Azərbaycanda olan 450 gölün hər birinin öz gözəlliyi və özəlliyi var
Azərbaycan həm də göllər diyarıdır. Buradakı göllərin sayı 450-ni ötür. Doğrudur, onların əksəriyyəti kiçikdir. Amma elə böyük göllərimiz də var ki, sahəsi 10 kvadratkilometrdən çoxdur. Belə göllərin sayı 10-dur. Ən iri gölümüz isə Sarısudur. Hacıqabul, Masazır, Candar gölləri də böyük göllərin sırasında dayanır.
Mənşəyinə görə Azərbaycan gölləri 7 tipə bölünür. Onlar buzlaq, subasar, bənd, laqun, karst, sürüşmə, relikt mənşəlidirlər. Həm təbii, həm də süni göllərimiz var. Göllərin bir çoxu turizm məkanlarından uzaq məsafədə, yaxud mühafizə olunan ərazilərdə yerləşdiyindən sahilində istirahət etmək istəyənlər üçün əlçatan deyil.
Göllərin adlarını nəzərdən keçirdikcə bir nüans diqqətdən yayınmır. Belə ki, bir sıra göllərimiz rənglərdən ad alıb. Götürək elə Azərbaycan göllərinin başının tacı olan Göygölü. Ağ gölümüzün, Qara gölümüzün və bir sıra digər göllərimizin də adı rənglərdən qaynaqlanır.
Göygölü görəndə düşünürsən ki, bu zümrüd meşələrə ayna tutan, dupduru suları cilvələnən şəhla gözlü gölə başqa ad vermək olmazdı.
Göygöl haqqında məlumatı olmayan az insan tapılar. Bununla belə xatırladaq ki, bu göl 1139-cu ildə Gəncədə baş verən zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması və Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Onun ərazisində 19 göl var ki, bunların da 7-si böyük göl sayılır. Göl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir, uzunluğu 2800, görünmə qabiliyyəti 8-10, dərinliyi 100 metrdir, eni 800 metrdən 1000 metrədək dəyişir.
Buradakı Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Gölün ətrafının meşə landşaftı öz zənginliyi ilə məşhurdur. Gölün faunası da olduqca zəngindir.
Ağ gölümüzün də özəllikləri çoxdur. Bu, Azərbaycanda ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdəndir. Göl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb.
Ağ göl vahid açıq su hövzəsi deyil. O, bir neçə adanı bir-birinə qovuşdurur. Su hissələri sıx qamışlıqlarla əhatə olunmuş axarlarla birləşir. Bu, lal axan göldür, suyunun axın sürəti saniyədə 0,5-0,7 metr təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2003-cü il tarixli sərəncamı ilə Ağ göl Dövlət Qoruğunun sahəsi artırılıb və ərazi Milli Park adlandırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə burada "Quşlar cənnəti - Ağ göl Milli Parkı" sənədli filmi çəkilib. Bu, Azərbaycanın zəngin təbiətini, xüsusilə Ağ gölün nadir quş növlərini və ekosistemini əks etdirən maraqlı ekran əsəridir.
Qırmızı gölün isə ikinci adı da var - Qanlıgöl. Bu göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Buraya axıdılan çirkab suların əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocasən gölündən axan sular təşkil edir. Gölə bu suların axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olur. 1976-cı ilə qədər bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi də istifadə edilib.
Qırmızı göl şorsulu göllər qrupuna aiddir. Onun suyunun tərkibində kalsium, maqnezium, xloridlər, sulfatlar çoxdur. Göldə neft məhsulları ilə çirklənmə var. Yaxınlıqdakı lay suları da gölə axıdılır. Odur ki, onun çirklənməsi normadan artıqdır.
Adını təbiətin başqa bir rəngindən alan gölümüz isə Sarısudur. Sarısu gölü ölkəmizin ən böyük gölü sayılır. İmişli və Sabirabad rayonları ərazisində Kürün sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 kilometr məsafədə uzanan və bir-biri ilə əlaqəli dörd göldən biridir.
Sarısu gölü çay-dərə mənşəlidir, şirinsuludur. Göl suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır. Onun Kür çayına axını var. Göldə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır. Bəzi illərdə gölün səthi tamamilə buzla örtülə bilir. Bu halın davametmə müddəti 11 gündür.
Bu gölün suyunun həcmi təqribən 60 min kubmetrə çatır. Sarısu o qədər də dərin göl deyil. Maksimal dərinliyi 6 metr təşkil deyil. Gölün suyu zəif qələvi xarakterlidir, spesifik iyi yoxdur, şəffaflığı isə ayrı-ayrı hissələrində müxtəlifdir.
Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl və bataqlıq donuzları) ibarətdir. Ətrafdakı əlverişli şərait burada hər il on minlərlə müxtəlif növ quşların - ördək, qaşqaldaq, qaz, sultan toyuğu, qarabatdağın və s. qışlamasına imkan yaradır. Sarısu gölünü şimaldan Kür çayı, yaşayış məntəqələrindən isə avtomobil yolu kimi istifadə olunan torpaq bəndi ayırır ki, bu da onun tullantılardan çirklənməsinin qarşısını alır.
Qara göl xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malik olan bu göl Laçın rayonunun ərazisində yerləşir.
Qara göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətlidir. Gölün suyundan yerli əhali həmişə qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edib.
Bu gölü əhatə edən quru ərazi yüksək dağlıq qurşağın səciyyəvi Alp çəmənliklərindən ibarətdir. Ekoloji şərait və suyun müəyyən xüsusiyyətləri burada canlı aləmin azlığına səbəb olub. Bununla belə, gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə rast gəlinir.
Qara göl həm də sərhəd gölü sayılır. Vaxtilə, yəni sovet dönəmində gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, güclü nasos stansiyalarının qurulması onun çirklənməsinə və suyun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu.
1987-ci ildə Azərbaycanın və Ermənistanın direktiv orqanlarının qərarı ilə burada respublikalararası dövlət qoruğu - Qara göl Dövlət Qoruğu yaradılmışdı. Qara göl qoruğu uzun illər erməni işğalı altında qalıb.
Azərbaycanın çoxsaylı göllərinin bir hissəsi süni göllərdən ibarətdir. Onların bir çoxu öz füsunkarlığı ilə təbii göllərdən heç də geri qalmır. Maraqlıdır ki, bu göllərin bəzilərinə də insanların verdiyi adlar onları təbiət rənglərinin adını daşıyan göllər sırasına qoşub. Bunlardan biri Gümüşgöldür.
Şərur rayonunda yerləşən Gümüşgölün də görünüşü unikaldır. Ermənistanla sərhəddə yerləşən bu göl strateji əhəmiyyət daşıdığı üçün hazırda ziyarətə açıq olmasa da, uzaqdan belə gözəlliyi ilə göz oxşayır.
Qeyd edək ki, Şərurun Gümüşlü kəndi adını buradakı gümüş yataqlarından alıb. Beləliklə, göl də kəndlə adaş olub. Sovet dönəmində bu kənddə kinoteatr, restoranlar və məktəb fəaliyyət göstərib. Hətta 1984-cü ildə burada "Gümüşgöl əfsanəsi" filmi çəkilib.
Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən süni gölü isə Yaşıl göl adlandırıblar. İstər yerli sakinlər, istərsə də bölgənin qonaqları burada istirahət etməyi çox sevirlər. Belə ki, burada təbiətin qoynunda restoran və istirahət məkanı da fəaliyyət göstərir. Qonaqlara müxtəlif çeşiddə yeməklər, o cümlədən balıq təklif olunur.
Kür çayı kənarının gözəl təbii mənzərəsi burada qəfəsdə saxlanılan ayı və canavarlarla tamamlanır.
Bir daha vurğulayaq ki, çoxsaylı göllərimizin hərəsinin öz gözəlliyi, öz bənzərsizliyi var. Onlardan yalnız bir neçəsinin, rənglərdən ad alanların, öz adları ilə sanki qövsi-qüzey yaradanların haqqında qısa məlumatları xatırlatdıq.
Flora SADIQLI,
"Azərbaycan"