20 Aprel 2024 08:40
225
SİYASƏT
A- A+

Qarabağ münaqişəsi artıq keçmişdə qalıb

 

Ona görə Rusiya sülhməramlılarının da ərazilərimizdə fəaliyyətinə lüzum qalmayıb

 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının kontingenti Qarabağı tərk edir. Artıq Kəlbəcərin Xudavəng monastrındakı post Azərbaycan polisinə təhvil verilib. Onların yerləşdirildiyi Xocalıdakı baza da boşaldılıb. Sülhməramlıların Qarabağı tərk etməsini Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da təsdiqləyib. Bu məsələ ilə bağlı ona ünvanlanan suala: "Bəli, bu, doğrudur", - deyib. 
Xatırladaq ki, imzalanmış üçtərəfli Bəyanata əsasən, sülhməramlıların fəaliyyət müddəti 2025-ci ilin mayında yekunlaşmalı idi. Amma sülhməramlılar Qarabağı vaxtından bir il bir ay tez tərk etdilər. 2023-cü ilin 20 sentyabrında ordumuzun Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu. Qarabağ bölgəsi erməni separatizmindən və Ermənistan ordusunun tör-töküntülərindən təmizləndi. Qarabağda yaşayan ermənilər könüllü olaraq evlərini tərk edərək Ermənistana üz tutdular. Bundan sonra Qarabağda fəaliyyət göstərən  sülhməramlılara ehtiyac qalmadı. 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı sualı cavablandırarkən deyib: "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər". 
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına münasibət bildirərək deyib: "Azərbaycan 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirdikdən sonra Rusiya sülhməramlı kontingentinin  bölgədə qalması zərurəti aradan qalxdı. Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Buna görə də tərəflər arasında münaqişənin həll edilməsi zərurəti aradan qalxdı. Bir müddət Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər". 
Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov da sülhməramlı kontingentin Qarabağdan çıxarılması ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir. İndi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb. Ermənistan Fransa və ABŞ-lə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılılığı olmayan logistika zəncirləri, birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərb təsirinin qarşısının alınmasından ibarətdir.
Ermənilər ümid edirdilər ki, sülhməramlılar heç vaxt Qarabağı tərk etməyəcəklər. Onlar elə düşünürdülər ki, rus sülhməramlıları ermənilərin Qarabağda qalmalarının yeganə və əbədi qarantıdır. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da İrəvanda keçirdiyi mətbuat konfransında reallıqdan uzaq olan belə fikirlər səsləndirmişdi. O, hətta özünü xeyli uzaqgörən siyasətçi göstərərək qeyd etmişdi ki, Rusiya sülhməramlı qüvvələri Qarabağı 5 il sonra da tərk etməyəcək. Amma hər şey düşmənlərimizin düşündüyünün əksinə oldu. Rusiya sülhməramlıları heç beş il tamam olmamış Qarabağı tərk etdilər. Bununla da ermənilərin onlara olan son ümidləri də qırıldı. Erməni separatçılarının Qarabağ sevdası böyük məğlubiyyətlə başa çatdı. İşğalçıların "Dənizdən dənizə "böyük Ermənistan" ideyası əbədi olaraq puça uğradı. 
Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən, uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Artıq  Azərbaycan özünün qurduğu düzgün, şəffaf və qətiyyətli xarici siyasəti ilə bütün sahələrdə uğurlar qazanır. Azərbaycan başqa ölkələrlə yanaşı, qonşu Rusiya ilə də bərabərhüquqlu, eyni səviyyəli, balanslaşdırılmış və hərtərəfli düşünülmüş siyasət xətti yürüdür. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxması da, Azərbaycanın xarici siyasətdə qazandığı növbəti, ən böyük uğurlarından biridir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video