09 Dekabr 2023 09:00
21170
SİYASƏT
A- A+

Prezident seçkilərinin nəticəsini Şuşada və Xankəndidə dalğalanan Azərbaycan bayrağı müəyyənləşdirib!

 

Azərbaycan dövləti və xalqı növbəti seçim qarşısındadır. 
İki ay sonra sayca 9-cu prezident seçkisində vətəndaşlarımız ən layiqli namizədə səs verərək Azərbaycanın taleyini, müqəddəratını 7 il müddətinə ona həvalə edəcəklər.

Bu seçimin nəticəsi indidən məlumdur!
Seçkinin nəticəsini Tarixin Ən Qüdrətli Azərbaycanının yeni reallığı müəyyən edib!
Seçkinin nəticəsini Böyük Tarixi Zəfər, Şuşada və Xankəndidə dalğalanan Azərbaycan bayrağı həll edib!

Bu tarixi nailiyyətlərin müəllifi cənab İlham Əliyevə olan ümummilli inam əvvəlki seçkilərin etimad göstəricilərindən daha yüksəkdir! 
Xalqımız üçün İlham Əliyev qətiyyətli Prezident, qurucu Rəhbər, qlobal nüfuzlu Lider olmaqla yanaşı, həm də 5 əsrdən sonra qazanılan ən böyük hərbi zəfərin müəllifidir! 
* İki əsrlik münaqişəni, 30 illik müharibəni qələbə ilə bitirən, dünya erməniliyinin başını əzən Xilaskardır!
* Xalqımızın əsrlər boyu məruz qaldığı amansız soyqırımların qisasını döyüş meydanında alan yenilməz Sərkərdədir!
* Əbədi Zəfərin Müzəffər Ali Baş Komandanıdır!
* Müstəqillik tarixində Qarabağ və Şərqi Zəngəzurda ilk seçkiləri təmin edəcək, nəhayət ki, bütün Azərbaycanın seçkilərdə iştirakını gerçəkləşdirəcək qüdrətli Liderdir!
Bu seçkilər xalqının öz Rəhbərinə yalnız etimadını bildirmək aksiyası yox, daha çox məhz əbədi minnətdarlığını, müqəddəs borcunu, səmimi sevgisini və bitməyən rəğbətini bir daha bəyan etmək üçün böyük fürsətdir!
***
Seçkilərə yenicə start verilib, seçki kampaniyası hələ rəsmən başlamayıb. Qarşıdakı müddətdə proseslə bağlı çox araşdırmalar aparılacaq, rəylər, mülahizələr irəli sürüləcək. 
Ancaq fakt odur ki, Azərbaycandakı seçkilər indi yalnız Azərbaycana aid olan məsələ deyil!
Azərbaycan artıq regional liderlikdən qlobal nüfuz sahibinə çevrilən dövlətdir. Bu dövlətdə baş verən mühüm siyasi hadisələr də beynəlxalq əhəmiyyət kəsb edir, dünyanın diqqətini özünə cəmləyir. 
Bu diqqət isə heç də adi insanların marağına əsaslanmır. Tam əksinə, kiçiyindən böyüyünə qədər onlarla dövlətin müqəddəratına, enerji təhlükəsizliyinə, iqtisadi-ticarət əlaqələrinə, regional əməkdaşlığa birmənalı təsiri olan hadisədir.
Azərbaycandakı seçkilərin nəticələri indidən hər kəsə məlumdur. Çünki xalqımızın mövqeyi, inamı, etimadı bəllidir. 
Bu, dost ölkələri sevindirir, onların da özlərindəki rifahın, təhlükəsizliyin, inkişafın davamlılığına əminliyi artırır. 

Düşmənləri isə əlbəttə ki, məyus edir, Azərbaycan dövləti və xalqı ilə bağlı məkrli planlarının, bədxah niyyətlərinin qarşıdakı 7 il ərzində də reallaşmayacağını bir daha qətiləşdirir.
Ancaq İlham Əliyevin qlobal liderlik nüfuzunun nəticəsidir ki, dostlarımızın sayı daha çoxdur. 
AŞ PA-dan BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatının sədrliyinədək şərəfli, məsuliyyətli missiya dünyanın Azərbaycana hörmət bəslədiyini təmin edib.

İndi tam əsasla deyə bilərik ki, dünya Azərbaycana və onun liderinə hörmət edir!
***
Hörmət işlə qazanılır, sözlə, münasibətlə ifadə olunur.
Heç kəs özünü zorla başqasına sevdirə bilməz!

Diplomatik etiketlə səmimi münasibət, daxildən gələn hörmət arasındakı fərq də dərhal görünür, hiss olunur.
Hədə-qorxu, təsir və təzyiq güzəşt, tabeçilik yarada bilir, amma hörmət yox!
Yalnız hörmət doğuran işlər görənlər, hörmətə layiq əməl sahibləri bu ali insani duyğu ilə mükafatlandırılırlar.
Hörmət dərhal - ilk görüşdə və ilk dəfəyə qazanılmır.
Hörmət ardıcıl əməllər və atılan xeyirxah, gərəkli addımlar sayəsində zərrə-zərrə toplanır, üst-üstə yığılaraq münasibətə, ictimai rəyə çevrilir.

***
Sovet Azərbaycanı qırmızı imperiyanın tərkibinə daxil olan on beş müttəfiq respublikadan biri idi.
Ərazisi kiçik, əhalisi az, aqrar əyalət sayılırdı.
1941-1945-ci illər müharibəsində Bakı öz nefti ilə qələbəyə böyük töhfə versə də, "Qəhrəman şəhər" adına belə, layiq görülmədi, başqalarından fərqləndirilmədi.
Dayanmadan istismar olunan neft quyularında "qara qızıl" tükənsə də, sahəyə əlavə vəsait, sərmayə yönəldilmədi...
Yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra Azərbaycana münasibət dəyişdi.
Xalqda böyük inam və ruh yüksəkliyi yaradan, onun imkan və sərvətlərini səfərbərliyə alan Ümummilli Liderimiz Azərbaycanı yüksəltməyə, mərkəzlə dövrün tələblərinə uyğun münasibətlər qurmağa nail oldu.
Azərbaycan məhsul istehsalını artırdıqca, ittifaq büdcəsinə daha çox töhfələr verdikcə, həm xalqın gəliri artır, güzəranı yaxşılaşır, həm də mərkəzi büdcədən respublikaya ayırmalar çoxalırdı.
Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanını SSRİ-nin ən hörmətli, öndə gedən respublikalarından biri səviyyəsinə qaldırmışdı.
Ötən əsrin 90-cı illərində isə Azərbaycanı bir dövlət kimi məhvolmadan xilas edərək onun müstəqilliyini əbədiliyə və dönməzliyə çevirsə də, əsas problemin həllinə ömür vəfa etməmişdi.
Lakin bu missiyanın da uğurla yerinə yetirilməsinə dəyərli töhfəsini vermişdi:
Ölkənin sürətli və davamlı inkişafını təmin edən siyasi kurs müəyyənləşdirmiş və ən layiqli siyasi varisini hazırlayaraq dövlətin gələcəyini ona tapşırmışdı! 
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün etdiklərini yeni dövrün tələblərinə uyğun davam etdirməli və bununla etimadı doğrultmalı idi.

Ərazisinin 20 faizi işğal altında qalan, işsizlik və yoxsulluq səviyyəsi 40 faizi keçən, bir milyonadək qaçqını və məcburi köçkünü olan, iqtisadiyyatı və ordusu zəif dövlətə başçılıq etmək, onu arzuedilən hədəflərə çatdırmaq bir o qədər də asan məsələ deyildi.
Amma İlham Əliyev bunu bacardı!
Özü də nəinki bacardı, tarixinin ən qüdrətli Azərbaycanını yaratdı, yaşatdı və yeni zirvələrə ucaltdı!

* Azərbaycanı yenilədi, müasirləşdirdi;
* Dünyaya müasir dəyərləri mənimsəmiş, demokratik prinsiplərə yiyələnmiş imicdə təqdim etdi;
* Milli maraqlara əsaslanan daxili və xarici siyasət yürütdü, heç bir təsirə və təzyiqə boyun əymədi;
* Beynəlxalq təşkilatlarla iş aparmaq nümunəsi yaratdı;
* Hücum diplomatiyası tətbiq etdi;
* Beynəlxalq qurumlara rəhbərliyi dövründə faydalı təşəbbüslərlə çıxış etdi, bir sıra yeniliklərə imza atdı;
* Qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, ikitərəfli maraqların təminini əsas tutan prinsiplər əsasında yaxın və uzaq dövlətlərlə mehriban münasibətlər qurdu, strateji əməkdaşlıq etdi;
* Yeni tipli ordu yaratdı, onun ən müasir silahlar, yeni strategiya və taktika ilə təmin edilməsinə nail oldu;
* Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin keçdiyi məkana, logistika mərkəzinə, Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə çevirdi!
Azərbaycanın dünyada qazandığı bugünkü hörmət və nüfuzunda, özünəməxsus imicində İlham Əliyev şəxsiyyəti, bir rəhbər kimi fərdi və fərqli xüsusiyyət və cəhətləri, möhkəm iradə və xarakteri də xüsusi rol oynamışdır!
***
Qırmızı imperiyanın dağılması, Azərbaycanın müstəqillik yoluna qədəm qoyması dövründə xalqın həqiqi rəhbərindən ayrı düşməsi, SSRİ rəhbərliyinə ermənipərəst, bizə düşmən münasibəti bəsləyən M.Qorbaçovun gəlməsi və belə bir taleyüklü dövrdə ölkəyə maymaq, qorxaq, səriştəsiz və təcrübəsiz insanların başçılıq etməsi fəlakətlə nəticələndi.
AXC-Müsavat cütlüyünün iqtidarı dövründə "bəy"lərin gördükləri işlər, atdıqları addımlar əsl rüsvayçılıq nümunələri idi.
Dövlətdə mühüm postlar tutan "meydan qəhrəmanları" iqtidarda olduqları qısa müddətdə də özlərini elə meydanda olduqları kimi məsuliyyətsiz, bacarıqsız apardılar, diplomatiyadan və siyasətdən xəbərsizliklərini əyani şəkildə nümayiş etdirdilər.
Onlar gah özgə ərazisinə - Yakutiyaya "bayraq sancmaq"dan danışır, gah olmayan "atom bombası" ilə hədə-qorxu gəlir, gah da səfirin başına güllə çaxacaqlarını söyləyirdilər. Müdafiə naziri postunda oturan xəyanətkar R.Qazıyev isə dediyini edə bilməsə, başına güllə çaxacağını bəyan edirdi.
Bütün bu səriştəsizliklər, naşılıqlar müstəqil dövlət kimi dünya miqyasına çıxmaq ərəfəsində olan Azərbaycanı hörmətdən salırdı.
Digər tərəfdən, torpaqlarının itirilməsi, beynəlxalq qurum və təşkilatlara, ATƏT-in Minsk qrupu həmsədrlərinə möhtac qalması, uzun illər boyu "sülh danışıqları" adı altında süründürməçiliyə salınması Azərbaycanın nüfuzuna ciddi ziyan gətirirdi.
***
Ulu Öndər Heydər Əliyevin sona çatdıra bilmədiyi işləri uğurla yerinə yetirmək üçün cənab İlham Əliyev uzun illər boyu durmadan, yorulmadan çalışdı, həlli mümkün görünməyən problemlərin belə öhdəsindən məharətlə gəldi!
Yüksək xarizması, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilməsi, peşəkar diplomat məharəti, Vətənə sonsuz məhəbbəti və yüksək məsuliyyət hissi ilə çalışması, ən əsası, zamanında uzaqgörən və dəqiqliklə hesablanmış addımlar atması sayəsində qısa müddətdə möhtəşəm uğurlara imza atdı!
Prezident İlham Əliyev qeyri-daimi üzv kimi BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi zamanı, habelə Qoşulmama Hərəkatına, TDT-yə, İƏT-ə rəhbərliyi dövrlərində bu ali qurumlarda qaldırdığı məsələlərə, irəli sürdüyü təşəbbüslərə, islahatlarla bağlı söylədiyi fikirlərə, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə qoruduğuna, dünyadakı ədalətsizlikləri cəsarətlə tənqid və ifşa etdiyinə görə böyük hörmət və nüfuz qazandı.
Beynəlxalq qurum və təşkilatlarda, nüfuzlu təşkilatların zirvə toplantılarında, dünya dövlətlərinin liderləri ilə görüşlərində söylədiyi fikirlər, nümayiş etdirdiyi yüksək mədəniyyət və diplomatik məharət, səmimi və mehriban davranış onu fərqləndirdi, sevdirdi.
***
Azərbaycanı və onun Prezidenti İlham Əliyevi dünyada ən yüksək hörmət və ehtiram sahibinə çevirən hadisə isə 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfər, 30 il erməni işğalında qalan torpaqların qısa bir müddətdə azad edilməsi, ərazi bütövlüyünün bərpası oldu!
Dünya gördü ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev necə bir möhtəşəm ordu yaradıb, onu hansı müasir silahlarla silahlandırıb, habelə XXI əsrin ən yeni müharibəsini aparmaq üçün hansı taktika və strategiya ilə təmin edib.
Dünya həm də keçilməz cığırlardan keçərək, sıldırımlı qayalara dırmaşaraq Şuşanı yüngül silahla, əlbəyaxa döyüşlə alan Azərbaycan əsgər və zabitlərinin, xüsusi təyinatlılarının hünərinə heyran qaldı!
İlham Əliyev ləyaqətli müharibə apardı - mülki əhali hədəfə alınmadı, qadın, qoca, uşaq zərər görmədi!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu çox yüksək peşəkarlıqla düşmən ordusunu darmadağın etdi, lokal tipli antiterror tədbirləri keçirərək dövlətin suverenliyinə və konstitusiya əsaslarının təmininə nail oldu!

***
Az müddətdə qazanılan hörmət və nüfuzun daha bir səbəbi:
- Azərbaycan heç zaman heç kəsin qapısını döyüb ondan kömək və borc istəməyib, hər bir hədəfinə öz gücü ilə çatıb!
- Azərbaycan heç zaman milli maraqlarına xələl gətirməyib, başqaları kimi özünə ağa axtarmayıb!

- Müzəffər Ali Baş Komandan İlham Əliyev daim sözünün sahibi olub, dediyinə əməl edib!
- Bu gün də bütün dünya onu belə mərd, alicənab, əyilməz və vətənpərvər, müdrik şəxsiyyət kimi tanıyır.

Məğrur, müstəqil, qürurlu insanlar və dövlətlər daim sevilir, hörmət və ehtiram ünvanına çevrilirlər!
***
* Azərbaycan daim dostlarına və əməkdaşlıq qurduğu ölkələrə xeyir verən təşəbbüslərlə çıxış edir!
* Azərbaycan hamıya fayda gətirən yeni əməkdaşlıq qurumları yaradır, əvvəlki qurum və təşkilatlara isə yeni ruh, yeni nəfəs verir!
* Azərbaycan ən yüksəksəviyyəli beynəlxalq məclislərin arzuolunan dəvətlilərindən sayılır, onun Prezidentinin çıxışları böyük maraqla dinlənilir! 
Biz bunu dünya liderlərinin söylədikləri fikirlərdə də aydın görürük.
Biz bunu Azərbaycan Prezidentinin ayrı-ayrı ölkələrə səfəri zamanı necə qarşılanmasından da görürük.
Bəli, Azərbaycanla əlaqə quran, onunla əməkdaşlıq edən hər bir ölkə, siyasi lider ölkəmizə hörmətlə yanaşır, onun işini də, əməlini də, mövqeyini də yüksək qiymətləndirir!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı müasir Azərbaycan bax belə dövlətdir!
Bütün bunlara möhtərəm Prezidentin düşünülmüş, müdrik və uzaqgörən siyasəti və əməli fəaliyyəti nəticəsində nail olunub.
İlham Əliyev dünyanın ehtiram göstərdiyi, Azərbaycan xalqının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, qəbul etdiyi, etimad və etibar ünvanı saydığı Liderdir!
Bu baxımdan tam əminliklə deyə bilərik ki, 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərinin bütün dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq, rifah və inkişaf təsiri olacaq!
Seçkilərin nəticəsi yalnız Azərbaycana deyil, Azərbaycanın bütün dostlarına müsbət töhfələr verəcək!
***
Dünyada sözü, izi, yeri və sanbalı olan Azərbaycanla hər bir vətəndaşımız haqlı olaraq fəxr edir!
Ulu Öndər böyük uzaqgörənliklə söyləmişdi: "Azərbaycan dünyaya bir Günəş kimi doğacaq!"
Doğrudur, vəfasız ömür onun Günəş kimi doğan Azərbaycanı görməsinə imkan vermədi.
Amma bu uzaqgörənlik də həyata keçdi!
Artıq Azərbaycan dünyaya Günəş kimi doğur!
Tanınır, sayılır, seçilir və sevilir!
Cavan, ağsaqqal, güclü bir ölkə kimi!

Müasir Azərbaycan həm də İlham Əliyevin Azərbaycanı sayılır!
Çünki onu bu yüksəkliyə Prezident İlham Əliyev ucaldıb.

Qarşıya qoyulan bütün hədəflərə çatmışıq!
Əsl gücümüz iqtidarla xalqın birliyində, Azərbaycan xalqının yeganə, hamı tərəfindən qəbul olunan liderinə sonsuz məhəbbət və dəstəyindədir!
Xalq sınanmış oğlu İlham Əliyevi sevir!
İlham Əliyev isə daim xalqın yanında, onun müstəqilliyi, rifahı, xoşbəxt gələcəyi uğrunda mübarizədədir!

Onun növbəti qələbəsi isə hər birimizin qələbəsi olacaq! 

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video