Bu gün ictimaiyyətdə qürur doğuran həm də odur ki, Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür.
Uğurlarımıza diqqət çəkərkən bunun təbii ki, işgüzar və vətənpərvər gənclərin səyləri, qətiyyəti sayəsində qazanıldığının bir daha şahidi oluruq. Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir.
Gəncləri Azərbaycanın gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza sanki əlavə güc, stimul verdi. Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrildi.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən 19 ildir uğurla davam etdirilir. Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin "dəmir yumruğ"unun Zəfərində 200 ildən artıq əsarət altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hədəfləyən uğurlu siyasi manevrlərində də vətənpərvər gənclərin birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxdılar. Onlar Prezident İlham Əliyevin etimadını layiqincə doğrultdular.
Prezident İlham Əliyevin 2021-ci il 18 avqust tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" barədə sərəncamı Azərbaycan gəncliyinin çağırış və hədəfləri ilə bağlı idi. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.
Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Yeni strategiya növbəti illərdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyənləşdirir. Bu mənada "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.
Ötən 19 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Böyüməkdə olan nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin bəşəri dəyərlərə yiyələnmələri və digər bu kimi vəzifələr layiqincə icra olunub.
"Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Prezident İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı da ictimaiyyət tərəfindən məmnunluqla qarşılanmışdır. "Qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.
Dövlət başçısının fevralın 2-də imzaladığı "2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncamı da ictimaiyyətdə böyük rəğbət doğurmuşdur. Sərəncama əsasən, respublikamızın elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər 2021-ci il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüşlər.
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olmağa çalışır. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizin uğurlu idman nəticələri, eyni zamanda bu sahəyə dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının yüksək səviyyədə icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər və idman siyasətinin müsbət nəticələri bu gün beynəlxalq arenada da öz təsdiqini tapır.
Təsadüfi deyil ki, artıq bütün dünyada Vətənimiz idman ölkəsi kimi tanınır. Buna səbəb müxtəlif idman növlərində güclü idmançılarımızın olması ilə yanaşı, həm də evsahibliyi etdiyimiz beynəlxalq və respublika əhəmiyyətli kütləvi idman tədbirlərinin yüksək səviyyədə keçirilməsidir. Bütün bu fəaliyyətlər Azərbaycanda idmanın kütləvi xarakter almasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq peşəkar və həvəskar şəkildə idmana marağının artmasına səbəb olur. Cari il aprelin 28-də Budapeştdə keçirilmiş Avropa Çempionatında da güləşçilərimiz uğurlu nəticələr əldə ediblər. Bu münasibətlə Prezident
İlham Əliyev həmin çempionatda iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü zamanı güləş üzrə milli komandamızın bir daha xalqımızı sevindirdiyini, 16 medal qazanaraq Vətənə fərəhlə qayıtdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev görüş zamanı xüsusi olaraq vurğulayıb ki, idmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, onlar müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq yüksək nailiyyətdir və bu, onu göstərir ki, güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda yetişməkdə olan vətənpərvər gənclərin inkişaf yoluna işıq salıb, onların dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bunu cari il dekabrın 12-dən ictimai fəalların, xüsusən də Azərbaycan gənclərinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə keçirilən etiraz aksiyasından da görmək olar. Gənc oğlan və qızlarımız, digər könüllülər qışın şaxtasının kəsəkəs vaxtında başıqarlı Kirs dağının ətəklərindən keçən Laçın-Xankəndi yolunun kənarında dayanaraq Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər. Cari il dekabrın birinci ongünlüyündə Azərbaycan mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparmasına lazımi şərait yaratmadığına görə, onlar sivil qaydada Rusiya sülhməramlılarından məsələyə aydınlıq gətirilməsini istəyirlər.
Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Nəinki Azərbaycanda, respublikamızdan kənarda da yaşayan, təhsil alan və hər hansı müəssisədə çalışan azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyev siyasətinə, onun tələb və tövsiyələrinə həmişə sadiq və sədaqətli olmağa çalışırlar.
Rəhman SALMANLI,
"Azərbaycan"