27 Aprel 2023 09:00
1706
SİYASƏT
A- A+

Qapını bağladıq,  açarı da cibimizdədir!

 

105 il ərzində ilk dəfədir ki, Azərbaycan öz sərhədlərinə tam şəkildə nəzarət edir

 

Birinci  dövlət müstəqilliyi dövründə  (1918-1920-ci illər) Azərbaycan daxili və xarici qovğalardan baş açaraq sərhədlərini dəqiq müəyyənləşdirib tam nəzarətə götürə bilmədi.
Buna nə vaxtı çatdı, nə maliyyə imkanı.
Bu funksiyanı icra edəcək silahlı qüvvələr də hələ tam formalaşmamışdı.
Texniki nəzarəti təmin edəcək digər zəruri  amillərin çatışmazlığı da bir yandan.
On dörd müttəfiq respublikanı zorla öz tərkibinə qatan  (sözdə "qardaş xalqların könüllü ittifaqı" adlandırılsa da)  Rusiya - mərkəz üçün yalnız bütöv  SSRİ-nin hüdudları sərhəd sayılırdı.
Müttəfiq respublikalar arasında torpaq çəkişmələri baş verəndə isə mərkəzin nümayəndəsi  gəlib hər ikisinin üstünə çımxırırdı:  "Sizin torpağınız var ki ona görə mübahisə edirsiniz, oturun öz yerinizdə!"  (Qazax rayonunda baş verən sərhəd mübahisəsini xatırlayın).
Müttəfiq respublikaların  xarici işlər nazirlikləri formal və rəmzi xarakter daşıyırdı.
Xarici siyasət və əlaqələrlə bağlı bütün məsələlər,  xaricə getmək üçün verilən vizalar Moskvada  həll olunurdu. 

Hətta bu gün öz yurdumuz kimi gedib-gəldiyimiz qardaş Türkiyəyə hər adam ayaq basa bilməzdi!
Bunun üçün yüz qat  yoxlamadan keçməli, sonra Moskvaya uçaraq oradan sərhədi  adlamaq barədə razılığa uyğun hərəkət etməli idin.
Bəli, SSRİ-yə daxil olan bütün müttəfiq respublikaların  sərhəd qapıları  açıq idi, yalnız öz aralarında.
Qırmızı  sovet pasportu  ilə istədiyin vaxt istədiyin "qardaş ölkə"yə  gedə bilərdin.
Səninlə "çəpər qonşusu"  olan xarici dövlətlərin yolu isə  Moskvadan keçirdi.
Hamı buna alışmışdı və qəbul etmişdi.

Necə deyərlər, ağa deyər sür dərəyə,  sür dərəyə də.
Düz 70 il  daxilə  açıq, xaricə bağlı qapılar arxasında yaşadıq.
***
Sovet  dövründə  Azərbaycanla  Hayastan arasında da sərhədlər formal xarakter daşıyırdı.
Hətta o qədər formal ki, haylar Moskvadakı hamilərinin  (Moskvada həmişə haylara hay verənlər çox olub)  dəstəyindən istifadə edərək  "örüş yerləri"  adı ilə hissə-hissə Azərbaycan torpaqlarını mənimsəyirdilər.

Sərhəddə  yaşayan əhali arasında  "otlaq mübahisələri"  baş verəndə isə  səssizcə,  həm də amiranə şəkildə  həll olunurdu.
Bu  "sərhədsizlik" və "qapısızlıq"  Qarabağ probleminin meydana gəlməsində,  əvvəlcə münaqişəyə, sonra  müharibəyə çevrilməsində, ən nəhayət, otuz illik  işğalla  sonuclanmasında  mühüm amillərdən  birinə çevrildi.
İrəvan-Laçın-Xankəndi  yolu həmişə təxribat, xəyanət və mənfur planlar yolu olub.
* Qarabağda yaşayan ermənilərə  həmişə təlimat və tapşırıqlar  o yolla gəlib.
* "Böyük Ermənistan"  sərsəmləməsi  və  "miatsum" sayıqlaması hərəkatı o yolla  içərilərimizə  ötürülüb.
* Separatizm hərəkatı o yolla Azərbaycan ərazisinə daxil edilib.
* Keçmiş  DQMV-nin Azərbaycanın tərkibindən çıxarılmasına xidmət edən  mərkəzin  qərar  və tapşırıqları, ermənipərəst  nümayəndəsi A.Volski də həmin yolla ölkəmizə gəlib. (A.Volskinin "əmisi oğlu" R.Vardanyan da həmin yolla təşrif buyurmuşdu.)
* Otuz il  "sülh  danışıqları" adı ilə başımızı qatan  ATƏT-in  Minsk qrupu da  gedib-gəlməkdən  həmin yolu  yağır etmişdi.
* 1988-1990-cı illərdə  Xankəndidəki   "xalqın etiraz hərəkatını"  qızışdıran və silahlı toqquşmalara çevirən  "irəvanlı saqqallılar" da  həmin yolla gəlirdi.
* Azərbaycan ərazisinə silah-sursat, terrorçu-təxribatçı dəstələr  hələ də o yolla  gətirilirdi.
* Xocalıda  soyqırımı törədən  366-cı  alay da  Laçın-Xankəndi yolu ilə ərazimizə soxulmuşdu.
* Otuz illik işğal dövründə işğalçı ordunun bütün təminatı  həmin yolla aparılırdı.
* I və II Qarabağ müharibəsi dövründə  işğalçılara göndərilən canlı qüvvə, sursat, zirehli texnika və digər  təminatlar həmin yoldan keçmişdir.
Hələ bu harasıdır, bütün mənəvi və siyasi dəstək də  İrəvan-Laçın-Xankəndi yolu vasitəsilə  baş tuturdu:
* Baronessa  Koks həftə səkkiz mən doqquz;
* Rusiya Dövlət  Dumasının iqtidar partiyasından olan deputatları;
* Hayların "böyük bacısı" fransızların senator və konqresmenləri;
* Avropadan, ABŞ-dən gələn, ciblərində erməni pulu olan bütün ermənipərəstlər həmin yolla  Azərbaycan  ərazisinə  icazəsiz-filansız soxulurdular.
O yolun daha bir  "missiyası" da vardı;
* Azərbaycanın bütün talan olunmuş evləri, əmlakları, muzeyləri, yeraltı  və yerüstü sərvətləri həmin yolla ölkə ərazisindən xaricə daşınırdı.
Əslində, Laçın yolu ölkəmizin müstəqilliyinə qara kölgə salan anarxiya, xəyanət, təhlükə,  özbaşınalıq yoluna  çevrilmişdi.
Başda dünya erməniliyi olmaqla bütün erməni təəssübkeşləri həmin yola Azərbaycan tərəfindən  nəzarətin bərpasına  hər vəchlə  mane olmağa çalışır, müxtəlif adlarla və bəhanələrlə əngəlləməyə can atırdılar.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu bəlalı yolun qapadılması üçün çox uzun, çox uzaqgörən,  çox müdrik, çox qətiyyətli  gedişlər etdi, dəfələrlə qabaqlayıcı addımlar atdı!
Hayastanın səhvlərindən məharətlə istifadə edərək beynəlxalq rəyi öz xeyrimizə köklədi!
Ən nəhayət, vədəsində və məqamında  Laçın qapısını qapadaraq bu  "şər yolu"na  dövlətimizin nəzarətinə nail oldu!
Əslində, Müzəffər Ali Baş Komandan İlham Əliyev  "status",  "hüquq",  "sülh müqaviləsinə əlavə şərt" deyənlərin ağızlarına daş basaraq  hayların,  Qarabağdakı separatçıların  sonuncu "ümid qapı"larını  üzlərinə çırparaq birdəfəlik bağladı!

***
Şişirtmədən deyək ki,  İkinci  Qarabağ müharibəsindən sonra bu, Azərbaycanın ikinci mühüm qələbəsi sayıla bilər!
Həm də bu uğurun çox böyük tarixi əhəmiyyəti var:
Bütün ərazimiz boyu sərhədlərimizə  özümüz etibarlı şəkildə nəzarət edirik!

İNDİ:
* O yolla ölkəmizə gəlmək istəyənləri özümüz yoxlayıb buraxacağıq!
* Vizasızları mədəni şəkildə geri qaytaracağıq!
* "Qara siyahı"ya  saldıqlarımıza  dirsək göstərəcəyik!
* Bizim razılığımız olmadan  oradan heç bir silah, sursat, hərbçi keçə bilməyəcək!
* Nəyəsə ümid bağlayaraq və  RSK-nin  üçtərəfli  bəyanatın tələblərini yerinə yetirməməsindən  istifadə edərək  Qarabağda qalan  silahlılar daha kənardan heç bir yardım və təminat  ala bilməyəcəklər!
* Qarabağda doğulmayıb sonradan burada məskunlaşdırılanları həmin yolla gəldikləri yerə yola salacağıq!
* Qanunlarımıza tabe olmaq istəməyənləri,  vardanyan kimilərinin  sözlərinə inanaraq nəyəsə ümid bəsləyənləri həmin yolla ölkədən çıxaracağıq!
Bu yolla yalnız müstəqil Azərbaycanı sevənlər,  onun qanunlarına hörmətlə yanaşanlar gedib-gələ biləcəklər!
Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması həm də  tezliklə Zəngəzur dəhlizinin açılacağından xəbər verir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video