Azərbaycanın antiterror tədbirləri nəticəsində qazandığı qələbədən sonra daha da radikallaşan Qərb institutları müxtəlif şəbəkələr vasitəsi ilə ölkəmizə qarşı total qarayaxma kampaniyasına başlayıblar. “Toplum TV” ilə bağlı ortaya çıxan həqiqətlər Qərbin ölkəmiz əleyhinə məkrli kampaniyasında antiazərbaycançı şəbəkənin elementi olan bu “media strukturu”ndan böyük "uğurla" istifadə etdiyini təsdiqləyir. Araşdırmalar göstərir ki, “Toplum TV”nin maliyyə mənbələri naməlumdur və ölkə qanunvericiliyinə tamamilə ziddir. Milli təhlükəsizlik məsələlərinin prioritet olduğu Azərbaycanda bu kimi təxribatçı addımların hər zaman olduğu kimi, yenə də uğursuzluğa düçar olacağı şübhə doğurmur.
Bu mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri heç bir formada media azadlığı kontekstində qiymətləndirilə bilməz. Müsahibimizin sözlərinə görə, hüquq-mühafizə orqanları “Toplum TV”də də səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanaraq aidiyyəti tədbirləri həyata keçirib.
“Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya proseslərində iştirak hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Azərbaycan Respublikasında media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam təmin edilib. Buna baxmayaraq, ölkədə bəzi “media qurumlar”ı beşinci kolon funksiyasını yerinə yetirərək bir sıra Qərb dövlətləri və təsisatlarının imperialist niyyətlərinin aləti kimi çıxış edirlər. Ölkəmiz əleyhinə qarayaxma kampaniyasında iştirak edən belə təsisatların əksəriyyəti uzun müddət "azad media" prinsipləri altında pərdələnərək təxribatçılıqla məşğul olublar. Azərbaycan dövləti isə qərəzli kampaniyalara təmkinlə yanaşır, təxribatçılıqla məşğul olsa belə, yerli mediada "yaradıcı" prosesə müdaxilə etmirdi. Lakin milli təhlükəsizlik məsələləri hər bir dövlət üçün prioritetdir və Azərbaycan ölkənin fiziki sərhədlərini aşa bilməyən düşmənin daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyi təhdid etməsinə imkan verə bilməzdi”, - deyə deputat qeyd edib.
Bəhruz Məhərrəmov söyləyib ki, bu tip media qurumları daha çox Qərbin təsir aləti kimi formalaşdığı üçün onlar barəsində görülən qanuni və hüquqi tədbirlər Qərbin qeyri-adekvat reaksiyaları ilə müşahidə olunur: “Təbii ki, bu təsisatların, ələlxüsus xəyanətkar şəbəkənin formalaşdırılmasında müstəsna rola malik USAID başda olmaqla, bir sıra Qərb fondlarının, hüquq-müdafiə adı altında fəaliyyət göstərən təşkilatların iç üzü Azərbaycana bəllidir. Çox da uzaq olmayan periodlarda bu təsisatların elə MDB məkanında həyata keçirdikləri dağıdıcı xarakterli təxribatlarını yaxşı xatırlayırıq. Təsadüfi deyil ki, USAID-in əvvəlki rəhbərlərindən fərqli olaraq Samanta Pauer Azərbaycana və bütövlükdə Türk-İslam dünyasına nifrətini gizlətmir. Belə bir məqamda Qərb şəbəkəsinə daxil olan subyektlərin aktivləşəcəyi də gözlənilən idi. Ssenari isə dəyişməyib - yerli uzantılar vasitəsilə daxildə qarışıqlıq yaradılır, əgər təxribat baş tutarsa, bu prosesin, yox əgər dövlət adekvat tədbirlərlə təxribatın qarşısını almağı bacararsa, bu halda isə "medianın təzyiqlərə məruz qalması" mövzusu ətrafında anti-Azərbaycan kampaniyasına başlanır”.
Deputat heç bir auditoriyası və fərqli media fəaliyyəti olmayan “Toplum TV”də əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin bəzi Qərb paytaxtlarında rəsmi reaksiyalara səbəb olduğunu deyib: “Maraqlıdır, görəsən bu reaksiyaları verənlər bütövlükdə “Toplum TV”nin fəaliyyəti barədə hər hansı məlumata malikdirmi?! Aydındır ki, verilən reaksiyalar öncədən hazırlanaraq paylanan anti-Azərbaycan kampaniyasının bir hissəsi olan tezislərdir. Əgər USAID başda olmaqla, Qərb təsisatları media azadlığı və jurnalist fəaliyyəti ilə bağlı həssasdırlarsa, 30 il davam etmiş işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurun dağıdılmış və əmlakı talan edilmiş media strukturlarının taleyi barədə niyə bir kəlmə də olsun danışmayıb, yaxud üç il öncə eyni gündə mina terroruna qurban gedən azərbaycanlı jurnalistlərin taleyini görməzdən gəlib?! Azad media ideallarından dəm vuranların Edvard Snouden, Culian Asanc kimi şəxslərin başına hansı oyunlar açdığı hər kəsə bəllidir. Elə ABŞ-nin özündə müxalif mövqeyinə görə Donald Trampın əsas müraciət platforması olan "tvitter" sosial hesabı niyə bloklanmışdı?! Yəni biz proseslərdən agahıq və Qərbin riyakar oyunları və saxta ssenariləri bizi yolumuzdan döndərə bilməz”.
Bəhruz Məhərrəmov yekunda vurğulayıb ki, Qərbin uzun illərdir Azərbaycanda qurduğu şəbəkələrin aranı qızışdırmaq cəhdləri bundan sonra da fiaskoya məhkumdur: “Azərbaycan bərabərtərəfli əməkdaşlığa açıqdır, lakin heç bir qüvvə qalib ölkəmizlə diqtə dilində danışa, təhlükəsizlik adası olan Azərbaycanda daxili sabitliyə xələl gətirə bilməz. Azərbaycan suveren və maraqlarını təmin etməyə qadir qüdrətli dövlət olaraq milli maraqlarımızı hədəfə alan istənilən təhdidə qarşı qanuni mübarizədə barışmazdır və anti-Azərbaycan şəbəkələrinə, habelə onların yerli dayaqlarının fəaliyyətinə imkan vermir”.
Nəzrin QAFARZADƏ,
“Azərbaycan”