bilirdi, yoxsa erməni faşizminin keçmişinə bələd idi?
Rusiya mətbuatında, siyasi kuluarlarda uzun illərdir ki, ən geniş müzakirə olunan və heç vaxt dəbdən düşməyən bir mövzu var: Sovet İttifaqının dağılması tarixi zərurət idimi? İndi zaman keçdikcə Ermənistan-Rusiya münasibətlərinin tarixini araşdırarkən birinci Şimal qonşusuna əbədi sədaqət andı içən ermənilərin əsrlər boyu çiçəkləyən xəyanətlərinin çələngi üzə çıxır.
Rusiyanın məşhur “Arqumentı i faktı” nəşri bu ilin 20 noyabr tarixli nömrəsində “İvan Baqramyan. Mühasirədən çıxmağın dahisi” sərlövhəli məqaləsində bu məsələyə bir daha toxunur. Müəllif Konstantin Kudryaşov yazır ki, SSRİ-nin dağılmasında əsas səbəblərdən biri əyalət millətçiliyi idi: “Baqramyan bu barədə ölümündən bir il əvvəl, Sovet İttifaqının dağılmasına 10 il qalmış demişdi: “Yerli millətçiliyin özbaşınalığına son qoymaq üçün mərkəzi hakimiyyətin yurisdiksiyasını gücləndirmək lazımdır. Moskvanın nəzarətindən azad olan millətçi quzğunlar “öz əraziləri”ndə etnik təmizləmələrə rəvac verəcəklər... Əgər hakimiyyət onların əlinə keçərsə, ölkəni qorxunc bir gələcək və çox güman ki, ölüm gözləyir”.
Müəllif generalın öncədəngörməsini qeyri-adi siyasi intuisiya kimi təqdim etsə də, fakt öz-özlüyündə ayrı bir məna kəsb edir. Belə ki, Baqramyan 1897-ci ildə Azərbaycanın Çardaxlı kəndində anadan olub. Hərbə marağı olan bir adam kimi ermənilərin ötən əsrin əvvəlində törətdiyi qırğınlara, apardıqları etnik təmizləmələrə yaxşı bələd idi. Çox güman ki, onun özünü də dəfələrlə Rusiyadakı erməni diasporu belə məsələlərin həllində fəallığa çağırmışdı. Bu baxımdan, erməniəsilli sovet generalına erməni millətçilərinin bütün gələcək planları dəqiqliklə aydın idi. Ola bilər ki, 1980-ci illərdə onu yenidən bu məsələyə cəlb etməyə çalışıblar. Amma general ona edilən təkliflərdən imtina edib. Onun 80-ci illərdəki çıxışını da erməni diasporuna verilən rədd cavabı kimi qiymətləndirmək mümkündür. Sovet İttifaqında ermənilərdən başqa heç bir xalq qonşularına qarşı belə sərt ərazi iddiaları ilə çıxış etmirdi və o cümlədən də etnik təmizləmələri planlaşdırmırdı. General əyalət millətçiliyi deyəndə, yəqin ki, bütün cinayətlərə hazır olan erməni millətçilərini nəzərdə tuturmuş. Bu da onu deməyə əsas verir ki, ermənilər tarix boyu yalnız bu dövlətdən maksimum yararlanmaq üçün Rusiyaya sədaqət andı içiblər. İndi də həmin əxlaqsız siyasi gedişlərlə Avropaya and içirlər.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”