Gəlişinlə
milyonları sevindirdin...
Uğur rəmzinə
çevrildin...
Qüdrətli Azərbaycanın,
yaralı Qarabağın övladı...
Süngülənən
körpələrimizin, şəhid oğul-qızlarımızın ölməz ruhundan pərvəriş tapan...
Dünyaya gəlişinlə
Azərbaycan xalqının əbədiyaşar olduğunu sən də müjdələdin...
Düşmənə göz
dağı doğuldun...
Sabaha inamımız,
xalqımızın sevinci...
Mehribanımız...
***
Elə körpə
Mehriban gəlişiylə haqq səsimizi də bu nahaq dünyaya hayqırmış oldu...
O, ana yurdu
düşmən tapdağında olan məcburi köçkün kimi gözlərini açdı bu dünyaya...
Taleyinə,
qismətinə hələ doğulmamış qaçqınlıq, köçkünlük yazıldı...
Xocalının,
Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın körpələri kimi...
Amma onun
doğuluşu həm də ümidlərimizi şölələndirdi, qeyri-rəsmi bayramımıza çevrildi...
Keçmiş Ağdərə
rayonunun sakini balaca Mehriban Ağdamın Baş Güneypəyə kəndindəki məcburi köçkünlər
üçün salınmış qəsəbədə böyüyəcək...
Amma o gün
də uzaq deyil ki, tezliklə Mehriban işğaldan azad olunmuş vətən torpaqlarımızda
təhsil alacaq, sevdiyi sənətə sahib olacaq, gəlin köçəcək...
***
10 milyonuncu
sakinimizin qız doğulmasının özü də bu gün bütün dünyada diskriminasiyaya məruz
qalan qız uşaqlarının qaranlıq dünyasına bir nur saçdı...
Onun doğuluşu
hələ ana bətnlərində doğulmamış qətl edilən minlərlə qız uşağının həyata vəsiqə
qazanmasına bir vəsilə oldu...
Heç təsadüfi
deyil ki, məhz bu körpəyə də Azərbaycan qadınlarının simvoluna çevrilmiş Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı
qoyuldu...
Birinci xanım
kimi Azərbaycan xalqının layiqli övladı olması, bəşəri ideyaların davamçısı, həm də əsl vətənpərvər olması arzusunu diləyirik...
Bu gün hər
bir ailədə minlərlə körpənin qayğısız, şən gülüş sədası yüksəlir...
Bu isə hər
birimizdə əminlik yaradır ki, Azərbaycan bilikli, cəsur, igid balaları sayəsində
bu gün də var, gələcəkdə də daim var olacaq...
Xoş gəldin,
balaca Mehriban!
Qədəmlərin
mübarək, doğma yurdumuzun 10 milyonuncu sakini...
Mehribanımız...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”