05 May 2024 08:05
232
SİYASƏT
A- A+

Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir

 

Bu ölkə Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir

 

ABŞ-nin və Qərbin bəzi fondlar vasitəsilə müstəqil ölkələrdə dağıdıcı siyasət yürütdüyü hər kəs tərəfindən bilinən gerçəklikdir.  Onlar öz sifarişlərini icra etdirmək üçün hədəfə götürdükləri ölkələrin mediasını, QHT-lərini ələ almaqla və müxtəlif yollarla maliyyələşdirməklə pərdə arxasından çirkin planlarını yerinə yetirməyə çalışırlar.
Bu günlərdə Gürcüstanda yaşananlar da məhz bundan xəbər verir. Belə ki, qonşu ölkədə  "Xarici təsir haqqında" qanun layihəsi ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda qəbul edilib və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur.
Məsələnin diqqətçəkən tərəfi Qərb ölkələrinin Gürcüstanda qəbul olunmaq ərəfəsində olan "Xarici təsir haqqında" qanun layihəsinə kəskin reaksiyası və etirazıdır. Gürcüstan hökuməti isə öz mövqeyində haqlıdır.  Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Eyni ssenari 2004-cü ildə Gürcüstanda tətbiq olunmuşdu. Hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verilmiş, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürüklənmişdi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirilmişdi. Rusiya qoşunları isə Tbilisinin bir neçə kilometr yaxınlığına gəlib çatmışdı. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmamış və nəticədə uduzan Gürcüstan cəmiyyəti olmuşdu.  
Baş verənlər ABŞ başda olmaqla Qərbin Gürcüstan xalqına qarşı təxribatı idi və bunun yenidən təkrarlanmasına cəhd olunur. Ancaq 2004-cü ildən fərqli olaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Bilinir ki, ötən illər ərzində Qərb Gürcüstanda çox güclü şəbəkə qurub. 
ABŞ, Fransa və digər "demokratiya mayakları" gürcü müxalifətinin əli ilə sözügedən qanunun qəbuluna qarşı çıxır. Həmin qanunun tətbiqinə tərəfdar olanların əsas arqumenti isə ondan ibarətdir ki, xarici maliyyələşdirmənin vergi orqanları qarşısında zəruri hesabatlılığını təmin etmək lazımdır.
Qeyd edək ki, hazırda ölkədə 25 min fəal QHT var ki, onların da 90 faizi xarici mənbələrdən maliyyələşir. Bu vəsaitlərin haradan gəldiyi, hansı məqsədlər üçün xərclənməsi ilə bağlı Gürcüstanda ciddi nəzarət mexanizmləri mövcud deyil. Söhbət xarici donorlardan qrant alanları kənar maliyyə mənbələri haqqında hesabat verməyə məcbur etməkdən gedir. 
Göründüyü kimi, öz ölkələrində QHT sektoruna xaricdən gələn maliyyə mənbələrinə dördgözlə nəzarət edən, bu sahədə məhdudlaşdırıcı və cinayət məsuliyyəti nəzərdə tutan qərarlar qəbul edən Qərb postsovet ölkələrində analoji qanunların qəbul olunmasına aqressiv reaksiya verir, QHT-nin maliyyə mənbələrinin şəffaflığı üçün atılan addımlara antidemokratik don geyindirir, ölkənin daxili işlərinə açıq müdaxilə edir. 
Gürcüstan cəmiyyətinin müqaviməti ABŞ-nin və Qərbin regiondan qovulması prosesinin təzahürüdür. Bu proses illər öncə Azərbaycandan başladı. 2010-cu ildən başlayaraq ABŞ-nin Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED təşkilatının Bakı ofisinin rəhbəri olan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. 
Maraqlıdır ki, bu gün "Xarici təsir haqqında" qanunun qəbul olunmasına qarşı sərt çıxış edən ABŞ  özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ-də isə müvafiq hüquqi aktlar  fəaliyyətdədir. 
Regionda yaşanan siyasi proseslər fonunda ABŞ və Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan bölgədə hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, onlar bu regionda ayaq aça bilməyəcəklər. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, antiazərbaycançı qüvvələr təzyiqlərin heç bir nəticə verməyəcəyini anlayaraq geri çəkiləcəklər.  Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb. 
Təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. ABŞ-nin başçılığı altında bəzi Qərb ölkələri və təsisatları Azərbaycanda illərdir eyni çirkin ssenarini həyata keçirməyə cəhd edirlər. Onlar Soros, USAID kimi fondlar vasitəsilə Azərbaycanda da "Abzas Media", "Toplum TV", müəyyən QHT-lər və digərlərini maliyyələşdirərək ölkəmizdə mənfur planlarının reallaşmasına çalışırlar. İstəyirlər ki, ölkəmizdə də siyasi sabitliyi pozsunlar, xalqla dövləti qarşı-qarşıya qoysunlar. Bir müddət əvvəl "Abzas Media"da, bu yaxınlarda isə "Toplum TV"də aparılan araşdırmalar zamanı sözügedən Qərb təsisatlarının Azərbaycanla bağlı məkrli planları faktlarla üzə çıxarıldı. "Toplum TV"nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi zamanı Qərb institutları tərəfindən Azərbaycan qanunlarına zidd şəkildə medianın, jurnalistlərin və ayrı-ayrı şəxslərin maliyyələşdirilməsinə dair ciddi dəlillər müəyyən edildi.
Faktlar göstərir ki, Qərb təsisatları tərəfindən geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyaları həyata keçirilir və çirkli pullar yuyulur. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb. Bu zaman terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmindən və adsız kartlardan geniş istifadə olunub. 
Göründüyü kimi, artıq bütün dünyaya məlumdur ki, ABŞ və bir sıra Qərb dövlətləri özlərinin hədəflərində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metod və vasitələrdən istifadə edirlər. Ən optimal metodlardan biri də bu ölkələrdəki müxalifət təşkilatlarını qanunsuz maliyyələşdirmək və onların fəaliyyəti üçün şərait yaratmaqdır. ABŞ və Qərb ölkələri məqsədlərinə çatmaq üçün uzun illərdir icra mexanizmi formalaşdırırlar. Bu gün istintaqa cəlb olunmuş şəxslər bütün cinayət əməllərini etiraf edirlər, adlar, təşkilatlar, maliyyə barədə ətraflı məlumatlar verirlər. Qərb təşkilatları tərəfindən onların üzərinə qoyulmuş vəzifələr həqiqətən də heyrətamiz və tükürpədicidir. Bunların hamısı artıq məlumdur və yaxın zamanlarda açıqlanacaq.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video