02 Avqust 2023 09:35
198
SİYASƏT
A- A+

Qərbi Azərbaycan İcmasının ədalətli tələbini beynəlxalq təşkilatlar da dəstəkləyirlər

 

XIX əsrin əvvəllərindən başlayaraq, xüsusən də sovet hakimiyyəti dönəmində Cənubi Qafqazda azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı şəkildə tədqiqi, onun bugünkü nəslə və dünya xalqlarına çatdırılması Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlardan sonra sistemli şəkil almış, ildən-ilə daha da genişləndirilmişdir. 
Zəngin dövləti idarəetmə təcrübəsinə malik Heydər Əliyevin bu siyasi kursu 19 ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyevin bu məsələlərə xüsusi önəm verərək: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. 
Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır", - deyə tapşırıq və tövsiyələri dediklərimizə bariz nümunədir. 
Azərbaycan  bu ilin aprelində Laçın-Xankəndi yolundan qanunsuz daşımaların qarşısının alınması üçün beynəlxalq hüquqa əsaslanaraq öz ərazisində sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra Ermənistan bununla bağlı müxtəlif yalanlar və əsassız məlumatlar yayır. Təəssüf ki, buna dəstək verənlər də tapılır. 
Qərbi Azərbaycan İcması  Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirib. Bəyanatda vurğulanır ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyyatdır. Əslində, bu ölkənin göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Qarabağda ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edir. Azərbaycanın Qarabağ bölgəsində ermənilərin 10 minlik hərbi kontingenti üçün hər vəchlə təchizat yolu axtaran Hayastan bu mənfur cəhdləri ilə ölkəmizi şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində suverenliyini zəiflətməyə və orada separatizm meyillərini gücləndirməyə çalışır.
Bu baxımdan, Ermənistanın "humanitar böhran" barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təəssüf doğurur.
"Özünü "insan haqlarının qoruyucusu" adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlının hüquqlarına biganəliyi fonunda, sözügedən saxta "humanitar böhrana" dərhal diqqət yetirməsi bu təşkilatın qərəzliliyini ortaya qoyur. Bu, şuranın nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.
Qərbi Azərbaycan İcmasının cavabında son olaraq bildirilir: "Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdirdiyi qərəz və ayrı-seçkiliyə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırırıq".  
Xatırladaq ki, icmanın beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən mövqeyini tərəqqipərvər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar da dəstəkləyirlər. Qürurverici haldır ki, cari ilin əvvəllərində Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini qəbul edərək BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır. Ekspertlərin fikrincə, müraciətin belə bir mötəbər qurum tərəfindən dəstəklənməsi və yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsində böyük uğurdur. 
Qərbi Azərbaycan İcması məsələnin daha qlobal müstəvidə həllinə nail olmaq üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) da müraciət ünvanlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırış etmişdir. Yaxşıdır ki, iyul ayının 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə olunarkən Qərbi Azərbaycan İcmasının qayıdışı məsələsi də müzakirə mövzusu olmuşdur. 
İcmanın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin Brüsseldə gündəmə gətirilməsini alqışlayan bəyanatında məmnunluqla bildirilir ki, əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı məsələsi müzakirəyə çıxarılmışdı.
Qərbi Azərbaycandan olan soydaşlarımızın yurdlarına qayıdış məsələsinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların gündəliyinə gətirilməsi bu problemin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həlli istiqamətində tarixi bir hadisədir. Bu, Qərbi Azərbaycan İcmasını və Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlını qayıdış hüququnun reallaşması istiqamətində fəaliyyətə daha da ruhlandırır.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bizimlə söhbətində bəyanatın detallarını açıqlayaraq bildirdi: "Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun reallaşmasının müzakirə mövzusu olmasını alqışlayaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, eləcə də dünyanın bütün beynəlxalq təşkilatlarına bir daha bəyan edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Bu baxımdan, biz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsini ürəkdən alqışlayırıq.
Qərbi Azərbaycan İcması qayıdış məsələsinə dövlətlərarası münasibətlərin normallaşmasına xidmət edən Brüssel sülh prosesində baxılmasına paralel olaraq, bu məsələ üzrə Ermənistan hökuməti ilə birbaşa danışıqlara hazır olduğunu bir daha bəyan edir və Ermənistan hökumətinə bununla bağlı dialoq çağırışını yeniləyir".
Vaqif Şadlinski onu da xüsusi olaraq vurğuladı ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası ilə əlaqədar istər fərdi qaydada, istər kollektiv şəkildə atılan ciddi addımlara dövlət dəstəyi getdikcə artırılır. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı araşdırmaların yeni yanaşmalarla yazılması gündəmdədir. Sanballı tədqiqatlarla bərabər, həm də vaxtilə yazılmış kitabların tarixi reallıqlara uyğun yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə ənənəvi beynəlxalq elmi konfransların təşkilinə üstünlük verilir ki, mövzu daim özünün strateji əhəmiyyətini saxlaya bilsin.
İcma rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmaq üçün beynəlxalq müstəvidə xalqımızın və dövlətimizin haqlı tələbini dünyaya bəyan edir. İcma Ermənistandan ətraf mühiti bilərəkdən çirkləndirməyə son qoymağı tələb edib. Ermənistan hökumətinin bu ölkədən zorla çıxartdığı azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa və Ermənistana maksimum təzyiq göstərməyə çağıran bəyanat yayıb.
Bəyanatda o da vurğulanıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmamaları üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb.
Eyni zamanda qeyd edilib ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantılarını çaya buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki icmaların sağlamlığını və rifahını təhlükə altına qoyur.
Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkləndirir. Göyçə (Geğarkunik) Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiriciləri ətrafa buraxaraq havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirkləndirilir. Bu misallar Ermənistanın dağıdıcı mədənçilik fəaliyyətinin məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.
Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almağa və etnik təmizləmə siyasətini davam etdirməyə hesablanıb.
Bəyanatda deyilir: "Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə son qoyması üçün qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulayırıq. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu dözülməz hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların yurdlarına təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir".
İcmanın dövlətin və ictimaiyyətin istəyindən xəbər verən tələbində bildirilir: "Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyət məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır. Bu kobud qanun pozuntularını aradan qaldırmaqla biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanların hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə təkan verə bilərik".

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video