01 Aprel 2023 01:28
931
SİYASƏT
A- A+
Qanlı izlərlə yaddaşlaşan tarix

Qanlı izlərlə yaddaşlaşan tarix

 

Keçmiş bizə gələcəyin təməli kimi lazımdır. O, sabaha yol göstərir, irəliyə hərəkəti işıqlandırır. Xalqımız 70 ildən artıq bir dövrdə çoxmillətli sosialist cəmiyyətində yaşamışdır. Düzdür, həmin dövrün müsbət nəticələri, dəyərləri də danılmazdır. Ancaq demokratik mərkəziyyət adlı rəsmi bolveşik idarəçiliyi, məsuliyyətsiz direktivlər, nizamsız proseslər nə qədər ziyalımızın məhvinə, taleyinin dağılmasına səbəb olmuş, nəticədə fasiləsiz repressiyalarla tamamlanmışdır. Nə qədər istedadın susdurulduğunun, N.Nərimanovun, M.Hadinin, H.Cavidin, Ə.Cavadın, M.Müşfiqin qadağa altına düşdüyünü görmüşük, əsərlərinin oxunmasının yasaq edildiyinin şahidi olmuşuq. Həmin dövrdə elə hadisələr baş vermişdi ki, onların gerçək mahiyyətini, eyni zamanda səbəblərini insan şüuru ya ümumiyyətlə qavraya bilmir, ya da çox çətin qavrayır. 
Azərbaycanda sovet totalitarizminin spesifik xüsusiyyətləri vardı. Bu, ilk növbədə dünyagörüşü, siyasi yönümü, milli mentaliteti, xalqın mədəni səviyyəsi ilə bağlı idi. Totalitar sistemin mənbəyi sayılan bolşevizmin tarixi XX əsrin əvvəllərindən başlayır. XIX əsrin son illərində Bakı sosialyönümlü demokratik hərəkatın yaranması və yayılması mərkəzlərindən biri olmuşdur. Yerli əhalidə bolşeviklərə xüsusilə mənfi münasibət var idi. Bu məsələdə milli amil də mühüm rol oynayırdı. Azərbaycanda bolşevikyönümlü təşkilat və komitələrin yaranması ölkəyə əhalinin erməni hissəsinin kütləvi axını ilə müşayiət olunurdu ki, bu da azərbaycanlılarda güclü narahatlıqlar doğururdu. Ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilik və dəhşətlər yerli əhalinin hafizəsində böyük iz qoymuşdu. 1918-ci ilin mart hadisələri də bu məsələdə həlledici rol oynamışdı. Bakı kommunası Azərbaycan xalqının tarixində qanlı izlərlə yaddaşlaşmışdı. Məhz erməni bolşeviklərinin əli ilə daşnak hərbi birləşmələri bütün türkləri, o cümlədən Azərbaycanın bölgələrində yaşayan türk-müsəlmanları kütləvi şəkildə qırırdılar. 
XI Qırmızı ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş sovet hökuməti öz fəaliyyətinin hələ ikinci günü "Müsavat" və "İttihad" partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Pankratovun rəhbərlik etdiyi XI Qırmızı ordunun Xüsusi şöbəsi tərəfindən pozulmuşdu. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (ÇK) kütləvi həbslər aparmağa başlamış, həbs düşərgələri az vaxtda Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrinin hesabına doldurulmuşdu.
Sonradan 1920-1930-cu illərdə bədnam "kollektivləşmə" dövrü start götürdü. Ortabab kəndlilər "qolçomaq" damğası ilə bir sinif kimi ləğv edilməyə başladı. Sovet cəza orqanları tərəfindən onların bütün mülkiyyətlərinin əllərindən alınması kəndlilərin kütləvi çıxışlarına səbəb oldu. Bu çıxışları "banditizm" adlandıran siyasi orqanlar həmin narazılıqları silah gücünə çox amansızlıqla yatırdılar.

 

Erməni millətçilərinin qanlı oyunları 

 

Sovet Azərbaycanının tarixi həm də kütləvi deportasiyalarla xarakterizə olunur. Bu deportasiyaların, demək olar ki, hamısı məhz Stalinin dövründə həyata keçirilmişdir. Milli-etnik ayrı-seçkiliyin geniş vüsət alması azərbaycanlılara qarşı düşmənçilik mövqeyi tutan ermənilərin əlinə yeni imkanlar vermiş və məhz onların ardıcıl səyləri nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin salınmışdı. 
SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edir. 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti İ.Stalinin imzaladığı və bilavasitə qərar hissəsindən başlanan bu sənədə əlavə olaraq ikinci bir qərar qəbul edir və bu dəfə İ.Stalinin imzaladığı ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı geniş şəkildə öz əksini tapır.
Qərarların həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı dədə-baba torpaqlarından kütləvi şəkildə və zorakılıqla sürgün olunmuşlar. İnsan hüquqlarına zidd olan bu qərarların, xüsusilə "azərbaycanlılar Ermənistan SSR-dən Kür-Araz ovalığına köçürülsün" qərarı misli bərabəri olmayan qəddarlıqla yerinə yetirilmişdir. Həmin qərara əsasən, erməni millətçiləri 150 mindən artıq azərbaycanlını Mil-Muğan düzənliklərinə və Ceyrançölə deportasiya etmişlər. Onlardan 50 minə yaxını iqlim şəraitinə dözməyərək həlak olmuş, 30 faizə yaxını isə Stalinin ölümündən sonra viran qoyulmuş və xarabazara çevrilmiş yurdlarına qayıtmışdı. Bu da azərbaycanlıların deportasiyasının son mərhələsi olmamışdır. Yəni sonrakı hadisələr zamanı bu proses ermənilər tərəfindən daha amansızlıqla və qəddarlıqla başa çatdırılmışdır.
Azərbaycanlıların köçürülməsi məsələsində iki amil önə çəkilirdi. Bunlardan biri xaricdən öz "vətən"inə dönən erməniləri yerləşdirmək idi. Digəri isə guya Azərbaycanın pambıqçılıq rayonlarında işçi qüvvəsinin çatışmaması idi. Əslində isə bunlar erməni hiyləsi ilə uydurulmuş arqumentlər idi. Məsələnin daha dərin kökləri vardı. Burada Dağlıq Qarabağ faktoru dayanırdı. 
Uzun illər Ermənistanda rəhbər vəzifələrdə çalışmış jurnalist və partiya təsərrüfat işçisi Həbib Həsənov "Deportasiya" adlı elmi-publisistik məqaləsində ("Azərbaycan" qəzeti, 8 avqust 1997-ci il) yazırdı ki, İkinci Dünya müharibəsində faşist Almaniyasına qarşı döyüşlərdə SSRİ-nin qələbəsi beynəlxalq aləmdə onun nüfuzunu xeyli gücləndirmişdi. Belə bir dövrdə SSRİ Ali Sovetinə seçkilər kampaniyası genişlənir, deputatlığa namizədlərlə seçicilərin görüşləri təşkil olunurdu. 1946-cı il fevralın 1-də Ermənistan KP MK-nin birinci katibi Q.Arutunyanın seçicilərlə görüşü keçirildi. O, müharibədə SSRİ-nin qələbəsindən danışdı, Stalinin böyük rolunu qeyd etdi, A.Mikoyanın xidmətlərini sadaladı, eyni zamanda xaricdə yaşayan çoxlu erməninin Ermənistana gəlmək arzusundan bəhs etdi. Bildirdi ki, Yunanıstandan 8000, Tehrandan 17000, Cənubi Amerikadan 32000, Suriya və Livandan 50000 erməni köçmək arzusundadır. Ermənistanın ərazisi isə bu qədər insanı qəbul etmək iqtidarında deyildir. Daha sonra məqalədə göstərilirdi ki, Q.Arutunyanın çıxışında qarşıya qoyulan tələblər təbii ki, Moskvada hərtərəfli götür-qoy edilmişdi. Ermənilər növbəti hiyləyə əl ataraq Ermənistanda yaşayan azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi məsələsini irəli çəkdilər. Əslində, isə məqsəd azərbaycanlılara məxsus əraziləri zəbt etmək idi.
Azərbaycan Respublikası Dövlət Arxivindəki sənədlər o dövrün faciələrini fakt və rəqəmlərin timsalında möhkəm qoruyub saxlayır. Bu sənədlərə görə, 1948-ci il noyabrın 1-dək Ermənistandan Azərbaycana 1799 təsərrüfatda birləşən 7747 insan köçürülmüşdü. Üstəlik, bu vaxt ərzində Azərbaycana özbaşına daha 2834 nəfər üzvü olan 429 ailə köçüb gəlmişdi. 
Getdikcə sayı artan insanları yerbəyer etmək o qədər də asan məsələ deyildi. Azərbaycan çox çətin problemlər qarşısında qalmışdı. 1949-cu ildə respublikaya daha 40000 nəfərin köçürülməsinə qərar verilmişdi. Belə bir vəziyyətdə Azərbaycan Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə məktubla müraciət etmək məcburiyyətində qalır. Məktubda xahiş olunur ki, 1949-cu ildə Azərbaycana 40000 deyil, 12-15000 nəfər köçürülsün. Köçürülənləri onların əvvəl yaşadığı iqlimə uyğun olaraq Azərbaycanın dağ rayonlarında yerləşdirməyə icazə verilsin. SSRİ Nazirlər Soveti bütün bu təklif və xahişləri rədd edir.

 

Acı talelər və sağalmayan yaralar

 

Vəziyyət çox gərgin idi. Gələnlər çox çətin şəraitdə yaşayırdılar. Bəzən bir neçə ailə bir daxmaya sığınırdı. Çoxları yerli əhalinin evlərinin balaca bir hissəsində yaşayırdı. 90000 adamı yerləşdirmək üçün ən azı 20000 yaşayış evi lazım idi. Əlavə məktəb və xəstəxanalar tələb olunurdu. Su təchizatı yaxşılaşdırılmalı, hamamlar tikilməli, yeni iş yerləri açılmalı idi. Ən başlıca vəzifə köçkünlər üçün yeni evlərin tikilməsi idi. 
1950-ci ilin yanvarında Qaradonludan alınmış teleqramda deyilirdi ki, 11 vaqondakı köçkünlər üçüncü sutkadır vaqonları tərk etmir. Noyabr ayında Ucardan alınmış teleqramda isə bildirilirdi ki, Zərdab rayonuna köçürülmək üçün Ucar stansiyasına gətirilmiş 52 ailə bir aydan artıqdır açıq səma altında gecələyir. Onlar əvvəllər Beyləqan (Jdanov) rayonuna köçürülən qohumları ilə birlikdə yerləşdirilmələrini xahiş edirlər.
Narazılıq doğuran səbəblər çox idi. Eyni kənddən, bölgədən gələnləri müxtəlif ünvanlara səpələyirdilər. 1950-ci il üçün tikilməsi nəzərdə tutulan evlərin yalnız 13,4 faizi inşa edilmişdi. Ümumiyyətlə, köçkünlərin ən çətin dövrü 1950-ci ildə olub. Üstəlik, Ermənistandan özbaşına köçüb gələnlər də çox idi. 
Azərbaycanlılar Kür-Araz ovalığının adı gələndə, sanki,  vahiməyə düşürdülər. Ona görə də ilan mələyən düzlərə köçürülməkdən ehtiyat edərək özləri bəri başdan Ermənistandan çıxır və Azərbaycanın digər rayonlarında yaşamaq istəklərini bildirirdilər.
Beləcə, 1948-ci ildə Kür-Araz ovalığına heç də daxil olmayan Gədəbəy, Qazax, Şamxor (Şəmkir), Kirovabad (Gəncə), Xanlar (Göygöl), Quba, Dəstəfur, Bakının rayonlarına, Maştağa və digər qəsəbələrinə onlarca ailə köçüb gəlmişdi. Tədqiqatçı alim Ataxan Paşayev "Köçürülmə" əsərində yazırdı ki, Azərbaycan hökuməti Moskvadan xahiş etmişdi köçkünlər üçün nəzərdə tutulan güzəştlərdən onların da istifadə etməsinə icazə verilsin. Yenə də rədd cavabı alınmışdı.
Əslində, Qərbi Azərbaycandan sözün əsl mənasında, qovulan azərbaycanlıların Dağlıq Qarabağda yerləşdirilməsi məqsədəuyğun olardı. Həm də buranın təbiəti, havası köçkünlərin əvvəl yaşadığı iqlimə yaxın idi. Lakin Martuni rayonunun cəmi üç kəndinə köçürülmüş azərbaycanlıların acı taleyi bu məsələyə aydınlıq gətirmişdi. Belə ki, onlar çox incidilmiş, nəhayət, vilayətin ərazisindən qovulmuşdular.

 

Danışan sənədlər

 

O dövrdən qalan hər bir sənəd neçə-neçə sirri açır, neçə-neçə həqiqətdən xəbər verir. Tədqiqatçıların araşdırmalarına diqqət yetirək. Ermənistandan köçürülmüş azərbaycanlıların Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunda yerləşdirilməsi haqqında arayış maraq doğuran sənədlərdəndir.
Qərbi Azərbaycandan deportasiya olunanları Dağlıq Qarabağda yerləşdirmək, demək olar ki, mümkün deyildi. Səbəblər çox idi. Əvvəla, Ermənistan rəhbərliyi hər dəfə səs-küy qaldırıb Moskvaya bildirirdi ki, guya Azərbaycan hökuməti DQMV-də erməni və azərbaycanlı əhalinin sayındakı nisbəti pozur. İkincisi, muxtar vilayətin erməni məmurları azərbaycanlıların burada yaşamasına qəti etiraz edirdi. Bu azmış kimi, DQMV-nin daşnak ruhlu erməni sakinləri də köçkünlərə qarşı çox aqressiv idilər, onları hər vasitə ilə sıxışdırır, bezdirmək istəyirdilər.
Beləliklə, 1949-1953-cü illərdə Dağlıq Qarabağın ərazisinə bir nəfər də azərbaycanlı köçkün buraxılmamışdı. Hələ üstəlik, DQMV-nin özündən 132 azərbaycanlı ailəsi Xanlar (Göygöl) rayonuna köçürülmüşdü.
Arxiv sənədlərində göstərilir ki, 1951-ci ildə SSRİ Nazirlər Soveti yanında Baş Köçürmə İdarəsi kollegiya iclaslarında üç dəfə - yanvarın 31-də, aprelin 28-də və avqustun 28-də Ermənistandan Azərbaycana köçürülmənin vəziyyətini müzakirə edir. İdarənin bu məsələyə belə maraq və "narahatlıq" göstərməsi nədən irəli gəlirdi? Səbəb o idi ki, köçürülmüş azərbaycanlılardan geriyə - Ermənistana qayıdanlar vardı. Qəribə bir məsələ özünü göstərirdi. Qərbi Azərbaycandan Azərbaycana özbaşına köçmə halları olanda ermənilər susurdu. Köçənlər geri qayıdanda isə böyük qalmaqal qopurdu. 
Tarixi faktlara nəzər salsaq görərik ki, bu illərdə ermənilərin özbaşınalıqlarına getdikcə daha çox rəvac verilirdi. 1949-cu ildə Ermənistan SSR Nazirlər Soveti sədrinin göstərişi ilə azərbaycanlıların yaşadığı Ləmbəli kəndindəki kolxoz ləğv edilir. 225 azərbaycanlı ailəsi zor gücünə Gürcüstana deportasiya olunur. Gürcüstana pənah aparan azərbaycanlılar oradan da qovulurlar. Nəhayət, Ermənistan hökuməti onları yenidən geri qaytarır, amma öz kəndlərinə deyil, Basarkeçər rayonuna göndərir. Lakin üç aydan sonra Basarkeçərdən geri qayıdan ləmbəlilər Ermənistanla Gürcüstan arasındakı yerdə özlərinə yeraltı daxmalar qazıb orada yaşayırlar. 4 il zülm çəkən ləmbəlilər yalnız Stalinin ölümündən sonra öz kəndlərinə qayıtmağa müvəffəq olurlar.
1953-cü ildə Stalin vəfat edir. Bundan sonra Kür-Araz ovalığına köç bir qədər səngiyir, əks-proses başlanır və getdikcə sürətlənir. Tədqiqatçılar yazırlar ki, N.S.Xruşşovun hakimiyyəti dövründə Ermənistanda yaşayan azərbaycanlılara münasibətdə müəyyən sabitlik yaranır. Lakin bu, üzdə belə idi. Erməni millətçiləri qeyri-leqal fəaliyyətə keçmişdilər, gizli işlər gedirdi. Onlar vaxtaşırı yenə də baş qaldırmaqdan çəkinmirdilər. Ara-sıra torpaq iddiaları ilə bağlı vərəqlər yayırdılar. 

 

Tarixi fərman

 

Millətçi şovinistlər yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra susmağa baladılar. Hərçənd üzdəniraq arzu - özgədən torpaq qoparmaq istəyi mənfurların qəlblərinin dərinliyində idi.
Ulu Öndər Moskvada SSRİ rəhbərliyindən gedəndən sonra ermənilər yenidən baş qaldırdılar və keçən əsrin 80-90-cı illərinin acınacaqlı hadisələri oldu. Ermənistanda yaşayan azərbaycanlılar yenidən öz ata-baba torpaqlarından qovuldular. Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərdəki bir çox rayonları işğal edildi, bir milyondan çox soydaşımız öz yurdunda məcburi köçkünə çevrildi.
Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu tarixi bir daha xatırlatmağı, məhz ötən deportasiyaları da diqqət mərkəzində saxlamağı vacib bildi. 1997-ci il dekabrın 18-də Ulu Öndər "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzaladı. Fərmanda deyilirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəraitdə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".
Heydər Əliyev 1947-1948-ci illərdə deportasiya ilə bağlı verilmiş qərarları Azərbaycan xalqına qarşı yönəldilmiş növbəti tarixi cinayət aktı kimi səciyyələndirirdi. Çünki bu qərarlar əsasında 150000-dən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdu. "Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar". Göründüyü kimi, Ulu Öndər həmin illərin hadisələrini əsl repressiya adlandıraraq bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasətini pisləmişdir.
O zaman deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə imzalanan fərmana uyğun olaraq görkəmli  alimlərdən, rəsmi vəzifəli şəxslərdən və ictimai xadimlərdən ibarət komissiya yaradılmışdı.
Ulu Öndər Heydər Əliyev 1948-1953-cü illərdəki deportasiya ilə bağlı məsələlərdən bəhs edərkən demişdir: "Bəli, həmin bu 70 il müddətində bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilsin".

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!