Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa, Şərqi Zəngəzura eləcə də ölkəmizin başqa bölgələrinə olan səfərlərini xalqımız həmişə böyük maraqla izləyir, çıxışlarını diqqətlə dinləyir. Bu səfərlər zamanı yeni-yeni müəssisələrin, təhsil, səhiyyə, iaşə ocaqlarının, muzeylərin, yaşayış məntəqələrinin, eləcə də başqa obyektlərin açılış və təməlqoyma mərasimləri keçirilir. Dövlət başçımızın 17 mart 2026-cı ildə Xocavənd rayonunun Xanoba kəndinə olan səfərini də xalqımız yaxından izlədi.
Dəfələrlə şahidi olmuşuq ki, Prezident İlham Əliyev səfərləri zamanı yaşlı insanlarla yanaşı, azyaşlı uşaqlarla da görüşüb söhbət edir, onlarla maraqlı dialoq qurur. Dövlət başçımız 17 mart 2026-cı ildə Xocavənd rayonunun Xanoba kəndinə səfərində də sakinlərlə görüşərkən balaca Ayazla səmimi söhbət etdi. Həmin vaxt Prezidentin avtomobilinin sükanı arxasına keçən Ayaz dövlət başçımızdan ona "KamAZ" hədiyyə etməsini istəmişdi.
Prezident İlham Əliyevin göstərişi ilə qısa müddət ərzində Ayazın arzusu yerinə yetirilmiş, onun istəyi reallığa çevrilmişdir. Dövlət başçısı hədiyyə olaraq Ayazın yaşadığı kəndə "KamAZ" markalı yük avtomobili göndərmişdir. Yük maşınının sükanı arxasına əyləşən Ayaz sevinə-sevinə "İlham baba mənə "KamAZ" göndərib", - deyə sevincini bölüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "KamAZ" markalı yük maşını hədiyyə edilən Ayazın atası Bəybala Qasımov minnətdarlığını xoş sözlərlə ifadə edib. Bildirib ki, görüş zamanı övladı Ayaz Prezidentimizdən "KamAZ" istədi. Həmin an ölkə rəhbəri Ayazın əlindən tutaraq onu öz avtomobilinə tərəf apardı və maşına mindirərək soruşdu: - "Bu maşını istəyirsən, yoxsa "KamAZ"ı, Ayaz isə yenidən "KamAZ" istədiyini bildirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin vaxt Ayaza söz verdilər ki, onun qırmızı rəngli "KamAZ"ı olacaq. Bu gün həmin qırmızı "KamAZ" artıq bizim həyətimizdədir. Bütün bunlar çox qısa zamanda baş verdi. Ölkə rəhbərinin və birinci xanımın bizə qonaq gəlməsi, Ayazın onlardan "KamAZ" istəməsi - bunların hər biri bizim üçün yaddaqalan, unudulmaz anlardır. Mən özüm 10 yaşımda bu torpaqlardan çıxmışam, indi isə 44 yaşım var. Bu yaşımda belə sevincli anlar yaşamaq mənim üçün böyük qürur hissidir. Bu "KamAZ"la mən də çalışacağam ki, Qarabağımızda aparılan tikinti-quruculuq işlərinə töhfə verim".
Artıq balaca Ayaz arzusuna çatıb. Prezidentin bu hədiyyəsi Ayazın da, onun valideynlərinin də, xalqımızın da yaddaşından heç vaxt silinməyəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"