Prezident İlham ƏLİYEV: "Biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik"
Hazırda Azərbaycan iqtisadiyyatı güclü dayanıqlılıq nümayiş etdirir. Bunu iki aparıcı reytinq şirkətinin - "Moody's" və "Fitch" şirkətlərinin kredit reytinqimizi yeniləməsi də təsdiqləyir. Ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqildir, hər hansı bir dəstəkdən, istənilən kreditdən asılı deyil, həmin səbəbdən də bugünkü vəziyyətin qaneedici olduğu qeyd edilir.
Prezident İlham Əliyevin cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bunlar bir daha vurğulanıb. Dövlət başçısı bu barədə belə deyib: "Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq. Lakin artım təbii olmalıdır".
Ötən illərdəki çıxışlarında Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkəmizin əsas gəlir mənbəyi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarıdır və bunu hamı bilməlidir. 1997-ci ilin payızından - "Çıraq" platformasından hasilata başlanandan bəri AÇG yataqlar bloku fasiləsiz olaraq neft verir. Məlumdur ki, bu yataqların hər biri öz hasilatının pik dövrünü yaşayıb və neftin azalması təbiidir. Bununla belə, hasilat davam edir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, keçən ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli"dən 6 milyard 183,9 milyon manat vəsait daxil olub.
Əlbəttə, digər neft yataqlarımızın da pik hasilat dövrü xeyli vaxtdır arxada qalıb. Məsələn, 77-ci ildir istismar olunan"Neft Daşları"nın.
Köhnə yataqlarda hasilatı sabit saxlamağın bir sıra yolları var. Yataqda geoloji-texniki tədbirlərin həyata keçirilməsi, ehtiyatlar imkan verərsə, yeni quyuların qazılması, köhnə quyularda cari və əsaslı təmirin aparılması və s. Əlbəttə, bu, mütəxəssislərin vəzifəsidir və istənilən yataqda aparılan işdir.
Hasilatın sabit saxlanılması dövlət başçısının ötən illərdə yenə də qarşıya qoyduğu vəzifədir. Təsadüfi deyil ki, AÇG yataqlarının işlənməsinin 2050-ci ilin əvvəlinədək uzadılması layihəsi - "Yeni əsrin müqaviləsi" də məhz Prezident İlham Əliyevin uzaqgörən enerji siyasətinin ayrılmaz hissəsidir. Bu layihə çərçivəsində 2024-cü ilin aprel ayından başlayaraq "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından neft hasil olunur.
Qeyd edək ki, ACE gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır. AÇG-nin operatoru olan BP şirkətinin keçən ilin üçüncü rübünün yekunlarına aid məlumatına görə, ACE gündə orta hesabla 24 min barel neft verib.
Beləliklə, "Yeni əsrin müqaviləsi" ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Sazişin bir hissəsi olaraq SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) AÇG-dəki iştirak payı yüksəldilib. Beynəlxalq tərəfdaş şirkətlər layihənin icrası dövründə ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək.
Hasilatın sabit saxlanılmasının və artırılmasının ən başlıca yollarından biri də yeni yataqların istifadəyə verilməsidir. Bu istiqamətdə də yeni addımlar atılır. Məsələn, 2025-ci ilin iyun ayında BP "Qarabağ" neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və "Əşrəfi-Dan ulduzu-Aypara" (ADUA) sahəsinə aid Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) qoşuldu. BP bu sazişlərin - RXS və HPBS-in hər birində SOCAR-dan 35 faizlik iştirak payı olaraq hər iki müqavilə üzrə operatordur. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradan yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində BP-nin SOCAR-la əməkdaşlığında növbəti perspektivlər açıb.
Konkret olaraq "Qarabağ" neft yatağına gəldikdə, burada ilk addım kimi dənizdibi sensor qovşaqlarla (OBN) tədqiqat, eləcə də yüksək və ultra yüksəkdəqiqlikli tədqiqatlardan ibarət seysmik tədqiqat proqramının həyata keçirilməsi planlaşdırılır. Bu tədqiqatlar ümumilikdə bir neçə ay davam edəcək.
OBN tədqiqatının yataq haqqında bilgiləri artıracağı, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarını optimallaşdırmağa kömək edəcəyi gözlənilir. Yüksək və ultra yüksəkdəqiqlikli seysmik tədqiqatda isə əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yaradan yeraltı təhlükələri müəyyənləşdirməkdir.
Bu seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı keçən ilin oktyabr ayında ictimaiyyətə açıqlanıb və nəzərdən keçirilmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.
Qayıdaq Prezident İlham Əliyevin sözügedən müsahibəsində neft hasilatının sabitləşdirilməsi haqqında söylədiyi növbəti fikrə. Dövlət başçısı indi xarici borcumuzun ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədə olduğunu bildirib və rəqəmlərlə bağlı daha bir məqamı da qeyd edərək deyib: "Rəqəmlər, əlbəttə ki, vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır. Həmçinin aydındır ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70-80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil. Bununla belə mən hesab edirəm ki, göstəricilər daha yaxşı ola bilər. Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm".
Prezidentimiz əsas məsələnin iqtisadiyyatın əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş ərazilərin bərpasına, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumilikdə ölkəmizi daha da gücləndirməyə imkan verməsi olduğunu bildirib.
Flora SADIQLI,
"Azərbaycan"