Azərbaycan
bu təbiət hadisəsinə görə dünyada ilk sıralardadır
Ötən əsrin 20-ci illərində görkəmli tədqiqatçı,
professor D.V.Qolubyatnikov palçıq vulkanını pulsuz kəşfiyyat "quyusu” adlandırmışdır.
Qeyd etmişdir ki, bu cür "quyuların” dərinliyi hərdən 10-12 km və daha çox olur.
XIX
əsrdən tədqiqatına başlanıldı
Palçıq vulkanları adətən neftli-qazlı sahələrlə
üst-üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft-qaz yataqları
ilə mənşəcə yaxın olması müddəası irəli sürülür.
Bu təbii fenomenin öyrənilməsinə 1861-ci
ildə başlanılıb. Səbəb isə Cənubi Xəzərdə Kumani (Çınqıl dəniz) bankasındakı möhtəşəm
püskürmə olub. Get-gedə isə palçıq vulkanlarına olan maraq daha da artıb və bir
sıra fundamental işlər görülüb.
Palçıq vulkanlarının elmi tədqiqatı Qafqazın
böyük bilicisi, Sankt-Peterburq Elmlər Akademiyasının həqiqi üzvü G.V.Abixinin adı
ilə bağlıdır. Abixin belə bir nəticəyə gəlmişdi ki, palçıq vulkanları səthə çıxmaq
üçün lazım olan istilik enerjisini maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını
yarılma (qırılma) zonasından, suyu dənizdən, qazı bitumlu süxurlardan, palçıq vulkanlarının
fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır.
Digər geoloq alimlər palçıq vulkanlarının
əsas yaranma səbəbini geodinamikada - qırışlar, boşluqlar və çatların yaranması
və inkişafı ilə əlaqələndirirlər. Neftçi geoloqların fikrincə isə, palçıq vulkanları
neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır.
Palçıq vulkanları ətraf sahədən 400-500 metrədək yüksələn, əsasının diametri
100-dən 350 metrədək olan kəsik konus formalıdırlar.
2500
palçıq vulkanının 353-ü Azərbaycandadır
Dünyanın 42 ölkəsində ümumi sayı 2500-ə çatan
palçıq vulkanlarının 353-ü Azərbaycandadır. Azərbaycan planetimizdə palçıq vulkanizminin
inkişaf etdiyi unikal və klassik ölkədir. Burada öz müxtəliflikləri və ölçüləri
ilə fərqlənən, hər növ təzahürlü palçıq vulkanlarına (aktiv fəaliyyət göstərən,
sönmüş, gömülmüş, sualtı, ada, bol neft ifraz edən) rast gəlinir. Morfoloji müxtəlifliyi,
fəaliyyət aktivliyi və sayına görə dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər
palçıq vulkanı yoxdur. Ölkəmiz palçıq vulkanlarının
vətəni sayılır.
Azərbaycandakı palçıq vulkanları haqqında
məlumatlara ölkəmizə gələn ayrı-ayrı səyahətçilərin gündəliklərində və qeydlərində
rast gəlmək olar. Ərəb səyahətçiləri Əbu-əl-Həsən
Əli Məsudi (IX əsrin axırı-956/957), Əbu Həmid Qarnatinin (1080-1170) yol qeydlərində
Azərbaycanda palçıq vulkanlarının püskürməsi haqqında məlumatlar var. Şəmsəddin
Diməşqi (1256-1327) qeydlərində bildirib ki,
Xəzər dənizində bir ada var, oradakı böyük vulkandan alov çıxır, o, böyük
hündür şama bənzəyir. Bu alov qurudan çoxlu fərsəq məsafəsində yerləşir.
Abşeron yarımadasının Gil adası, Xarə-Zirə
(Bulla) adası, Yanan-Tava, Bozdağ-Qobu, Lökbatan, Keyrəki kimi dəniz və qurudakı
vulkanları haqqında ilk məlumatlar 1810-1830-cu illərdə nəşr olunub.
Azərbaycanda palçıq vulkanına verilmiş yerli
"pilpilə” adı geniş yayılmışdır. Səsi təqlid edən "pilpilə” (lilli kütlədə qaz qabarcıqlarının
fırçıltısını əks etdirən) adından başqa, burada "palçıq gölü”, "bozdağ”, "ağtirmə”
kimi adlar da palçıq vulkanlarına qoyulan milli adlar sırasındadır.
İndiyədək 457 püskürmə
hadisəsi qeydə alınıb
Azərbaycanda palçıq vulkanları ən çox Abşeron
yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan
sərhədləri ərazisində yayılıb.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun
Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor
Adil Əliyev deyir ki, Cənubi Xəzər hövzəsi unikal hövzə olduğundan burda çoxlu vulkan
var. Burda çöküntü qatının qalınlığı 30 km-dən artıqdır. Heç bir ərazidə bu qalınlıqda
çöküntü qatı yoxdur. Vulkanların əmələ gəlməsi çöküntü qatı ilə əlaqədardır. Abşeron
yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında
yerləşən vulkanların 100-dən artığı Qobustandadır.
40 vulkan yer səthinə çoxlu neft çıxarır.
Qeyd edilən palçıq vulkanlarının 154-ü isə dəniz vulkanıdır. Palçıq vulkanlarının
dəniz şəraitində fəaliyyəti nəticəsində adalar, saylar, dayazlıqlar və sualtı dağ
sıraları yaranır. Cənubi Xəzərin Bakı arxipelaqında palçıq vulkanı mənşəli 9 ada
(Zənbil, Gil, Xarə-Zirə, Qarasu, Səngi-Muğan və b.) və çoxsaylı sualtı saylar mövcuddur.
Azərbaycanda ilk dəfə 1810-cu ildə Xəzər
dənizində Gil və Xarə-Zirə adalarında püskürmə hadisələri baş verdiyini xatırladan
Adil Əliyev bildirir ki, Şərqi Azərbaycanda 1810-cu ildən bugünə qədər 93 vulkanda
457 püskürmə hadisəsi qeydə alınıb. Bu, aktivlik
sayılır. Demək olar ki, hər il 3-5 vulkan püskürməsi qeydə alınır. Lökbatan, Şıxzərli,
Keyrəki, Quşçu və Xarə-Zirə (Bulla) vulkanları daha çox fəaldır: "Palçıq vulkanlarının
adətən yaşayış məntəqələrindən uzaqda yerləşməsi, püskürmələrin qəflətən və qısamüddətli
baş verməsi onları heç də həmişə müşahidə etməyə imkan vermir. Püskürmələr haqqında
müəyyən məlumatları ancaq şahidlərin (yaxınlıqdakı yaşayış məntəqələri sakinlərinin,
çobanların, dənizçilərin, mayak nəzarətçilərinin və s.) söylədiklərinə əsasən əldə
etmək mümkün olur”.
Yatmış
vulkanı oyatmaq olmaz
Adil Əliyev deyir ki, vulkan püskürmələrinə
bir çox amillər səbəb olur. Bəzən isə insan amili "süni püskürmə”lər yaradır. Məsələn,
2000-ci ildə Ceyranbatan su anbarının sahilində yerləşən Keçəldağ vulkanının kraterinə
yaxın hissədə boru xətti çəkilərkən püskürmə baş verib. Ona görə də yatmış vulkanı
oyatmaq olmaz: "Abşeron yarımadasında Keyrəki, Bozdağ-Qobu vulkanlarının yaxınlığında
evlər tikilib. 1999-cu ildə Bozdağ-Qobu vulkanında güclü püskürmə baş vermişdi.
Vulkanın ərazisində 1100 metr uzunluğunda çat əmələ gəlmişdi. O vaxt orda yaşayan
əhalini köçürdülər. İndi Hökməli kəndində böyük yaşayış massivi salınıb. Son illər
Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin
artması nəticəsində onların əraziləri dağıdılır, intensiv inşaat işləri aparılır,
vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunur, vulkanın
yamacını kəsib yarısını aparırlar. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq
vulkanlarının mühafizəsini təşkil etmək mütləqdir”.
A.Əliyevin sözlərinə görə, 2002-ci ildə palçıq
vulkanları "təbii abidə” statusu alıb. 2007-ci ildə dövlət qoruğu yaradılıb, lakin
insanlar yenə də bu ərazilərə müdaxilə edirlər. Ələt yaxınlığında yerləşən "Bahar”
vulkanı 1992-ci ildə sonuncu dəfə püskürüb. İndi vulkanın fəaliyyəti zəifləyib və
yamac hissəsini tikinti üçün qazıb aparırlar. Bunlar da həmin vulkanın yenidən püskürməsinə
səbəb ola bilər.
Yeraltı təkanın püskürmənin "təhrikçisi”
rolunu oynadığını deyən Adil Əliyevin sözlərinə görə, zəlzələlərin aktivləşməsi
palçıq vulkanları püskürmələrinin fəallaşmasına səbəbdir: "Müşahidələrin nəticələri
göstərir ki, vulkanın fəaliyyəti zəlzələlərin axırıncı "hazırlıq” mərhələsi dövründə
daha aktiv olur, 2-3 həftə sonra bu vulkana yaxın ərazidə zəlzələ baş verir. Maqnitudası
4-10 arası olan zəlzələlər vulkanın püskürməsinə təkan olur. Yeni minillikdə Xəzərdə
baş vermiş 6-7 ballı güclü zəlzələdən sonra 16 püskürmə özünü göstərdi. Belə misallar
çoxdur”.
Palçıq vulkanlarının qorunmasının vacibliyini xüsusi vurğulayan Adil Əliyevin fikrincə,
indi palçıq vulkanlarının əksəriyyətinin yamacı zibilxanaya çevrilib. Belə hallar
təkcə bu təbiət abidələrinin məhvinə səbəb olmur, müəyyən dərəcədə antisanitariya,
həm də ətraf mühit üçün təhlükə törədir.
Palçıq
müalicəxanası
Palçıq vulkanları gözəl ekoturizm obyekti
kimi də istifadə edilə bilər. Yəni Bakıya çoxlu turistlər də cəlb etmək olar.
Vulkan palçığının tərkibində bor, manqan,
litium, vanadium, mis və s. kimi çoxlu qiymətli mikroelementlər var, vulkan suları
isə üzvi maddələr, bor, brom və yodla zəngindir. Vulkan gilindən sement, keramzit,
kərpic istehsal etmək, metallurgiya kürəsi düzəltmək üçün qiymətli xammal kimi istifadə
etmək olar. Ondan tikintidə geniş istifadə olunur. Püskürmə məhsulu olan vulkan
brekçiyasının tərkibində xalq təsərrüfatının ehtiyaclarını qarşılaya bilən bir sıra
qiymətli kimyəvi elementlər, metallar da var.
Həmsöhbətimiz deyir ki, vulkan palçığı insan
orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir: "Əsasən lilli,
torflu və sapropelli palçıqlardan alınan preparatlardan müalicə məqsədi ilə dünyada
infeksiya, vanna, yuyub dezinfeksiya etmə formasında geniş istifadə olunur. Vulkan
palçığından dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri,
mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteoxondrozu kimi
xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiya və kosmetologiyada
uğurla istifadə edilir. Azərbaycanda hələ keçən əsrin 80-ci illərində Bakı şəhərinin
15 tibb müəssisəsində həkimlər ilə birlikdə vulkan palçığının müalicəvi praktikası
həyata keçirilirdi. Bundan başqa, Azərbaycanın bir sıra rayonlarında yerli əhali
palçıq müalicəsinin "misir” metodundan istifadə etməklə öz təşəbbüsü ilə bilavasitə
vulkanların özündə palçıq vannası qəbul edir. Vulkanın palçığını götürüb qabda saxlayırsan,
durulur, üzündə şəffaf su əmələ gəlir və boğaz ağrısı zamanı onunla qarqara edilir”.
Püskürməsi
ehtimal edilən vulkanlar
Ölkə ərazisindəki aktiv vulkanları sadalayan
Adil Əliyev deyir ki, Keyrəki, Lökbatan, Quşxana, Şıxzərli, Torağay vulkanları daha
aktivdir ki, bunların püskürmələrinin sayı 20-dən çoxdur. Abşeron yarımadasındakı
Lökbatan vulkanı 200 il ərzində 25 dəfə püskürüb. Növbəti dəfə Bozdağ-Qobu, Mərəzə,
Keyrəki, Şəkixan, Ayazaxtarma, Mərkəzi Qobustanda Şıxzərli, Nardaranaxtarma vulkanlarının
püskürməsi ehtimal edilir.
Vulkanın fəaliyyətinin zəifləməsi onun püskürməsi
haqqında məlumat verir. Elə vulkan var ki,
püskürmədən sonra krater sahəsində qrifonlar, sopkalar əmələ gəlir və vulkan daim
ordan suyu, qazı, palçığı çıxararaq tərkibində olan enerjini boşaldır. Ancaq bəzi
vulkanlarda püskürməsonrası bu aktivlik müşahidə edilmir və enerji toplanır, bir
müddət sonra həmin vulkanda yenidən püskürmə baş verir.
Abşeronda "Üçtəpə”, Qobustanda "Mədrəsə”, "Qırqışlaq” vulkanları neft çıxaran
vulkanlar sırasındadır. Bunlar yer səthinə bol neft çıxarır. Gec püskürən vulkanlardır.
Dünyanın möcüzələrindən biri sayılan palçıq
vulkanlarının qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii
irsinin geniş miqyasda təbliğ olunması işinin əhəmiyyətini hər birimiz dərk edib,
bu işə öz töhfəmizi verməliyik.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”