"Azərkosmos"un xidmətlərindən 40 ölkə yararlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 2,4 milyard dollar təşkil edib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 16,2 faiz çoxdur.
Ümumiyyətlə, hesabat dövründə ölkə üzrə ümumi ixracın dəyəri 34,7 milyard dollar olub. 10 ay ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5, çay ixracı isə 48,9 faiz çoxalıb.
Məlumatda o da bildirilir ki, yanvar-oktyabr aylarında aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon dollara çatıb. İxrac edilən meyvə-tərəvəz məhsulları isə aqrar məhsullar qrupunun 92,5 faizini təşkil edib. Qeyri neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz yüksək olub.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid birinci, pambıq mahlıcı ikinci, qızıl üçüncü yerdə qərarlaşıb. Bu dövr ərzində Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrə Konfederasiyasına və Qazaxıstana ən çox qeyri-neft məhsulları ixrac olunub.
Bu ilin oktyabr ayı üzrə isə ixracın dəyəri 5,2 milyard, o cümlədən qeyri-neft sektoru üzrə 269,1 milyon dollar təşkil edib ki, bu da yeyinti məhsulları üzrə 73 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə 17,5 faiz artım deməkdir. Oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası birinci, Türkiyə ikinci, Gürcüstan üçüncü olub. Həmin ay ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci, karbamid ikinci və qızıl üçüncü qeydə alınıb.
Yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company" MMC, "Almeyvə" MMC, Şirinov Elvin Valeh oğlu, "Rose Servis" MMC, "Mors Trading" MMC, "P-Aqro" MMC, "STP Alüminium" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərenerji " ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azəripək" MMC, "Geofizika və Geologiya İdarəsi", Naxçıvan MR Dövlət Energetika Xidməti.
Məlum olduğu kimi, yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 10 ayda "Azərkosmos" tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon dollar dəyərində xidmətin (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunması ölkəmizdə bu sahədə görülən tədbirlərin nəticəsiz qalmadığını sübut edir. Mənbə onu da bildirib ki, "Azərkosmos"un 10 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 81 faizinə bərabərdir. Oktyabr ayında isə "Azərkosmos" dünyanın 36 ölkəsinə 2,4 milyon dollarlıq xidmət göstərib. Peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Fransa, Lüksemburq, Pakistan qərarlaşıb.
Rüstəm KAMAL,
"Azərbaycan"