12 İyun 2018 02:06
1033
SİYASƏT
A- A+
Qayalara qanla yazılan döyüş

Qayalara qanla yazılan döyüş

 

Gədəbəydə və qonşu Göyçəətrafı kəndlərdə tüğyan edən erməni hücumlarının, qətliamlarının qarşısını almaqdan ötrü ölüm-dirim savaşına çıxanlardan biri də Məcid ağa (Qaçaq Məcid) Məmməd ağa oğlu Şəkibəyov olmuşdur. 1888-ci ildə Gədəbəydə Şahtalası kəndində dünyaya göz açmışdı. Atası həm təsərrüfat sahibi, həm də Gəncə quberniyasının Gədəbəy ərazisi üzrə çarın vergiyığanı idi.

Məmməd ağanın beş övladı olub: Həmid, Cəvahir, Bəsti, Bahar və Məcid. Məmməd ağa görüb-götürmüş adam idi. Söhbət düşəndə deyərdi: “Dünya malı gəldi-gedərdi, amma oxumaq, savadlı olmaq ömürlük var-dövlətdir...” Bu arzuyla da o, kənddə ərəb və rus dillərində yazıb-oxumağı öyrənən Məcidi Tiflisə aparıb gimnaziyaya qoyur.
Həmin illərdə Göyçəətrafı ərazilərdə məskunlaşan daşnaklar Gədəbəylə Şəmkirin sərhəd aralığında yığcam yaşayan ermənilərin vasitəçiliyi ilə gəlmə ruslarla “iş birliyinə” qoşularaq daha da fəallaşmışdılar. Müsəlman kəndlərinə basqınların, mal-qara talançılığının sayı artmışdı, erməni quldurları kəndləri yandırır, viranə qoyur, qadın və uşaqlar qaçqın düşürdülər... Qarət edilən kəndlilərin biri Gəncə qubernatorluğuna və ya Qəzanın Zəyəm Birliyinə şikayət edəndə məmurlar ermənilərin tərəfini saxlayırdılar. Məmməd və Əsgər ağa qardaşları yaşadıqları Şahtalasını erməni basqınlarından qorumağa çalışırdılar.
Hadisələrin belə gərgin vaxtında Məmməd ağanın oğlu Məcid ağa üç il olardı ki, Novo-İvanovkada qəza rəisi (“naçalnik uyezd”) işləyırdi. Burada molokan qızı Mariya ilə ailə qurmuşdu. Məmməd ağa böyük oğlu Həmidi evləndirəndən bir neçə ay sonra o, qəfil xəstəlikdən vəfat edir. Həmidin həyat yoldaşı Lalə Gədəbəydə tanınan mülkədarlardan Məşədi Mehralının bacısı idi. Məmməd ağa Laləni həm gəlini, həm də dostunun bacısı kimi xətrini çox istəyirdi. Gəlini başqa ocağa düşməsin deyə, qohum-əqrəba ağsaqqallarının məsləhəti və razılığı ilə bir neçə ildən sonra oğlu Məcid ağaya kəbin etdirir.
Məcid ağanın Lalədən üç oğlu olur - Cəmşid ağa, İbrahim ağa və Ənvər ağa. Mariya Kandaurovadan isə iki övladı - oğlu İsa, qızı Ziba (Ziba uşaq ikən dünyasını dəyişib) dünyaya gəlmişdi. İsa belarus qızı Qlasira ilə ailə qurur. Bu cütlüyün dörd övladı olur. Oğlanları Aleksandr və Viktor, qızları Lyudmila və Svetlana.
* * *
Məmməd ağa çarın vergiyığanı kimi, kimin necə dolandığını, nə işlə məşğul olduğunu yaxşı bilirdi. Göyçə tərəflərə İrandan və Türkiyədən köçürülən erməniləri, habelə Rusiyanın ucqarlarından gətirilib Gədəbəyin və Şəmkirin münbit torpaqlarında məskunlaşdırılanları görəndə çarın işğalçılıq siyasəti açıq-aydın məlum olurdu. Molokanlar yaşadıqları əraziyə müsəlmanları yaxın buraxmırdılar, amma ermənilərlə dostluq edir, kəndə gəlib-getmələrinə söz demirdilər.
Bunları qəbul etməyən Məmməd ağa ərki çatan dost-tanışı başına yığıb ermənilərə dəstək olanları, Novo-İvanovkada məskunlaşan gəlmələri bu yerlərdən köçürmək istəyir. “Daşnaksütyun”un Çardaxlı kəndi üzrə əlaqələndirmə mərkəzinin rəhbəri, keşiş Vahan bundan xəbər tutan kimi erməniləri Çardaxlıya və ətraf kəndlərə gəlib-getməyə həsrət qoyan Məmməd ağadan şikayət yazır. Məktublarında “məzlum erməniləri” incitmələrini, rusları gözümçıxdıya salmalarını və millətçi olmalarını xüsusi vurğulamaqla göstərirdi ki, Məmməd ağa çar II Nikolayın əmri ilə axtarışda olan Dəli Alını və Qaçaq Kərəmi evində gizlədir, bölgədə əks-inqilabi mövqedə olan qaçaqlara himayədarlıq edir.
Keşiş Vahanın Nikolay hökumətinə və digərlərinə yazdığı məktublar nəticəsiz qalmır. Məmməd ağa Yelizavetpol (Gəncə) Quberniya Jandarm İdarəsi tərəfindən həbs olunub 20 illiyə Sibirə sürgün edilir. Bundan incik düşən Əsgər ağanın çar hökumətinə mövqeyi tamam dəyişir. Məmməd ağanın oğlu - Tiflis gimnaziyasının məzunu, Novo-İvanovkanın qəza rəisi Məcid ağa qaçaq həyatı yaşamalı olur, atasının yolunu davam etdirərək ermənilərə və onlara havadarlıq edənlərə qarşı mübarizə aparmağa başlayır.
Məcid ağa, Əsgər ağa, Cəbrayıl və Kərəm Söyün oğulları, Mustafa Şəkibəyov, Niftalı Əsgər oğlu, Məşədi Mehralı, Qara Musa, Axund Zeynal, Mariyanın atası Abram Kandaurov, Miskinlidən Abuzər Axundov, Salman İmanquliyev, Alnavatdan Əsgər Qara oğlu, İlyas Əliyev, Arıqırandan İsmayıl Məmmədov və digərləri ermənilərə və yeni quruluşun haqsızlıqlarına qarşı Attıxdərə, Daryurd, Kiçik Qaramurad, Çətindərə, Şahtalası, 1920-ci ilin dekabrında və 1921-ci ilin yanvarında Xınnada baş verən silahlı üsyanların təşkilatçısı və iştirakçısı olmuşlar. Yeni quruluşa tabe olmadıqlarından hamısının adı yaşadıqları kənddə “qara siyahı”ya salınmış, səsvermə hüququndan məhrum edilmişdilər. Özlərini də NKVD və QPU-nun əməkdaşları gecə-gündüz axtarırdılar.
* * *
Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılandan sonra nə Məcid ağa, nə də Yaqublu dəstəsinin üzvləri bolşevik-erməni hökumətinə tabe oldu. Məcid ağanın Cümhuriyyətdən əvvəl Müsavat hökumətinin ərazi üzrə nümayəndəsi olduğunu hamı bilirdi. Bunu bəhanə edən Andronikin köməkçisi general Dro yeni quruluşu və bolşevikləri müdafiə adı ilə xaincəsinə dinc əhaliyə tez-tez hücum edir, “əks-inqilabçılar”, “yeni quruluşun düşmənləri” adı altında azərbaycanlıları süngüdən keçirir, gözünü çıxarır, başını kəsir, ev-eşiyinə od vurur, mal-qarasını, ev əşyalarını yığıb aparırdılar.
Şınıx ərazisində və Ağkilsədə Əsgər ağa, Məşədi Mehralı, Qara Musa, Dikdaşda Muqa Namaz, Ataxalda Qara Bayram öz dəstəsi ilə dağda-dərədə gizlənərək daşnak silahlı birləşmələrilə ölüm-dirim savaşına çıxırdılar. Dəfələrlə Göyçə tərəfdən gələn, Çardaxlı, Şəmkir və Gəncə erməniləri ilə birləşərək daha böyük qırğınlar törətmək istəyən daşnak quldur silahlılarını Yaqublu qaçaqlarının başçısı Məcid ağa öz dəstəsi ilə dağda-dərədə yox eləmiş, onu tutmağa, ya da öldürməyə gələn NKVD işçilərini, əsgərləri pərən-pərən salmışdı.
Tayqulaq Andronikin köməkçisi general Dro Konanyanın Göyçəətrafı ərazilərdə düşərgə salmış dəstəsi Gədəbəydən keçməklə Şəmkir və Gəncə erməniləri ilə Məcid ağanın qorxusundan bir iş görə bilmədiklərindən taktikanı dəyişirlər: bu dəfə Qabaqtəpədən keçib (indiki Daşkəsən) Gəncəyə hücum etmək istəyirlər. Gəncənin vətənpərvər oğlu Mədət Quliyev ermənilərin bu planından xəbər tutur. Daşnakların gizli hücumunun qarşısını almaq üçün məşhur qaçaq, dəstəfurlu Sarı Qafara xəbər göndərib, onların hansı yolla gələcəklərini bildirir. O da dostu Qaçaq Məcidi və şəmkirli Morul Məhəmmədi məsələdən hali edir. Məcid ağa öz dəstəsi ilə Gədəbəydən qərbdə Qaşqa çayın sahilində pusqu qurub quldurların yolunu gözləyir. Daşnaklar çayın sahilinə çatanda, arxayın-arxayın atdan düşüb, dincəlmək istəyəndə Məcid ağanın dəstəsi onları tərpənməyə qoymur. Yüzə yaxın ermənini son nəfərinədək məhv edib, silahlarını və atlarını götürürlər.
Bu cür itkiləri həzm edə bilməyən daşnaklar çıxış yolu kimi himayədarlarına üz tutur, “əks-inqilabçıları” əzmək üçün kömək istəyirlər. Bolşeviklər məsələni ermənilərin xeyirinə həll etmək məqsədilə tez-tez Məcid ağaya yeni hökumətin tərkibində böyük vəzifə verəcəkləri vədilə barışıq təklifi göndərsələr də, o, razılıq vermir.
1929-cu ilin dekabrında Məcid ağanın yerini müəyyənləşdirən bolşeviklər 1930-cu ilin qarlı-çovğunlu fevral günlərində Şahtalasına qoşun yeridir. Hökumət qüvvələri ilə Məcid ağa arasında danışıqlar gedir, silahı könüllü yerə qoyarsa, ona yaxşı vəzifə verəcəkləri vədilə diri tutmağa çalışırdılar. Amma Məcid ağa 20 illik Sibir sürgünündən qayıdan qoca atasının Cümhuriyyətin süqutundan sonra, evinin kəndarında güllələnməsini heç cürə bağışlaya bilmir və barışıq təklifinə rədd cavabı verir.
Bolşeviklərin təkliflərini qəbul etmədiyindən Məcid ağa və onun silahdaşlarının üzərinə ordu qüvvələri yeridilir. Hücuma və danışıqlar prosesinə rəhbərlik ordu birləşmələrinin başçısı peşəkar hərbçi Arbuzova həvalə edilir. Əməliyyatı birbaşa nəzarətdə saxlayan Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin rəhbəri Mir Cəfər Bağırov Arbuzova tapşırmışdı ki, bütün dəstəni məhv etsəniz də, Məcid ağanı diri tutub gətirin.
Ordu fevralın 6-da Əlnabad kəndinə hücuma keçir. Gədəbəylilər ərazinin bolşeviklər tərəfindən işğalı ilə heç cürə barışmayaraq Məcid ağanın müdafiəsinə qalxır, müqavimət hərəkatına qoşulurlar. Dörd gün davam edən döyüşlərdən sonra Əsgər ağa əlavə qüvvə gətirmək üçün indi Ermənistan adlanan ərazidə azərbaycanlılar yaşayan Cilli kəndinə gedir. Fevralın 10-da QPU-nun Gəncə dairəsinin əməkdaşları Əsgər ağanı orada həbs edirlər. Ordu Əlnabadda qırdığını qırandan sonra Qaçaq Pirverdinin dəstəsini məhv etmək üçün Çətindərəyə istiqamət götürür, burada da istədiklərinə nail olan əsgərlər fevralın 12-də Yaqublulara qarşı hücuma keçirlər.
Atışma iyirmi gündən çox davam edir, nə Yaqublular təslim olur, nə də onların üstünə yeriyən əsgərlərin ardı-arası kəsilir. Addımbaşı bolşevik gülləsinə tuş gələn yerli əhalinin qanı dağlara, sıldırım qayalara, dərin dərələrə töküldükcə ordu qoşunları irəliləyir. Məcid ağa vuruşa-vuruşa Qızıl qayaya tərəf çəkilir. Mühasirə daralanda yerini dəyişir, oğlu Cəmşid bəy və bir neçə silahdaşı ilə çətinliklə də olsa aradan çıxırıb Qızıl qayadakı mağaraya qalxır. Qayanın qənşərində əsgərlərin arasında gözü ordu komandiri Arbuzova sataşır. Tüfəngini üzünə qaldırmağı ilə Arbuzovu aşırmağı bir olur. Əsgərlərin arasına çaxnaşma düşür. Komandir öldürüldüyündən atışma və hücum dayandırılır.
Ertəsi gün mağara güllə yağışına tutulur. Atışma fevralın sonuna kimi davam edir. Qaçaq Məcidin azuqəsi və gülləsi tükəndiyindən atışma səngiyir. Hərbçilərə bələdçilik edən Arabaçı kəndinin sakini ehtiyat edə-edə onun gizləndiyi mağaraya tərəf: “Məcid ağa, atma, mənəm! Məcid ağa, atma, mənəm!” deyə-deyə qayanın döşündəki dar cığırla dizləri əsə-əsə addım-addım irəli gedir. Mağaranın girişinə çathaçatda Məcid ağa atəş açır, vasitəçi qayalara çırpıla-çırpıla dərənin dibinə düşür. Bunu görən dəstə komandiri və əsgərlər qayalığa güllə atmağın mənasız olduğunu anlayıb saatlarla gözləmə mövqeyi tuturlar.
Məcid ağa dəfələrlə onu düşmən mühasirəsindən çıxaran atına baxır, “Sənə düşmən əli dəyməməlidir” deyib, ikinci gülləni atına vurur.
Məcid ağanın 43 illik ömrünün 20 ildən çoxu erməni quldurları və bolşeviklərlə mübarizədə keçmişdi - dağlarda, dərələrdə kəndbəkənd milləti qırğından, torpağı işğaldan qorumuşdu. Döyüşlərdə həlak olan silahdaşlarının, Cümhuriyyətin tərəfdarı kimi bolşeviklərin əli ilə evinin kandarında öldürülən qoca atası, dövlət siyasi idarəsinin təhlükəsizlik müstəntiqləri tərəfindən Cillidən qolu qandallı aparılan 90 yaşlı əmisi Əsgər ağanın surəti gözləri önündə canlandı. Adına “qaçaq”, “quldur”, “bandit”, “müsavatçı”, “millətçi”, “xalq düşməni” deyiləndən, 1918-ci il “Şamxor davası”ndan, 1920-ci il “Gəncə üsyanı”ndan onu özünə qatı düşmən hesab edən rejimdən aman gözləməyi mənasız sayırdı.
“Düşmən məni saqqallı və belə vəziyyətdə görməməlidir” fikriylə Məcid ağa üzünü qırxır, əynini dəyişir, özünü səliqəyə salıb günorta namazına durur, “kəlmeyi-şahadət”ini oxuyur, sonra da tüfənginin qundağına “Məcid Məcidi vurdu” yazaraq sonuncu gülləsini özünə sıxır...
* * *
Sözardı: Şəmkir rayon Morul kəndinin sakini, 70 yaşlı Bədir Zeynalov bu barədə deyir: “Babam Qədim Zeynalov o zaman NKVD-nin Zəyəm bölməsində otryadda idi. Məcid ağanı həbs etməyə gedən hökumət qüvvələri arasında o da olub. Babam danışardı ki, komandir Qızıl qayada sutkadan artıq “susan mağaraya” getmək üçün üç nəfər ayırdı - məni, bir ermənini, bir rus əsgərini. Tapşırığa əsasən mağaraya əvvəl mən, sonra erməni, axırda rus əsgəri daxil olmalı idi.
Mağaranın girişi balaca və dar olsa da, içərisi böyük idi, burada yonma daşdan qabaq stolu, üstündə qara çıraq, oturacaqlar, taxt, digər əşyalar və s. var idi. Hiss olunurdu ki, mağaraya gizli giriş yolu var.
Məcid ağa daşdan olan taxta söykənikli idi, qorxumdan yaxın gedə bilmirdim, diqqətlə baxdım, özü-özünü güllə ilə vurmuşdu, sol əli tüfəngin lüləsinə bükülü qaldığından barmağındaki iri qızıl üzük diqqət çəkirdi. Bir az aralıda zil qara atı da ölü vəziyyətdə idi. Mağaradan çıxdım, gedib məni təlaşla gözləyən erməni əsgərinə bildirdim ki, Məcid ağa ölüb.
O, mağaraya girəndə, xeyli aralıda ermənidən daha doğru cavab gözləyən rus əsgərinin bərabərinə getdim, ona da eyni sözləri dedim. Bir azdan erməni əsgəri mağaradan çıxıb gəlib rus əsgərinə mənim dediklərimi təsdiq etdi. Bu dəfə rus əsgəri özü gedib Məcid ağanın meyitini görəndən sonra mağaradan çıxıb havaya atəş açdı. Bizi durbinlə izləyən NKVD işçiləri və əsgərlər mağaraya tərəf hərəkət etdilər.
Məcid ağanın meyitini mağaradan çətinliklə çıxarıb NKVD işçilərinə təhvil verəndə, gördülər ki, kişinin sol əlində barmağının biri yoxdur, özü də təzəcə kəsilib, hamı təəccübləndi. Səbəbi ilə maraqlananda bildirdim ki, mən barmağı salamat, üzüklü görmüşdüm. Bundan sonra məsələ daha da böyüdü, erməni də, rus əsgəri də dirəndi ki, biz meyiti barmaqsız, üzüksüz görmüşük. Üstümüzü axtaranda üzük erməninin cibindən çıxdı. Məlum oldu ki, erməni Məcid ağanın barmağındakı qızıl üzüyü dartışdırıb, çıxara bilməyəndə, xəncərlə kəsib götürüb. Rus komandiri ermənini sıradan çıxartdı, bir neçə addım kənara apardı, nəhəng bir ağacın arxasına keçəndə atəş səsi eşitdik...
Komandir geri qayıdıb Məcid ağanın meyitini arabaya qoyub Novo-İvanovkada qərargaha - əməliyyata rəhbərlik edən Mir Cəfər Bağırovun hüzuruna aparılması barədə göstəriş verdi.
Meyiti dövlət siyasi idarəsinin başçısı Mir Cəfər Bağırov görəndən sonra üzüyü, tüfəngi və türk mauzerini Gəncə NKVD-sinin nümayəndələrinə təhvil verdik. Orada komandirlərdən eşitdim ki, Mir Cəfər Bağırov tez-tez təəssüf hissilə “O mənə diri lazım idi” deyə, Məcid ağanın ölümünə heyfsilənirmiş.
* * *
Qaçaq Məcidin ölümündən sonra bolşeviklər onun ailəsinə divan tutdular. Cəmşid ağa həbsxanaya salındı, İbrahim ağa evdə olmadığından tuta bilmədilər, Ənvər azyaşlı olduğundan uşaq evinə göndərildi. Az sonra Cəmşid ağa Bakıda Bayıl türməsində üçlüyün qərarı ilə güllələndi. Ənvər uşaq evində böyüdü, internatda oxudu. Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə fakültəsinin tələbəsi oldu. Bilinəndə ki, o, “xalq düşməni” Qaçaq Məcidin oğludur institutdan qovuldu. Sonralar Mir Cəfər Bağırovun köməyi ilə instituta bərpa olundu. 1939-cu ildə Fin müharibəsinə səfərbər edildi. 1943-cü ildə almanlar tərəfindən əsir alındı. Hərbi düşərgədə yaralı əsirlərin müalicəsi ilə məşğul oldu.
1945-ci ilin mayında Böyük Vətən müharibəsi Qələbə ilə başa çatandan sonra Ənvər Azərbaycana qayıda bilmir: düşünür ki, “xalq düşməni”nin oğlu olduğuna və müharibədə almanlara əsir düşdüyünə görə ya həbsxanaya salınacaq, ya da Sibirə sürgün ediləcək. Azərbaycanlıların böyük bir qrupu ilə İsveçrəyə keçir. Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə yarada bilir. Az müddətdən sonra Türkiyəyə gedir, orada yaşayır, azərbaycanlılardan ibarət cəmiyyətin üzvü olur və orada ömrünü başa vurur.
İbrahim ağa isə gah gizli, gah aşkar Şahtalasına qonşu olan Arabaçı kəndində yaşayır, 1980-ci ildə rəhmətə gedir.
Mariya Kandaurovadan olan oğlu İsa anası rus olduğuna və onun familyasını daşıdığına görə güllələnmədən və sürgündən yayına bilir.
İsa 1926-cı ildə Bakıda dünyasını dəyişir.
Məcid ağanın əmisi Əsgər ağa Məşədi Sadıx oğlu Şəkibəyov NKVD zirzəmilərində bir il işgəncələrə məruz qaldıqdan sonra - 91 (“cinayət işi”ndəki sənəddə 107 göstərilir) yaşının tamamında Fövqəladə üçlüyün Gəncə dairəsinin 20 fevral 1931-ci il tarixli qərarı ilə “Yaqublu silahlı dəstənin rəhbəri”, “əksinqilabçı”, “müsavatçı” kimi güllələnməyə məhkum edilir. Həyat yoldaşı 75 yaşlı Güllü, oğlanları İsrafil, Mahmud, Cəbrayıl, Niftəli, qızı Gülşən 5 il müddətinə Qazaxıstana sürgün edilirlər.
Əsgər ağaya əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 oktyabr 1993-cü il tarixli qərarına əsasən bəraət verilir.

Rəhman SALMANLI,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!