02 May 2024 08:40
142
SİYASƏT
A- A+

Qafqazda davamlı sülhə doğru

 

Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqların aparılması normallaşma üçün mühüm irəliləyişlərə zəmin yaradıb 

 

2024-cü ilin cəmi 4 ayı ərzində Cənubi Qafqazda sülh prosesi istiqamətində mühüm addımlar atılıb, əhəmiyyətli irəliləyişlərə nail olunub. 
Xatırladaq ki, hələ fevralın 17-də Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşü olub. Həmin görüş çərçivəsində sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələr aparılıb. 
Ardınca fevralın 28-də Berlində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib və sülh sazişi üzrə əsaslı müzakirələr aparılıb.
Vasitəçilərə ehtiyac görülmədən Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqların aparılması sayəsində sülh istiqamətində real müstəvidə mühüm nəticələrə də imza atılıb. Belə ki, artıq sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilib. Razılaşmaya əsasən, işğal altında olan Qazaxın dörd kəndi azad edilir. 

 

Olaf ŞOLTS: "2024-cü il regionda sülh ili ola bilər və olmalıdır" 

 

Bütün bu faktlar regionda dayanıqlı sülhün əldə edilməsi üçün Azərbaycan tərəfinin davamlı təşəbbüs və səylərinin müsbət effekt göstərdiyinə bariz nümunələrdir. 
Aprelin 26-da Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev vurğuladı ki, regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.
Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılması Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində mühüm hadisə kimi tarixə düşdü. 
Qeyd edək ki, qeyri-anklav kəndlərin qeyd-şərtsiz qaytarılması məsələsini Prezident İlham Əliyev hələ 2020-ci ildə qaldırmış, ötən müddətdə mövzu daim gündəlikdə saxlanılmışdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Baş nazirin müavini Şahin Mustafayevin Xidmətinin məlumatına əsasən, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Hər iki dövlətin ekspert qruplarının işi davam edir.
Azərbaycanın 4 kəndinin qaytarılması ilə bağlı əldə olunan razılaşmadan dərhal sonra beynəlxalq ictimaiyyət tərəfindən gələn açıqlamalarda iki ölkənin atdığı bu addımın alqışlandığı və bunun sülh prosesində mühüm addım kimi dəyərləndirildiyi əksini tapdı. 
Aprelin 26-da Almaniyada birgə mətbuat konfransında Kansler Olaf Şolts da  söylədi ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir: "Demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir. Yəni eşitdik ki, razılıq əldə etmisiniz. İndi bu dinamikanı saxlamaq və bu istiqamətdə cəsarətli addım atmağınızı istəyirəm".

 

İlham ƏLİYEV: "Biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq"

 

Torpaqlarının 30 illik işğalı dövründə hər zaman problemin danışıqlar yolu ilə çözülməsinin tərəfdarı olan Azərbaycan, Vətən müharibəsindən sonra - postmünaqişə dövründə də iki ölkə arasında sülhün əldə olunması üçün fəal iş həyata keçirib. Ermənistana beynəlxalq hüququn norma və qanunlarına uyğun 5 baza prinsipi çərçivəsində təkmil sülh modeli təklif edib. Sülh sazişinin tezliklə imzalanması istiqamətində əməli addımlar atıb. 
Başda Makron hökuməti olmaqla regionda maraqları olan bəzi xarici qüvvələrin ötən dövrdə Ermənistana siyasi, hərbi dəstək verərək müharibəyə qızışdırması isə İrəvanı sülh prosesindən uzaqlaşdırıb. Halbuki sülh müqaviləsinin imzalanması məhz Ermənistanın dalan ölkə olmaqdan qurtuluşu üçün İrəvana hava-su kimi lazım idi. Öz ambisiyaları uğrunda Ermənistanı qurban seçən həmin qərəzli təsisatlar ötən dövrdə Bakının sülh təşəbbüslərinə kölgə salmaq üçün davamlı şəkildə ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, hətta Azərbaycanın Ermənistana hücum edəcəyi kimi yalanlar tirajlayırdılar. Məqsədləri isə bir idi: bölgədə heç zaman münaqişə bitməsin, barış olmasın. Ancaq Bakının sülh gündəliyinə sadiq qalması və bu istiqamətdə davamlı təşəbbüsləri bölgə ilə bağlı mənfur planların da üstündən xətt çəkdi. 
Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, Qazaxın 4 kəndinin azad edilməsi, delimitasiya və demarkasiya işlərinə başlanılması isə Bakının sülh səylərinin real bəhrəsi oldu. 
Yuxarıda sözügedən mətbuat konfransında Prezident İlham Əliyev qeyd etdi ki, artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. 
Dövlət başçısı onu da qeyd etdi ki, yəni sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var:  "Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq".
Bir sözlə, Azərbaycanın sülh istiqamətində davamlı səyləri Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması üçün tarixi fürsət yaradıb. İki ölkə arasında birbaşa danışıqların aparılması sayəsində hər ötən gün sülh müqaviləsinin imzalanmasına doğru əlavə addımlar atılır. Növbəti belə mühüm addım isə Qazaxıstanda atılacaq. Belə ki, danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcəklər və bu görüşdə də sülh müqaviləsi ilə bağlı mühüm müzakirələrin aparılacağı gözlənilir. 
Almaniya Kansleri ilə birgə mətbuat konfransında Prezident İlham Əliyev də məhz bu məqama vurğu edərək, diqqətə çatdırdı ki, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video