13 May 2025 08:00
2892
SİYASƏT
A- A+
Qarabağın quruculuq zəfəri

Qarabağın quruculuq zəfəri


İlham Əliyevin müəllifliyi ilə işğaldan azad olunmuş ərazilərin yeni və möhtəşəm tarixi yazılır


Ulu Öndər Heydər Əliyevin doğum günü - 2025-ci il mayın 10-u tarixində Azərbaycan xalqı olaraq qürurlu, fərəhli, sevinc göz yaşlarına boğulduğumuz çox müstəsna hadisələr yaşadıq. Qarabağın azad edilməsini, keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışını özünün həyat qayəsi hesab edən Ulu Öndərin dünyaya göz açdığı gündə Ağdamın Kəngərli kəndinə qayıdışın həyata keçirilməsi həm dahi şəxsiyyətin amallarının gerçəyə çevrilməsinin təzahürü, həm də ümumilikdə Ağdama, Qarabağa həyatın, milli ruhun qayıtmasının rəmzi mənasını daşıyırdı.

O Ağdam ki, düşmən yerlə yeksan etmiş, görənləri vahimələndirən, xarabalıqlardan ibarət "ruhlar şəhəri"nə çevirmişdi... 

Ötən 30 ildə yaralı Ağdamın halına necə yanıb-yaxıldığımıza, necə əzablar keçirdiyimizə bir Allah şahid idi... 

Amma cəmi iki gün əvvəl Ağdamdan qulaqlarımızda ilahi musiqi kimi səslənən ecazkar muğamımızın yenidən azad Qarabağa, bütöv Azərbaycana dalğa-dalğa yayılması elə bil ruhumuza sığal çəkdi, yaralarımızın üzərinə su çilədi. 

Açılışını Ulu Öndərin doğum günündə Qarabağın xilaskarı İlham Əliyevin etdiyi Ağdam Muğam Mərkəzinin səhnəsindən qanadlanan o musiqi, sözün əsl mənasında, hər birimizin ürəyinin ritminə qoşularaq nəbzimizlə birlikdə vurmağa başladı... 

Bu muğamlar bizə Şuşa Zəfərini anlatdı, qürurlandıq...

Bu muğamlar bizə ana yurdumuz uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizi xatırlatdı, qüssəli anlara kökləndik... 

Bu ilahi musiqi bizə torpağa qayıdışın, torpağa qovuşmağın, torpaqla bütövləşməyin necə müqəddəs hiss olduğunu yaşatdı...


Qürurlu günlər 


İşğaldan azad edilən torpaqlarda dünyada bənzərinə rastlanmayan şəkildə həyata keçirilən sürətli bərpa və quruculuq işləri bütövlükdə Azərbaycan xalqının əyilməz ruhunun, Vətən sevgisinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzura yenidən həyatı qaytaran qurucu lider İlham Əliyevin mütəmadi o bölgələrə səfər etməsi isə xoş ənənə olmaqla yanaşı, torpağa bağlılığın ən ali ifadəsidir. 

Əzmi, qətiyyəti, müdrik siyasəti ilə ərazilərimizi azadlığına qovuşduran qalib lider İlham Əliyev düşmənin viran qoyduğu kənd, qəsəbə və şəhərlərimizin təməllərini öz əlləri ilə qoyur, qayıdış həyata keçirilən yaşayış məntəqələrimizdə sakinlərə yeni evlərinin açarlarını şəxsən təqdim edir, onların əziz qonağı olur, onilliklər boyu məcburi köçkünlüyün maddi-mənəvi yükünü çəkmiş vətəndaşlarımızın sevinclərini bölüşür. 

Onilliklər boyu mayın 8-ni Şuşanın, 18-ni Laçının işğalı günü kimi böyük əzabla qeyd edərdik. Ancaq təqvimlərimizdəki bu qara haşiyəli günlər artıq öz yerini Zəfərin al rənginə bürünmüş günlərə verib. 

Eyni zamanda düz beş ildir ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbə gününü Şuşa Zəfərimiz sayəsində erməni faşizminin başını əzməyimizin əlahiddə qüruru ilə qeyd edir.  

Bu il mayın 9-da da Prezident İlham Əliyev möhtəşəm ənənəsinə sadiq qalaraq xalqımıza Qarabağdan quruculuq və qayıdış müjdələri çatdırdı. Bununla bir daha bütün düşmənlərimizə, Azərbaycanın zəfərlərini, beynəlxalq uğurlarını həzm etməyənlərə gözdağı verdi.  

Sözügedən tarixdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında, eyni zamanda Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. 

Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir. 

Dövlətimizin başçısı İlham Əliyev mayın 9-da "Azərişıq" ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və "Qoç Ət" Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak etdi. 


Ağdamın ağ günləri başlayıb  


Mayın 10-da Prezident İlham Əliyev yolunu Ağdam rayonundan saldı. Erməni vandallarının xüsusi amansızlıqla divan tutduqları Ağdam şəhərinin təməl daşını hələ 2021-ci ildə - Müstəqillik Günündə Ağdam ictimaiyyətinin nümayəndələri ilə birgə qoyan Qarabağın xilaskarı İlham Əliyevin bu bölgəyə gəlişi xalqımızda əsl bayram ovqatı yaratdı. Çünki hamımız bilirdik ki, qurucu liderin bu ziyarətində düşmənin Ağdama vurduğu daha neçə-neçə yaralar sağaldılacaq, neçə-neçə intizarında, həsrətində olduğumuz xəbərlərlə şadlanacağıq. 

Ulu Öndərin doğum günündə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, rayonun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edən Prezident İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının, Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Həmçinin Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada, Kəngərli kəndində klub-icma mərkəzində, kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

"Sizi təbrik edirəm, Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir". Bu təbrikləri isə Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edən zaman səsləndirdi. 

Nitqində bu vətəndaşlarımızın illərlə çəkdikləri əzablardan danışan dövlətimizin başçısı vurğuladı ki, bütün bu əzablı illər arxada qaldı: "Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır". 

Ölkəmizin rəhbəri məlumat verdi ki, kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək: "Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik".

O gün yurda qayıdış sevinci yaşayan kəngərlilərin qalib lider İlham Əliyevə  minnətdarlıq hisslərini səmimi sözləri, duaları ilə izhar etmələri isə ümumilikdə keçmiş məcburi köçkünlərimizin bağrından qopub gələn sonsuz təşəkkür hisslərinin təcəssümü oldu: "Mən bir ana məhəbbəti ilə, müəllim şəfqəti ilə bu doğru yolun yolçusuna, bu günümüzün qəhrəmanına Dədə Qorqud qopuzundan qopub gələn bir el alqışı diləmək istəyirəm. Arxanızda el dayansın, "El gücü, sel gücü" deyiblər. Nəsibiniz el alqışı olsun. El alqışı kəsərli olar və bir də qüdrətli Allahın gözəl kəlamı ilə salam olsun doğru yolun yolçusuna".


Muğamımız Ağdama - öz beşiyinə qayıtdı


Tarixən Ağdam xalqımızın milli ruhunun təzahürü olan qədim muğam sənətimizin beşiyi sayılıb. Buna görədir ki, 30 illik işğal dövründə Qarabağ muğam məktəbi də öz yurd-yuvasından didərgin salınmışdı. Düzdür, ötən müddətdə Qarabağ muğam ənənələri görkəmli sənətkarlarımız tərəfindən yaşadılır, qarabağlı gənc muğam ifaçıları yetişdirilirdi. Amma Qarabağ torpağından ruh almayan, o yerlərin suyu, havası, milli aurası  ilə cilalanmayan muğamlar da sanki qulaqlarımızda bir ayrı səslənirdi. Hansı ritmə köklənməsindən asılı olmayaraq, o muğamlardan qalxan fəryad nidaları qəlblərimizi titrədirdi. Könlümüz keçirdi Qarabağdan...

Ancaq 2025-ci il mayın 10-da muğamlarımızın da öz beşiyinə, Qarabağa Ağdam şəhərinə qayıdışı ilə milli musiqilərimizin üzərinə çökmüş kədər səsi də birdəfəlik dağıldı. 

Kəngərliyə köçən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev vurğuladı ki, Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir: "Yəni bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub".

Birinci xanım Mehriban Əliyeva ilə Ağdam Muğam Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev söylədi ki, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür: "Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq".

Dövlətimizin başçısının çıxışından sonra Ağdam Muğam Mərkəzinin səhnəsində görkəmli xanəndələrimizin ifasında muğamlarımız dinlənildi. Bununla da Ulu Öndər Heydər Əliyevin doğum günündə qədim muğamımızın sədalarının, xanəndələrimizin şaqraq zəngulələrinin bu torpaqlardan əbədi yüksələcəyinin rəmzi mesajı verildi. 

Tam mübaliğəsiz deyərdim ki, bütün Azərbaycan xalqı o gün Ağdamda səslənən həmin muğamları ilk dəfə eşidirmişcəsinə dinlədi, bu muğamların sehrinə, cazibəsinə qapılıb keçmişinə, özünə bir daha qayıtdı, Qarabağı başdan-başa gəzdi, mənəvi dinclik tapdı, o torpağın ətrini duydu, ruhunu hiss etdi... 

Torpaqlarımızı qarış-qarış azadlığına qovuşduran, bu xalqa zəfər yaşadan, adını zirvələrə qaldıran qalib lider İlham Əliyevin muğamlarımızı dinləyərkən kövrək, duyğulu anlar yaşaması, göz yaşlarına hakim ola bilməməsi isə hər kəsi dərindən riqqətləndirdi. 

Bəli, xalq olaraq biz tariximizdəki ən qürurlu, ən xoşbəxt anları yaşayırıq. 

Biz illərlə bu günlərin həsrətini çox çəkdik, amma sonda arzularımıza, amallarımıza qovuşduq. 

İndi Qarabağda, Şərqi Zəngəzurda quruculuq, qayıdış zəfərləri yaşanır, tarixi, milli, mənəvi dəyərlərimiz dirçəldilir.

Bütün bunlar isə xoşbəxtliyin özü deməkdir.

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!