07 May 2024 08:00
344
SİYASƏT
A- A+

Qafqazın gündəmini İLHAM ƏLİYEV müəyyən edir

 

Bu gün dünyanın geosiyasi mənzərəsi heç də ürəkaçan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyub. Çünki bütün dövrlərdə müharibələr yaddaşlara qan-qada, ölüm-itimlə, dağıntılarla yazılıb. 
Yaxın Şərqdə yaşanan münaqişə, Rusiya-Ukrayna müharibəsi, məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinin davam etməsi, Gürcüstandakı son proseslər həyəcan təbili çalır. Təbii olaraq qarşıdurmalar dövlətlərdə sabitliyə təsir göstərir, hətta bir çox ölkələr müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzədir. Bu dövlətlərin bir çoxunun liderlərinin və siyasi hakimiyyətlərin yarıtmaz siyasətini, hadisələri qabaqlamaq və onların preventiv üsullarla qarşısını almaq məsələlərində geridə qalmalarını görmək olar.
Şükürlər olsun ki, bu arzuolunmaz geosiyasi arxitektura fonunda Azərbaycanda siyasi sabitlik var. Regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və durmadan inkişaf etdirir. Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm məsələ dövlətin liderinin yürütdüyü siyasətdir. 
Son 21 ildə həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analizetmə, dorğu qərarvermə bacarığı, uğurlu diplomatiyası ilə ölkəmizə qarşı bütün təhdidlərə layiqli cavab verir. "Coğrafiyadan və çətinlikdən şikayətlər üçün bəhanə kimi istifadə edilməməlidir", - deyən İlham Əliyev qətiyyətli siyasəti, prinsipial mövqeyi ilə Azərbaycanı sabitlik adasına çevirib.   
Yerləşdiyimiz coğrafiyada Gürcüstan və Ermənistan kimi ölkələr də mövcuddur. Amma bu gün hər iki ölkədə yaşanan siyasi mənzərə heç də arzuolunan deyil. Görünən odur ki, bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Məhz bu səbəbdən də Gürcüstan hökuməti  mövqeyində haqlıdır. Ona görə ki, eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu. Hakimiyyətə gətirilmiş dövlət başçısına yalan vədlər verilərək ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisinin yaxınlığına gəlib çatdılar. Qərb Gürcüstanın yenə də arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu. Bu olaylar ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd göstərilir. Ancaq 2004-cü ildən fərqli olaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir.
Eriraf etməliyik ki, bu cəhdlər, araqarışdırma oyunları Azərbaycana qarşı da həyata keçirilib. Amma bütün cəhdlər bumeranq effekti verib. Bunun yeganə səbəbi də Azəraycanda xalq-iqtidar birliyinin əzəmətidir. Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb.
Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Yaxşı bilirlər ki, Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcəklər. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər.
Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda İlham Əliyev bir daha Azərbaycana qarşı olan təhdidlərdən söz açaraq  regionla bağlı bəzi dairələrin hansı məkrli oyunlar oynadıqlarını dünyaya bəyan edib. Prezident konkret olaraq bildirib ki, bu gün bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumlar var. Bunun müqabilində də Azərbaycan cavab tədbirləri görməyə bilməz. Çünki heç bir təhdid, hədə-qorxu Azərbaycanı qorxutmur. Hər bir təxribata, təzyiqə cavab verməyə yetərincə gücümüz var. Lazım olarsa diplomatik yolla, lazım gələrsə güc yolu ilə...
Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlət başçısı bildirib ki, ölkəmiz tam eyni tədbirləri görür və qırmızı xətləri keçmir. Bu gün həmçinin Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir. 
Ancaq Qərb yaxşı bilir ki, artıq Cənubi Qafqazın gündəmini İlham Əliyev müəyyənləşdirir. Qalib dövlət kimi sülhə hazırlıq prosesini başladan və artıq son prosesə yaxaınlaşan Azərbaycan Ermənistanla barış sazişi imzalamağa yaxındır. Bu işdə vasitəçilik etmək istəyənlərin artıq olmaması prosesin reallaşmasını daha da yaxınlaşdırıb. İndi hər kəsə bəlli olub ki, "vasitəçilik" etmək istəyənlərin əsl məqsədi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmaması idi.  
Prezident İlham Əliyev də beynəlxalq forumda hər kəsin diqqətinə həqiqəti çatdıraraq deyib ki, bu gün sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. İşğal zamanı buna heç vaxt bu qədər yaxın olmamışıq. Dövlət başçısı hətta COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunmasının tamamilə real göründüyünü deyib: "Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin, görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir".
Ümumiyyətlə, bu gün Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur. Üzləşə biləcəyimiz yeganə potensial risklər isə xaricdən gələ bilər. Bu səbəbdən də Prezidentin dediyi kimi Azərbaycan düşünülmüş siyasət yürütməyə məcburdur. Belə ki, risklərlə üzləşməmək üçün qapılarımız hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq olmalıdır. 
Dövlət başçısı misal kimi hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini göstərib: "Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum". 
Bu gün Qafqaz qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgədir. İlham Əliyev də bunu nəzərə alaraq proseslərin düzgün məcraya yönəldilməsi üçün proaktiv olmağın vacibliyini vurğulayaraq yeni məsləhətləşmə formatı yaratmağı təklif edib. Bu format Cənubi Qafqazda ancaq təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edə bilər. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video