Bu, Boyka ləqəbli döyüşçü, şəhid Elvin Abbasovun yoldaşlarına son vəsiyyəti olub. Döyüşlərdən sağ qayıdan əsgərlər oğlunun xahişini Şamil ataya çatdırıblar. İndi onun Tanrıdan bircə diləyi var: Allah ömür versin, Elvinin övladlarını özü boya-başa çatdırsın.
Şamil kişi deyir:
- Oğlumla bağlı hər şey, onunla keçirdiyim hər an gözümün qarşısındadır. Xatırladıqca qəlbim göynəyir. Ancaq vaxt keçdikcə, oğlumun komandirləri, əsgər yoldaşları ilə görüşdükcə, onun qəhrəmanlığı haqqında yeni məlumatları eşitdikcə kədərlə bərabər qəlbimdə başqa hisslər də yaranır - sonsuz qürur, təşəkkür hissləri.
Elvin Abbasov şəhadətə yüksəldiyi günədək böyük bir yol keçmişdi. Müddətli həqiqi hərbi xidmətdə olarkən komandiri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov idi. Komandirin şəxsi nümunəsi Elvinin qəlbindəki vətənpərvərlik hisslərini daha da gücləndirmişdi.
Abbasovlar ailəsi Umudludan məcburi köçkün düşmüşdü. Elvin nə bu kəndi, nə də oradakı doğma evlərini görmüşdü. Amma uşaqlıqdan bu istəklə yaşamışdı. Rəhmətlik babasına da söz vermişdi ki, birlikdə o kəndə qayıdacaqlar.
Beləliklə, 2013-cü ilin sentyabr ayında Daxili Qoşunların "Yarasa" qrupunda müddətdən artıq hərbi xidmətə başlayır. Uşaqlıq illərindən idmanla məşğul olması, yüksək fiziki hazırlığı ona bütün çətinliklərin öhdəsindən bacarıqla gəlməyə kömək edir. Təlimlərdə fərqlənir, komandirlərin və yoldaşlarının hörmətini qazanır.
44 günlük Vətən müharibəsi başlayanda Abbasovlar ailəsinin hər iki oğlu cəbhədə idi. Şamil kişi deyir ki, Elvin xüsusi təyinatlı dəstənin tərkibində əvvəlcə Cəbrayıl, Füzuli rayonlarında mövqelərimizin müdafiəsində dayanıb, düşmənin diversiya-kəşfiyyat qruplarının darmadağın edilməsində iştirak edib. Ailənin ikinci oğlu Elçin də müharibədəydi. O, idarə etdiyi "KamAZ" markalı maşınla cəbhəyə silah-sursat və əhali tərəfindən könüllü olaraq əsgərlərimizə göndərilən sovqatları daşıyırdı. Oktyabrın əvvəllərində "Tülkü dərəsi"ndə onun sursatla dolu maşını düşmən tərəfindən vurulur və yalnız təsadüf nəticəsində, əsgərlərin yanında bir neçə dəqiqə ləngidiyindən Elçin sağ qalır.
Bütün Azərbaycan xalqı kimi, bu ailədə də hər kəs cəbhədən gələn xəbərlərlə yaşayırdı. Sevinc kədərə, kədər həyəcana qarışmışdı. Ancaq bütün hisslərin içində ən güclüsü inam idi - qalib gələcəyimizə olan inam.
Elvin sonuncu dəfə ailəsi ilə oktyabrın 30-da danışmışdı. Həmin gün onun daxil olduğu xüsusi təyinatlı qrup mühüm tapşırıq almışdı - Laçın-Şuşa yolu üzərindəki yüksəklikdə yerləşən mövqelər düşməndən azad edilməli idi. Bununla Şuşaya gedən yol nəzarətə götürüləcəkdi. Elvin bu barədə doğmalarına heç nə deyə bilməmişdi. Yalnız müharibə başa çatandan sonra onlar öyrəndilər ki, Elvin və yoldaşları noyabrın 4-də böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv ediblər. Deyirlər ki, qayaya dırmaşarkən Elvin özü ilə bərabər bütün silah-sursatını götürüb. Onların ağır olduğunu söyləyən yoldaşlarına isə deyib: "Qoy silahım da, sursatım da özümlə olsun ki, o namərdlərlə qarşılaşanda layiq olduqları cavabı alsınlar".
Elvingilin qrupu tapşırığı tam yerinə yetirir. Lakin bir müddət sonra düşmən snayperinin gülləsinə tuş gələn baş çavuş Elvin Abbasov gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalır.
O vaxtdan 5 il ötüb. Bu günlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilk dəfə məktəbə qədəm qoyan 5 yaşlı şəhid övladları ilə görüşüb. Uşaqları təbrik edib, xeyir-dua verib, məktəb ləvazimatları bağışlayıb. Onların arasında Elvin Abbasovun qızı Sevil də vardı. Bacısı Aylin isə ikinci sinifdə oxuyur.
Beş il ərzində ailədə çox şey dəyişib. Elvinin həyat yoldaşı Nərgiz universitetə qəbul olub və bu il təhsilini başa vuracaq. Şəhidin qardaşı Elçin hazırda polis sıralarında xidmət edir.
Bu yaxınlarda ailə üzvləri Azərbaycan Ordusunun azad etdiyi torpaqlara ayaq basıb, son döyüşün şahidi olan yüksəkliyə qalxıblar.
Şəhidin həyat yoldaşı Nərgiz xanım deyir:
- O yüksəkliyə qalxarkən hansı hissləri keçirdiyimi söyləmək çox çətindir. Sanki burada yerlə-göy birləşmişdi və şəhidlərimizin ruhu da bizimləydi. Elvinə deyəcəyim sözüm çox idi. Ən əsası isə söylədim ki, biz onun varlığını daim hiss edirik. Qızlarını özü arzuladığı kimi böyüdürük. Şəhid ailələrinə dəstək olan dövlətimizə, bütün xeyirxah insanlara təşəkkürümüzü bildirirəm.
Svetlana BAĞIROVA,
"Yeni Tərtər" qəzetinin redaktoru