Ölkənin baş naziri erməni kilsələrini "zibillə dolu şkaflara" bənzətdi
Ermənistanda cərəyan edən siyasi proseslər onu göstərir ki, kilsə və keşişlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün mübarizədən geri çəkilmək niyyətindən uzaqdırlar. 2024-cü ildə keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan Erməni Apostol Kilsəsinin (EAK) etirazları yeni və yekun mübarizəyə start verib. Hətta keçmiş Prezident Levon Ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb. Paşinyan isə hakimiyyətini qorumaq üçün addımlar atır, kilsənin nüfuzdan salınması prosesini başladıb.
Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsini "təsir agenti" adlandırıb və söz verib ki, yaxın aylarda bununla məşğul olacaq. Paşinyan deyib ki, erməni ruhanilər Bizans dönəmində təsir agentləri olduqları kimi, indi də fəaliyyətlərini bu yöndə davam etdirirlər.
Hökumətin iclasında Nikol Paşinyan bildirib ki, erməni kilsələri "zibillə dolu şkaflara" bənzəyirlər. O, sosial şəbəkədə sərt bir yazı dərc edərək, EAK iyerarxlarına qarşı kobud sözlər işlədib və arxiyepiskoplardan birini cinsi azğınlıqda ittiham edib. Eyni zamanda baş nazir subaylıq andını pozan bütün keşişlərin kilsələrdən uzaqlaşdırılmasını tələb edib.
Paşinyan həmçinin II Qareginin könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib. Ermənistanın baş naziri yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət ünvanlayıb. Müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib. Paşinyan deyib ki, Müqəddəs Eçmiədzin baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır: "Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastr həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir".
Baş nazirin həyat yoldaşı Anna Akopyan da analoji çıxışlar edib. O, erməni patriarxı "əsas mafioz", kilsələrin tənqidinə dözməyənləri "ölkənin əsas pedofilləri" adlandırıb.
"Past" nəşri yazıb ki, Erməni Apostol Kilsəsinə qarşı təbliğat və müharibə aksiyaları ilə paralel olaraq Nikol Paşinyan "keçmişlər" mövzusuna, xüsusən də ikinci prezident Robert Koçaryana, eləcə də keçmiş xarici işlər naziri Vardan Oskanyana qayıdıb: "Daha əhəmiyyətli bir vəziyyət var. İstər Nikol Paşinyan, istərsə də təbii ki, onun siyasi maraqlarına xidmət edən peyk təbliğatçıları əsasən dedi-qoduları rəhbər tuturlar, "havada asılı qalan" uydurma, yalan "xəbərlər", saxtakarlıqlar və təhriflər yayırlar. Bu, onların müxtəlif ekspertlərin daha lakonik şəkildə "Gebbels təbliğatı" kimi təsvir etdikləri iş rejimidir. Onların bütün yalan və uydurmalarının bu işdə olduğu kimi kifayət qədər tez üzə çıxması belə, bu insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Cinayət məsələsinə gələndə şəxs yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinə bilər. Bütün bunlar artıq ictimaiyyəti bezdirib və iyrəndirib".
O da qeyd edilir ki, Nikol Paşinyan kilsə əleyhinə kampaniyanı "rus təsiri" üzərindən aparır. Belə ki, Paşinyan öyrənib ki, Rusiya ötən il Baqrat Qalstanyan, indi isə Eçmiədzin vasitəsilə erməni apostol kilsəsinə hakimiyyətlə mübarizə aparmağı əmr edib. Buna görə də bir çox kilsə xadimi hakimiyyətə qarşı bəyanat verirlər. Paşinyan isə bütün bunları kilsənin müqavimətini qırmaq, onlara qorxu aşılamaq üçün edir.
Beləliklə, kilsənin İrəvanda etirazlara başlayacağını proqnozlaşdırmaq mümkündür. Sözsüz ki, Paşinyan ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Ermənistanı qarşıdakı dövr ərzində hələ də qanlı günlər gözləyir.
Elçin CƏFƏROV,
"Azərbaycan"