03 Noyabr 2022 01:17
524
CƏMİYYƏT
A- A+

Qalib Prezidentin qalib xalqı

 

HƏZİYEV ŞƏMŞİR BƏXTİYAR OĞLU    
ehtiyatda olan polkovnik-leytenant

1978-ci il fevralın 27-də Cəbrayıl rayonunun Dağ Xələfli kəndində anadan olub. Seydalı Hüseynov adına kənd orta məktəbinin məzunudur. 
1993-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) Tank artilleriya fakültəsində təhsil alıb. 1999-cu ildən 2002-ci ilə qədər "N" saylı hərbi hissədə taqım komandiri kimi çalışıb. 2002-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmətə başlayıb: "N" saylı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, əməliyyat bölmə rəisinin köməkçisi, alayın kəşfiyyat rəisi vəzifələrində işləyib. 
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır.  
"Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik "Yubiley", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci və 3-cü dərəcəli "Xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.

 

Mən müharibə uşağıyam. Savaşın dəhşətlərinin şahidiyəm. Uşaqlıq xatirələrimin hər birində müharibənin izi var. Doğulduğum Cəbrayıl rayonu 27 il düşmən tapdağında inləyib. Ailəm, nəslim, elim-obam illərlə məcburi köçkünlük həyatı yaşayıb. Belə bir ağrı-acını yaşayan uşaq, yəqin ki, böyüyəndə qisas almağı qarşısına məqsəd qoyardı. Mən də belə etdim!

 

Həsrətə son qoyan savaş

 

Qohumlarımın çoxu Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Onları hər dəfə hərbi formada görəndə daha da həvəslənirdim. Böyük qardaşım döyüşlərdə 3 dəfə yaralanmışdı, amma yenə də geri çəkilmirdi. Onun igidliyi məni heyran edirdi. Həmin dövrdə qəhrəman oğullarımızın sayı çox olsa da, ordumuzun birliyi, ən əsası isə vahid komandanlıq yox idi. Bu da nəticədə ağır faciələrə səbəb oldu, torpaqlarımız işğal edildi.
Qarşıma məqsəd qoydum ki, böyüyüb komandir olacağam. Bir gün kəndimizi də, Qarabağı da işğaldan azad edəcəyik, mən də erməni vandallarından qisasımı alacağam. 
İllər ötdü, zaman yetişdi, Tanrı bizə xilaskar lider, qüdrətli Ali Baş Komandan yetirdi. Azərbaycanı, xalqını sevən liderimiz işğalla barışmadı və 30 illik həsrətə son qoyaraq bütün məcburi köçkünlərin sönən çırağını yandırdı. 
Ali Baş Komandan İlham Əliyev xalqımızın və ordumuzun çoxdan gözlədiyi "İrəli!" əmrini verərək bəyan etdi ki, müqəddəs Vətən torpaqlarını düşməndən təmizləmək zamanıdır. 
Bizlər, Vətən müharibəsi qəhrəmanları da bu əmri 44 günə uğurla icra etdik. Baş sərkərdəmizin dönməz iradəsi, qüdrətli, qətiyyətli komandanlığı ilə qələbə qazandıq və bu zəfərin memarı İlham Əliyev oldu.

 

Müharibə uşağı, qaçqınlıq həyatı və kəşfiyyatçı olmaq istəyi

 

1993-cü ilin avqust ayı idi. Qarabağ müharibəsi davam edirdi. Atamla birgə kənddən çıxıb Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd vermək üçün Bakıya yollandıq. Bir-iki gün paytaxtda qaldıq. Amma atama xəbər çatdırdılar ki, ermənilər Cəbrayıla hücum edib, kəndimiz işğal edilir, tez özünü yetir.
Atam çarəsiz vəziyyətdə qalmışdı. Məni qardaşı oğlunun yanında qoyub geri qayıtdı. İmtahana əmim oğlu ilə gedəsi oldum. Məktəbdə əla qiymətlərlə oxumuşdum. İmtahanda mənə suallar və misallar verildi, hamısını həll etdim. Dedilər ki, bizə belə hazırlıqlı yeniyetmələr lazımdır və qəbul etdilər. İmtahanlardakı yüksək göstəricilərə görə birbaşa ikinci kursdan təhsilə başladım. 
Mən liseyə qəbul olunanda artıq kəndimiz, Cəbrayıl rayonu işğal olunmuşdu, valideynlərim min əzab-əziyyətlə məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdular: İmişlidə, Salyanda, Saatlıda dəmir vaqonlarda yaşadılar. İş-güc yox, yalnız dövlətin verdiyi yardımlarla dolanırdılar. Mən isə liseydə təhsilimi davam etdirirdim. Amma bu çətin vəziyyətdə onlardan daima xəbər tutmağa çalışır, telefon əlaqəsi saxlayır və çox acı çəkirdim.  
Liseyi bitirib təhsilimi Bakı Ali Birləşmiş Komandirlər Məktəbində Tank artilleriya fakültəsində davam etdirdim - tankçı olmaq istəyirdim. Bir gün polkovnik Hikmət Mirzəyev (Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı və Xüsusi Təyinatlı Qüvvələrin komandiri) məktəbimizə gəlmişdi. Bizi toplayıb dedi ki, yeni Xüsusi Təyinatlı Qüvvələr yaradılır, kim istəyirsə, sənədlərini təqdim etsin. Mən də sənədlərimi verdim, amma qəbul olunmadım. Çünki qəbul şərtlərinə əsasən, qamət həddi 1,85 və ondan yuxarı idi. Mən isə bu tələbə cavab vermirdim.
Məktəbi bitirib "N" saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyətə başladım. 2002-ci ildə hərbi hissəmizə Xüsusi Təyinatlı Qüvvələrdən (XTQ) bir qrup zabit heyəti gəlib bizi kurslara dəvət etdi. Mən də bu kurslarda iştirak etdim və XTQ-də fəaliyyətə başladım.
İxtisasımı da dəyişdim: artıq hərbçi həyatımda yeni bir istiqamət var idi - kəşfiyyatçı. Müharibə şəraitində olan bir dövlətin Silahlı Qüvvələrində kəşfiyyatçı olmaq həm çətin, həm məsuliyyətli, həm də qürurlu idi. Kəşfiyyat bölüyündə qrup komandirinin müavini olaraq xidmətimi davam etdirdim. Xidməti dövrümdə bir çox xüsusi təlimlərə qoşuldum. Türkiyə Silahlı Qüvvələri ilə birgə təşkil olunan təlimlərdə böyük təcrübə topladım. Antiterror, sorğulama, paraşütçü və dağçılıq kurslarını müvəffəqiyyətlə bitirib hərbi biliklərimi daha da təkmilləşdirdim.
7 il qrup komandiri kimi çalışdım. Fəaliyyətimiz dağlıq rayonlarımızda təlimlər keçməkdən ibarət idi. Çünki bilirdik ki, gec-tez müharibə olacaq və hücum zamanı bizi doğma Qarabağımızdakı uca zirvələrdə çətinliklər gözləyəcək. Ona görə də havada, suda, quruda və dağlarda durmadan çalışırdıq.  
Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ordu quruculuğuna daim xüsusi diqqət yetirən Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrə əlahiddə, çox həssas yanaşır və bizə böyük etimad göstərirdi. Təbii ki, bizlər də daim diqqət və qayğısını hiss etdiyimiz Ali Baş Komandanımızın etimadını doğrultmaq üçün var gücümüzlə müharibəyə, böyük qələbəyə hazırlaşırdıq.

 

Aprel döyüşləri göstərdi ki, böyük zəfərə hazırıq

 

İlk döyüş sınağım Aprel savaşı oldu. 2016-cı il martın axırlarında kəşfiyyat məlumatları əldə etdik və bəlli oldu ki, düşmən təxribata hazırlaşır. 
Ümumiyyətlə, biz təmas xəttində o vaxtadək bir çox əməliyyatlar, döyüş tapşırıqları həyata keçirdiyimizdən düşmənin hazırlaşdığı bütün təxribatlardan əvvəlcədən xəbərdar olurduq. 
Aprelin 1-də gecə bizə tapşırıq verildi. Düşmənin təxribatlarına qarşı əks-həmlə ilə Talış yüksəkliyi istiqamətində irəlilədik və bir çox əraziləri düşməndən təmizlədik. Aprelin 3-dək əməliyyatlarımız davam etdi, düşmənin qarşımıza çıxan canlı qüvvəsini, hərbi texnikasını məhv edərək tapşırığımızı uğurla yerinə yetirdik. 
1994-cü ildə Azərbaycan Ordusu hücum edərək Horadizi düşmən tapdağından azad etmişdi. Ondan sonra ordumuzun böyük uğuru yox idi. Aprel döyüşləri ordumuzun 22 ildən sonra həyata keçirdiyi ən uğurlu və böyük əməliyyatı oldu. Bu əməliyyat zamanı da ən öndə olan Xüsusi Təyinatlı Qüvvələr idi. Təəssüflər olsun ki, aprelin 4-də atəşkəs elan edildi. Əgər bu baş verməsəydi, Azərbaycan Silahlı Qüvvələri düşmənə çox ağır zərbə vurmaqla daha çox ərazilərimizi işğaldan azad edə bilərdi.
Bu döyüşlər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi islahatların nə qədər düşünülmüş, uğurlu olduğunu təsdiqləyən reallıq oldu. Bir daha bəlli oldu ki, İlham Əliyev əsl sərkərdədir. 
Bütün bunlar bizim qələbəyə olan inamımızı daha da artırdı, həm də Ali Baş Komandanımız bizə daha çox inandı və güvəndi. Aprel döyüşləri göstərdi ki, biz zəfərə tam hazırıq və artıq müharibə başlanmalıdır.  

 

Vətən müharibəsi və 27 il sonra  doğma yurda dönüş

 

Aprel döyüşlərindən sonra biz daha ciddi təlimlər keçir, demək olar ki, hər saat müharibəyə hazırlaşırdıq. Çox ciddi hazırlıqlar gördük və Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirmək üçün bölmələrimizi tam hazır vəziyyətə gətirdik. 
2020-ci il sentyabr ayının əvvəllərində apardığımız kəşfiyyat əməliyyatları zamanı məlumat əldə etdik ki, düşmən növbəti təxribata hazırlaşır. Bu barədə komandanlığa məlumat ötürdük.
Sentyabrın 27-də Ali Baş Komandan düşmən təxribatına cavab olaraq əks-həmlə əməliyyatlarının başlanması üçün əmr verdi və "Dəmir yumruq" əməliyyatı başladı. Biz tapşırıq alaraq Murovdağ, yəni Kəlbəcər istiqamətində əməliyyatlara başladıq. Fikirləşirdik ki, Ermənistan havadarlarına yalvararaq bu dəfə də atəşkəsin elan olunmasına çalışacaq. Amma sən demə, baş sərkərdəmizin qətiyyətli əmri bizi Qarabağa - doğma yurdum Cəbrayıla, Şuşaya, Ağdama, Kəlbəcərə aparırmış... 
Aprel döyüşlərindən sonra bizlərə Lələtəpə, yaxud Talış qəhrəmanları deyirdilər. Vətən müharibəsi isə bizi Qarabağ qəhrəmanlarına çevirəcəkdi. Baş qəhrəmanımız, böyük zəfərin memarı isə İlham Əliyev olacaqdı. 
Əməliyyatlara başladıq və ilk olaraq, Ömər aşırımından Kəlbəcər istiqamətində irəlilədik. Keçid açdıq və digər bölmələrimizin irəliləməsi üçün imkan yaratdıq. Həmin istiqamətdə düşmənin uzun illər möhkəmləndirdiyi müdafiə istehkamları vardı. Kəlbəcərdə Susuzluq dağına yetişmişdik. Bu yüksəkliyi azad etdikdən sonra Çiçəkli dağa doğru irəliləməli idik. Bu dağ Kəlbəcər yolunun üstündə yerləşir. 
Kəşfiyyat məlumatları toplayıb komandanlığa ötürdük. Yəni düşmənin bu ərazilərdəki bütün komanda müşahidə məntəqələrini, artilleriya bölmələrinin yerləşdiyi ərazilərin koordinatlarını müəyyənləşdirdik. Sonra bizə geri qayıtmaq əmri verildi və tapşırıqla əməliyyat istiqamətimiz dəyişdi. 
Yeni tapşırıq Cəbrayıl istiqaməti oldu. Bura mənim doğma yurdum idi: 27 il sonra ata yurduma ayaq basırdım. İrəlilədikcə sanki uşaqlığım, Birinci Qarabağ müharibəsi günlərində keçirdiyim ağrılı hisslər yadıma düşürdü. Qardaşımın, əzizlərimin qanı töküldüyü torpağı bağrıma basa-basa irəliləyirdim. Bəzi ərazilər artıq azad olunmuşdu, amma təhlükə hələ də qalırdı.
Hadrut istiqamətində irəliləmək tapşırığı almışdıq. Amma Cəbrayılın bəzi kəndlərində hələ düşmən əsgərləri var idi. Biz ancaq gecələr piyada hərəkət edərək əməliyyatlar keçirirdik. Ona görə də kəndimizi görə bilmədim.
Tapşırıq gəldi ki, Hadrut azad edilməlidir. Biz bir taborla hərəkət edirdik. Kəşfiyyat rəisi olduğum üçün məndə bütün məlumatlar var idi. Komandirə xəbər verdim ki, bizim şəxsi heyət o qədər də çox deyil. Amma burada düşmənin 18-ci diviziyası və 1-ci alayı yerləşib. Yəni bizdən sayca qat-qat çoxdurlar. Açıq döyüşə girsək, say üstünlüyü onlarda olacaq, sursatımız da tükənə bilər. 
Artilleriya bölmələrimizin və PUA-ların zərbəsi düşməni qorxuya salmağa başladı. Biz də yüksəklikdə pusqu qurmuşduq. Əlimizdə əraziləri təyin edən modern xüsusi radar aparatlarımız vardı. Onun vasitəsilə gecə səhərə qədər meşə ilə hərəkət edib Hadruta daxil olduq. Taborun bir hissəsi Ərgünəş dağına tərəf irəliləyib yüksəkliyə qalxdı. Buradan düşmənə gələ biləcək köməyin qarşısı alınmalı idi. Müşahidə aparıb gördüm ki, mülki əhali ərazini dayanmadan tərk edib Tuğ kəndi istiqamətinə qaçır. 
Ərgünəş dağında mövqeləndik. Bir müddətdən sonra hərəkətə başladıq. Qarşımıza çıxanı məhv edirdik. Hadrutun küçələri erməni leşləri ilə dolu idi. Hərbi formada olanların əksəriyyəti yaşlı insanlar idi; cavanlar da silahlarını atıb qaçırdılar. Bu da göstərirdi ki, Ermənistan ordusu həm qorxaqlardan, həm də yaşlılardan ibarətdir. Təyin edilən yerə bayrağımız sancıldı və Hadrut düşməndən təmizləndi. 
Demək olar ki, bir gündə azı 2-3 kəndi işğaldan azad edirdik. Bu da bizə əlavə motivasiya verirdi.

 

Hər gün qəhrəmanlıq salnaməsi yazılırdı

 

Növbəti tapşırığımız Tuğ kəndi istiqamətində irəliləmək idi. Yağışlı və dumanlı hava hərdən hərəkətimizi bir qədər ləngidirdi. Buna görə də bəzən əlverişli yerlərdə bir qədər dincəlirdik. Həmin anlarda məlumatlar alırdıq və radioda Ali Baş Komandanın çıxışlarına, xalqa müraciətlərinə qulaq asırdıq. Prezident hər çıxışında qələbə müjdəsi verir, azad olunmuş ərazilərimizin adlarını çəkirdi. Bu da şəxsi heyəti ruhlandırır, yorğunluq hissi sanki yox olur və daha sürətlə irəliləmək istəyirdik. 
Tuğ kəndi istiqamətində irəlilədikcə qarşımıza çıxan erməni hərbçisi əlimizdən sağ qurtula bilmirdi. Bəziləri də şərəfsizcəsinə qaçırdı.
Tuğ kəndini də düşməndən azad edib digər bölmələrimizə təhvil verərək irəlilədik. Yalnız dağ-meşə yolları ilə hərəkət edirdik. Hansı ki düşmən bizim o istiqamətdən hərəkət edəcəyimizi ağlına da gətirə bilməzdi. Biz onları hər zaman pusquya salıb məhv edirdik.
Düşmən bizə yalnız bir qədər möhkəmləndiyi Çanaqçı kəndində hücum etdi. 3 dəfə üzərimizə hücuma keçdilər, amma ağır itki verib geri çəkildilər. Xüsusi Təyinatlı Qüvvələri də üzərimizə hücuma gəldi, yenə də məhv oldular. Onlardan xeyli sayda gecəgörmə cihazları, təzə silahlar götürdük. 
Çanaqçını keçib Sığnaq kəndinə yetişdik. Artıq digər bölmələrimiz bu kəndi azad etmişdi. Hər tərəf yanırdı, düşmən texnikaları məhv edilmişdi. 
Sonra Şuşaya doğru irəlilədik. Daşaltı istiqamətində yüksəkliyə qalxıb mövqeləndik. Oradan Şuşa açıq-aydın görünürdü. 
Noyabrın 7-də Şuşanın qala qapısına doğru istiqamətləndik. Amma düşmən artilleriyası ərazini atəşə tuturdu. Məlumat aldıq ki, bölmələrimiz digər istiqamətdən Şuşaya daxil olublar və döyüşlər gedir. Bizim istiqamətdən isə hərəkət etmək çətin idi. Birtəhər Şuşa-Xankəndi yolu istiqamətinə yönəldik. Buradan düşmən tankları hərəkət edirdi. Onları məhv etmədən irəliləyə bilməzdik. Əlimizdə isə yalnız yüngül silahlar var idi. Yolun kənarından düşmənin atıb qaçdığı bir ədəd qumbaraatan götürmüşdük. Kənarda vurulmuş avtomobil vardı, əsgərlərə dedim ki, maşından yağ və yanacaq çəkib gətirsinlər. Yanacaqla yağı qarışdırdıq və su butulkalarına doldurub partlayıcı hazırladıq. Yanımızdan keçəndə qumbaraatanla tankın birini vurdum və partlayışla texnika dayandı. Bir neçə saniyədən sonra yana-yana ərazidən uzaqlaşdı. Digər tank gələndə əlimizdəki yandırıcıları atdıq və tank alışdı. Elə yaxınlaşmaq istəyirdik ki, yanıma mərmi düşdü. Huşumu itirdim...
Ayılanda gördüm ki, məni torpağa basdırıblar, yalnız baş hissəm bayırdadır. Bu, ilkin tibbi müdaxilə idi: bədənimin bir hissəsi yanmışdı. Ağciyərim partlamışdı. Həkim deyibmiş ki, iynə vursam, öləcək. Komandirə də məlumat veriblər ki, kəşfiyyat rəisi ağır yaralıdır, bir neçə saata şəhid olacaq. Məndən başqa 18 nəfər yaralı var idi. Amma yaralıları çıxarmaq mümkün deyildi. Noyabrın 9-da yol açıldı və bizi Füzulidəki Əhmədbəyli hospitalına gətirdilər. İlkin yardımdan sonra Bakıya göndərdilər və həkimlər həyatımı xilas etdilər. İndiyədək də müalicə kurslarım davam edir. 
Qələbə xəbərini eşidəndə, sadəcə, gözlərim güldü, çünki hərəkət etməyim mümkünsüz idi. Ali Baş Komandanın zəfər müjdəsindən sonra özümü dünyanın ən xoşbəxti sandım. Çünki bu qələbədə mənim də payım var idi. Xüsusi Təyinatlı Qüvvələr üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdilər.
Hospitalda olanda həm Ali Baş Komandanın, həm də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqətində olduğumuzu gördüm. Həkimlər deyirdilər ki, Mehriban xanım mütəmadi olaraq bizim səhhətimizlə maraqlanır, həkimlərə də tapşırır ki, əllərindən gələni əsirgəməsinlər. 

 

Qarşımızda məğrur və qüdrətli, qalib sərkərdə var idi

 

Aprelin 12-də Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Vətən müharibəsində ən yüksək hərbi mükafatla təltif edilən qəhrəmanlarla görüşdü. Mən də həmin görüşdə iştirak edirdim. Qarşımızda məğrur və qüdrətli, qalib sərkərdə var idi. Hər kəlməsi, hər sözü hikmətli ifadələrlə zəngin idi. 
Prezident dedi ki, dövlətimizin yüksək hərbi mükafatları bizlərə təqdim edilir. Bu mükafatlar Vətən müharibəsindən sonra Ali Baş Komandanın təşəbbüsü ilə təsis edilib. Mükafatların adlarını da özü verib. Təltif edildiyim "Qarabağ" ordeninin Ali Baş Komandanın özü tərəfindən təqdim olunması isə ayrı bir xoşbəxtlik, unudulmaz xatirə oldu. 
Böyük qələbə Müzəffər Ali Baş Komandanın illərlə apardığı siyasi mübarizənin zəfəri idi. Bu uğur İlham Əliyevin müstəqillik dövründə vətənpərvərlik ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun zəfəri idi. Baş sərkərdəmiz memarı olduğu böyük qələbə ilə hər bir azərbaycanlının qəlbində abidə ucaltdı. Mənim isə 27 illik Cəbrayıl həsrətimə son qoydu. Ona görə də həm hərbçi, həm də keçmiş məcburi köçkün kimi Ali Baş Komandana hər zaman minnətdaram. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video