20 Aprel 2023 14:09
17855
Tədbirlər
A- A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nərimanov rayonunda “Cümə” məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB

 

Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bu gün multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dini abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak etmələri həm də rəmzi məna kəsb edir.

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Qəzalı vəziyyətdə olan iki minarə aparılan işlər çərçivəsində sökülərək yenidən tikilib, məscid binasında bərpa-gücləndirmə işləri yerinə yetirilib, dəstəmazxana binası inşa olunub, zəruri infrastruktur yaradılıb.

Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da sanballı töhfələr verib.

Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri də ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

X X X

Qeyd edək ki, bu gün qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya, dinin bəzi siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Azərbaycan dövlətinin isə milli-mənəvi dəyərlərin, o cümlədən İslam ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasəti var.

Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimindəki nitqində bununla bağlı deyib: “Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, ölkəmizin İslam Həmrəyliyi Oyunlarına, eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, Mədəniyyətlərarası Dialoq Forumları və Bakı Humanitar Forumu kimi dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın həm İslam, həm də sivilizasiyalararası dialoqla qlobal sülhə töhfəsinin ifadəsidir. Bu yanaşma, şübhəsiz ki, İslamın təməl prinsipləri ilə üst-üstə düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video