22 Fevral 2024 09:10
824
SİYASƏT
A- A+

Qalib xalqın əzmkar gəncliyi

 

Böyüməkdə olan nəslin düzgün tərbiyəsi Azərbaycanın gələcəyini formalaşdırır

 

Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza tarixinin ən böyük nailiyyətlərini qazandırır. Cəmiyyətimizdə modernləşmə xəttini davam etdirən dövlət başçısının rəhbərliyi ilə həyatımızda yaradılan müsbət dəyişikliklər hər bir vətəndaşımızın yaşayış tərzində, gündəlik həyatında nəzərə çarpır. Bu quruculuq və yenilikçilik siyasətinin nəticələri paytaxtda da, işğaldan azad edilmiş bölgələrimizdə də, ən ucqar regionlarımızda da eyni dərəcədə özünü göstərir. 
Nailiyyətlər sırasında ən mühümü Prezidentin yetişdirdiyi vətənpərvər nəsildir. Vətənpərvərlik hər bir insanın ruhundadır. Vətənpərvərlik tərbiyəsi isə bu hissi düzgün istiqamətə yönəldir, vətənə məhəbbət ruhunun gücü ilə insanları ali məqsədlər ətrafında səfərbər edir, doğma torpaq, xalq qarşısındakı məsuliyyətimizi  müəyyənləşdirir. Ölkənin, cəmiyyətin qazandığı bütün uğurlar insanların vətənpərvərlik ruhundan, bu ruhun diktəsindən, Vətənin rifahı üçün bacardıqlarını etmək ehtiyacından irəli gəlir.
 Bu gün cəmiyyətimizin sosial strukturunda gənclər kifayət qədər böyük üstünlük təşkil edirlər. Gənc nəslin təmsilçiləri ölkənin ictimai həyatında fəallıq göstərirlər. Xüsusilə texnoloji inkişafda, bu sahədə yeniliklərin sürətlə mənimsənilməsi və həyatımıza effektiv tətbiqində böyük rola malikdirlər. Bütün bunlar yeni strateji inkişaf dövrünə qədəm qoymuş Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər vəd edir. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında gənclərin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyəsinin əsas vəzifə olduğunu xüsusi vurğuladı: "... Gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq". 

 

Müstəsna fədakarlıq

 

Azərbaycan gəncliyi böyük gücə sahib olduğunu, dövlətimizə sevgisini tarixin müxtəlif dönəmlərində hər zaman sübuta yetirib. Bunun ən böyük örnəkləri 44 günlük Vətən müharibəsində, ötən il erməni separatçılarının kökünü birdəfəlik kəsmək üçün keçirilmiş antiterror tədbirində göstərdikləri qəhrəmanlıq nümunəsidir. 
Gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir neçə əsrin problemini 44 günün içində həll etdilər. Şuşada dövlət bayrağımızı ucaltdılar. Azərbaycan Prezidentinin qətiyyəti, gənclərimizin qəhrəmanlığı, yumruq kimi birləşmiş xalqımızın milli vəhdəti hesabına ölkəmizin ərazi bütövlüyünə nail olduq. Azərbaycanı sevən, Vətənin bütövlüyünə bacardığı töhfəni verməyə çalışan hər bir vətəndaşımızın bu tarixi Zəfərdə özünəməxsus rolu var. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canını qurban verərək şəhid olan, sağlamlığını itirən, döyüş əməliyyatlarında misilsiz şücaət göstərən gənclərimizin yaratdıqları tarix isə böyük bir qəhrəmanlıq dastanıdır. 
Prezident İlham Əliyev Azərbaycana qazandırdığı nailiyyətlərlə göstərir ki, Vətəni sevmək, vətənpərvərlik sadəcə sözdə deyil, real əməllərdədir, bu sevgini konkret işlərlə ifadə etməkdədir, Vətənin inkişafına, insanların rifahına töhfə verməkdədir, Azərbaycanın maraqlarına, milli dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirməkdədir, müasir dünyamızın bilik və bacarıqlarına yiyələnməkdə, tarixi ənənələrə sahib çıxmaqda, milli ruhu ziyanlı təsirlərdən qorumaqda, mənəvi əmanətləri, bu Vətənin müqəddəs dəyərlərini gələcək nəsillərə ötürməkdədir. Belə bir vətənpərvər, mətin, qəhrəman gənc nəsil Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunun, bu kursu davam etdirərək Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş cənab İlham Əliyevin strateji inkişaf siyasətinin ən möhtəşəm əsəridir. 
Dövləti qüdrətli edən onun dəyərlərinə bağlı, o dövlət uğrunda göz qırpmadan hər cür fədakarlığa hazır olan insanlardır. Ötən əsrin 90-cı illərinin ortalarından yürüdülən siyasət də güclü Azərbaycan üçün qüdrətli vətəndaşlar yetişdirib. Şuşanı, Xankəndini, başqa əzəli-əbədi yurdlarımızı düşmən tapdağından azad edənlər, bu torpaqlarda bayrağımızı ucaldanlar, Azərbaycanın maraqlarını bütün dünyada qorumaq üçün zəhmətini əsirgəməyənlər Ümummilli Lider Heydər Əliyevin,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yetişdirdiyi gənc nəslin təmsilçiləridir. 
Burada güclü dövlətə aidlik duyğusunun da böyük rolu var. Bu gənclər yeni ruhda böyüyüblər. Gözlərini açandan Azərbaycanı getdikcə güclənən, inkişaf edən görüblər və görürlər. Özlərini böyük bir dəyişiklik və inkişaf prosesinin içində hiss edə bilirlər. Belə bir ölkənin vətəndaşı olmalarından qürur duyurlar. Ona görə güclü Azərbaycanın gəncliyi də güclüdür. Belə bir gənc nəslə sahiblik ölkəmizin gələcəyi üçün möhkəm təməllər formalaşdırır.

 

İdeoloji risklərə qarşı

 

Gənc nəslin hər zaman diqqətə, qayğıya, düzgün istiqamətə ehtiyacı var. Gənclərin vətənpərvərlik tərbiyəsi, milli ruhda yetişdirilməsi, müasir dünyamızın bilik və bacarıqlarına yiyələnmələri üçün şərait yaradılması, özlərini təsdiqləmələri üçün mühit verilməsi  vacib şərtlərdir. Azərbaycan dövləti bu tədbirləri böyük həssaslıqla həyata keçirir. Gənclərə yol açır, potensiallarını reallaşdırmaları üçün meydan verir. 
Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa edib. Hazırda ən müasir standartlara uyğun və ən güvənli sərhəd infrastrukturunun qurulması istiqamətində  ardıcıl işlər aparılır. Sərhədlərimizin möhkəmliyi ölkəmizdəki inkişaf prosesləri, həyatımızın təhlükəsizliyi, gələcəkdən əminliyimiz baxımından çox önəmlidir. Sərhədlərimizin etibarlı qorunması bizi xarici risklərdən daha güclü şəkildə mühafizə edir. 
Hazırda Azərbaycan daxilində bizi təhdid edə biləcək risklər yoxdur. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Ona görə də cənab İlham Əliyev təhlükəsizlik tədbirlərinin bundan sonra da davam etdirilməsini vacib vəzifə kimi müəyyənləşdirir. Bu da, təbii ki, səbəbsiz deyil. Azərbaycan dövləti təxminən 200 illik erməni layihəsinin ömrünə son qoyub ərazi bütövlüyünə nail olmaqla elə planları puça çıxarıb ki, ölkəmizə qarşı ideoloji təxribatlar bundan sonra da tez-tez gözləniləndir. Azərbaycan dövlətinin haqq işinə kölgə salınması meyillərini, bizə qarşı ayrı-seçkilik təzahürlərini, ölkəmiz haqqında əsassız və yalançı, mənfi imic yaradılması cəhdlərini gündəlik həyatımızda hamımız görürük. 
Bu cəhdlərdən doğan ciddi bir risk var ki, onun hədəfi, adətən, gənc nəslin təmsilçiləri olur. Bu, ideoloji risklərdir. İdeoloji risklər xüsusilə indiki şəraitdə heç bir sərhəd tanımır. Qloballaşan, rəqəmsallaşan dünyamızda ideoloji risklərin qarşısını heç bir mühafizə tədbiri ilə almaq mümkün deyil. Ona görə də ən böyük öhdəlik yenə də vətəndaş məsuliyyətinin üzərinə düşür. Vətəndaş olaraq hər birimizdən tələb edilən məsuliyyət gənclərimizin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı da bildirdi ki, bu məsələyə çox ciddi yanaşmalıyıq: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır". 

 

Ailə institutunun rolu

 

Gənc nəslin tərbiyəsində ailə institutunun rolu çox böyükdür. Xoşbəxtlikdən Azərbaycanda ailə institutu sağlam təməllər üzərində qurulub. Onun özəyində ənənələr, dəyərlər durur. Ailə tərbiyəsinin hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyə mənbəyi rolunu bundan sonra da qorumaq zəruridir.  
Eyni zamanda məktəblər də gənc nəslin tərbiyəsində çox vacib vəzifə yerinə yetirir. Ölkəmizə tarixi qələbə bəxş etmiş müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu var. Məktəblərdə milli istiqlalımız, milli ləyaqətimizlə bağlı aşılanan dəyərlər, əsrlər boyu bizə qarşı edilmiş ədalətsizliklə bağlı nəsillərdən-nəsillərə ötürülən həqiqətlər, öyrədilən qəhrəmanlıq tariximiz gənclərin tərbiyəsində çox mühüm iş görür. 
Yeni nəslin daha bir tərbiyə qaynağı isə ümumilikdə milli dəyərlərimizdir. Malik olduğumuz adət-ənənələr, milli-mənəvi baxışlar sistemi cəmiyyətimizin əsası, varlığımızın sütunudur. Bu sütunu daim sarsılmaz etmək, kənar təsirlərdən qorumaq isə onların təmsilçiləri olaraq hər birimizdən asılıdır. Digər tərəfdən, əsas dəyərli miraslardan biri də sağlam ideologiya ilə bağlıdır. Sağlam ideologiya cəmiyyətdə milli vəhdəti təmin edən, xalqın ali məqsədlər uğrunda irəliyə doğru hərəkətinə təkan verən gücdür. Bu da bir həqiqətdir ki, güclü ideologiyaları güclü liderlər yaradır, onun dayaqlarını həm əməli fəaliyyətləri, uğurla reallaşdırdıqları inkişaf proqramları, həm də müəyyən etdikləri baxışlar sistemi, yüksək dəyərləri ilə möhkəmləndirirlər. Bu baxımdan müstəqil Azərbaycanın milli dövlət ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. 
Ulu Öndər müstəqilliyinin ilk illərində zamanın ağır sınaqları ilə üzləşmiş Azərbaycan dövlətini təlatümlərdən, məhv olmaq təhlükəsindən çıxararaq onun gələcəyinə istiqamət verdi. Əbədi istiqlalı, milli birliyi, dünyəvi prinsiplərə malik sivil demokratik dövlət qurmaq arzusunu, vətəndaş cəmiyyətinin formalaşdırılmasını özünə strateji məqsəd seçmiş xalqımız üçün azərbaycançılıq ideologiyasını müəyyənləşdirdi. Azərbaycançılıq etnik mənsubiyyətindən, dilindən, dinindən, yaşadığı məkandan asılı olmayaraq Azərbaycanı özünə vətən bilən bütün insanların hüquqlarının bərabərliyi ideyasıdır. Prezident İlham Əliyev çıxışında qəti şəkildə bəyan etdi: "Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik". Bu ideologiyanı, bu dəyərləri və onların işığında yetişən gənclərimizi ziyanlı təsirlərdən qorumaq ümumi missiyadır və biz bu missiyanı layiqincə yerinə yetirməyi bacarmalıyıq.  Bu halda heç bir ideoloji təsir xalq olaraq gələcəyimizi təhdid altına sala, gənclərimizi milli hədəflərə aparan yoldan kənarlaşdıra, sapındıra bilməyəcək. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video