Rusiya Azərbaycanla dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir
Son günlərin mühüm və qlobal miqyasda maraqla izlənilən siyasi hadisələrindən biri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana etdiyi dövlət səfəri oldu. Bu səfər bütün məqamları ilə Azərbaycanla Rusiya arasında dövlətlərarası dialoqun, əməkdaşlığın və dostluğun yüksək səviyyədə olmasından xəbər verdi, əlaqələrin indiyədək imzalanmış iktərəfli sənədlərin məzmununa uyğun olaraq inkişaf etdiyini göstərdi.
Kreml Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir
Milli maraqları rəhbər tutan müstəqil xarici siyasətin yürüdülməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı rolunu və yüksək nüfuzunu, region ölkələri və dünyanın güc mərkəzləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmasını və inkişaf etdirməsini şərtləndirən əsas amillərdən biridir. Bu sırada respublikamızın dünyanın əsas siyasi-hərbi qütblərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə siyasi əlaqələrinin yüksək səviyyəsi və məzmunu xüsusi vurğulamışdır.
Qeyd edək ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Məlum olduğu kimi, müharibə günlərində Rusiya təmkinli davranış nümayiş etdirdi. Ermənistanın çoxsaylı müraciətlərinə, cəhdlərinə, hətta KTMT ilə bağlı şantajlarına baxmayaraq, rəsmi Moskva Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunmasına qarşı çıxmadı. Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət, uğurlu diplomatiya, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
2022-ci ilin fevralında imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə isə əlaqələrə yeni siyasi məzmun qatdı. Bütün bunların fonunda özünü göstərən həqiqət odur ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edərək yaratdığı yeni reallıq Rusiya tərəfindən qəbul edilir.
Ticarət dövriyyəsinin yüksəlməsi hər iki dövlətin mövcud potensialına əsaslanır
Azərbaycanla Rusiya arasında əlaqələrin yüksək səviyyəsini Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri də təsdiq edir. Rusiya Prezidenti əvvəllər də ölkəmizdə səfərdə olub. Amma ilk dəfə idi ki, dövlət səfərinə gəlirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin mübadiləsi isə ikitərəfli əlaqələrin hüquqi bazasını daha da gücləndirir. Bu sənədlər siyasi, iqtisadi, sosial sahələrdə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsini ehtiva edir.
Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında yüksək siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə də müsbət dinamika mövcuddur. Belə ki, 2023-cü ilin nəticələrinə görə, 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib. Bu il isə ölkələrimiz arasında iqtisadi əlaqələr sferasında daha yüksək nəticə gözlənilir. Xüsusilə qeyd edilməlidir ki, sənaye və kənd təsərrüfatı sahələrində idxal-ixrac əməliyyatlarının yüksəlməsi, tranzit axınının və yük daşımalarının həcminin artması, o cümlədən Azərbaycanın rusiyalı turistlər üçün cəlbedici məkan olaraq qalması ticarət dövriyyəsinin yüksəməsinə təsir edən iqtisadi faktorlardır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin yüksəlməsi yalnız hər iki dövlətin mövcud potensialına əsaslanır.
Əməkdaşlığın daha da genişləndirilməsi üçün güclü siyasi iradə var
Azərbaycanla Rusiya arasında əməkdaşlıq əlaqələri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar sahələrə qədər geniş spektri əhatə edir. Prezidentlərin danışıqları zamanı bütün bunlar, o cümlədən regional təhlükəsizlik ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçılarının danışıqları, mətbuata verilən bəyanatlar isə göstərdi ki, bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur. "Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu çox mətləblərdən xəbər verir. Yəni qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq", -deyə geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirib.
Azərbaycan həm də səmimi və münasibətlərin ruhuna uyğun siyasət yürüdən dövlətdir. Təsadüfi deyil ki, respublikamız qlobal səviyyədə Rusiyaya qarşı olan çağırışlara qoşulmur.
Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü əlaqələrin genişlənməsinə xidmət edir. Bu baxımdan Bakıda aparılan danışıqlar göstərir ki, dostluq, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulan Azərbaycan-Rusiya əlaqələri bundan sonra daha da inkişaf edəcək. Prezident Vladimir Putinin vurğuladığı kimi, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"