8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu.
Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət yerini tapdı. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
Noyabrın 8-nin ölkəmizdə Zəfər Günü olması ilə bağlı sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdilər, ön və arxa cəbhədə sarsılmaz birlik yaratdılar. Bu birlik və həmrəylik haqlı olaraq "dəmir yumruq" kimi səciyyələndirilir.
Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanlarının inşa olunması, Zəngilanda "ağıllı kənd", "ağıllı şəhər" layihələrinin icrası, Zəfər yolunun inşası, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su-elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.
Bir sözlə, azad edilmiş ərazilərdə genişmiqyaslı işlər görülür - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlər tikilir. Azad edilmiş torpaqlara həyat qayıdır.
Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur etdilər. Bu tarixi hadisədən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə tam bərpa edilməsi Vətən müharibəsindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Qarşıda isə bizi hələ mühüm vəzifələr gözləyir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır.
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük.
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı