Azərbaycan dünyada, xüsusilə də bölgədə nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi istiqamətində çox böyük və əvəzsiz töhfələr verir. Bu, dövlətimizin əsas prioritet istiqamətlərindən biridir. Xüsusilə Orta Dəhlizin üzərində yerləşən əsas açar ölkə kimi Azərbaycanın məqsədi həm nəqliyyat-kommunikasiya xətlərini şaxələndirmək, həm də iştirakçı ölkələrə bu istiqamətdə ciddi iqtisadi dividendlər qazandırmaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin üzərində yerləşən Azərbaycan mühüm coğrafi üstünlüklərə malikdir. Bu baxımdan Zəngəzur dəhlizi layihəsinin müəllifi kimi Azərbaycan Orta Dəhlizin inkişafına çox ciddi töhfələr verir. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bu, təkcə ölkəmiz və bölgəmiz üçün deyil, həm də demək olar ki, bütün dünya üçün mühüm hadisə olacaq.
“Təbiidir ki, Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-logistika və kommunikasiya sahələrində tərəfdaşlıq da genişləndirilir. Bu istiqamətdə Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərləri, həmin səfərlər çərçivəsində dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda, həmin dövlətlərə Orta Dəhliz layihəsi çərçivəsində dəstək verilməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın bu səfərləri çərçivəsində qurulan təmaslar, əldə olunan razılaşmalar, həm Mərkəzi Asiyanın, həm Cənubi Qafqazın, ümumilikdə isə Orta Dəhliz üzərində yerləşən bütün ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərəcək, regionda yeni imkanların yaranmasına şərait yaradacaq. Eyni zamanda, Ermənistanla sülh müqaviləsi bağlanacağı təqdirdə bu, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsinə, bölgəmizdə uzunmüddətli, dayanıqlı və ədalətli sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasına, iqtisadi şaxələnmənin reallaşmasına gətirib çıxaracaq”, - deyə Sahil Kərimli vurğulayıb.