08 May 2024 08:25
137
CƏMİYYƏT
A- A+

Ötən illərin Şuşa həsrətini bu günün sevinci və sabahın xoşbəxtliyi əvəz edir

 

Şuşanın  taleyinə qara hərflərlə yazılan bir gün var: 8 may 1992-ci il. Bu təqvim Azərbaycan  tarixinə vurulan bir damğa kimi 28 il bizi göynətdi.  Həmin göynərti və sızıltı ilə düz 28 il Şuşa həsrəti, Şuşa nisgili yaşadıq. Üç on ilə yaxın  Şuşa tərəfə boylandıq, dumanlı dağlarını uzaqdan seyr etdik, Xarıbülbülünə yaxınlaşa bilmədik, Cıdır düzündə gəzintiyə çıxmadıq.  Şuşa da bizsiz soldu, saraldı. 28 il Şuşa əsarətdə qaldı, əsirlikdə can verdi...
Düşmən həmin illərdə  cürbəcür məkrli planlar  quraraq Şuşaya zülm etdi, daşını daş üstə qoymadı, Topxana meşəsini qırdı, çaylarını qurutdu, sərvətini talayıb daşıdı, maddi-mənəvi abidələrinə sahib çıxmağa çalışaraq qədim yurd yerlərini viran qoydu. Bir sözlə,  Azərbaycanın göz bəbəyi olan Şuşada şuşalıq qalmasın deyə vəhşi xislətindən əl çəkmədi. Çalışdı ki, bu gözəl diyarı xalqın qəlbindən söküb atsın. Amma bacarmadı, hədəfə aldığı son dayanacağa gedib çıxa bilmədi, arzusu gözündə qaldı.  Şuşanın suyunu içib, havasını udan nadanlar anlamadılar ki, bu yurdun qeyrətli oğulları o torpağı sadəcə qol gücünə almağa qadirdirlər. Dərk edə bilmədilər ki, bir gün igid oğullar qəflətən başlarının üstünü alacaq.
1992-ci il mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdi. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Qarabağın işğalı başa çatdırıldı. Qarabağın  gözü, zümrüdü 28 illik bir zaman kəsiyində solub-saraldı. Amma Şuşanın başında qopan tufanlar, üzərindən əsən yellər onu sındıra bilmədi. Baxmayaraq ki,  işğal günü ermənilər 480 sakini amansızlıqla öldürdülər, 600 nəfəri yaraladılar, 552 uşaq valideynini itirdi, taleyi hələ də məlum olmayan 68 nəfər əsir və girov götürüldü,  22 mindən artıq insan məcburi köçkün oldu, lakin şəhər bu günlərə məğrur duruşu, əyilməz vüqarı ilə gəlib çatdı. Həmin vüqarı, qüruru Prezident İlham Əliyev Şuşa səfərlərinin birində dilə gətirərək belə  dedi:  "Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik". 
Ötən 28 ildə Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv etdilər, bununla ürəkləri soyumadı, bəzilərini də erməniləşdirməyə çalışdılar. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini, Dövlət Rəsm Qalereyasını, Uşaq Sağlamlıq Məktəbini məhv etdilər. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidələr var idi. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə də daxildir. Şuşa həmin dağıntılarla, talan olunmuş görkəmi ilə özümüzə qayıtdı, Azərbaycan əsgərinin və zabitinin qanı, canı ilə alındı.  8 Noyabr günü bütün dünya bildi ki, bu şəhər çox qiymətli, çox dəyərlidir.  O, təkcə Qarabağın deyil, bütövlükdə azərbaycanlıların döyünən ürəyidir, alınmaz qalasıdır.  Bunu 2020-ci ilin Zəfər günündə  bütün qəlbimizlə bir daha anladıq. Ulu Öndər Heydər Əliyevin dediyi bu fikirlərin əhəmiyyətini başa düşdük: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
Nə yaxşı ki, Şuşanın işğalı daha çox onilliklər çəkmədi. İşğalın 28-ci ili Şuşaya qayıdış ili kimi tarixə yazıldı. 8 may işğal gününü 8 Noyabr Zəfər Günü əvəzlədi. Həmin gün  təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının  qeyd etdiyi bayramların ən gözəli, ən əzizi oldu. Ali Baş Komandan 8 Noyabr günü Şəhidlər xiyabanında, üstəlik də hərbi geyimdə xalqa müraciət edərək  Şuşanın azad edilməsi xəbərini verdiyi an yaşadığımız hisslər, axıtdığımız sevinc göz yaşları tarixboyu yaddaşlardan silinməyəcək. Böyük qürurla bu xəbəri xalqına çatdırması dövlət  başçısının da həyatının ən xoşbəxt günlərindən biri oldu.  "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Azad günlərini yaşayan müqəddəs şəhərim, biz sənin qoynunda əbədi yaşayacağıq!" deyən  dövlət başçısının da sevincdən doğan kövrəkliyini və  titrək səsini hər kəs hiss etdi. O gün əlində əsa olan qoca da, körpə uşaq da "28 illik həsrət, qubar sona çatdı" deyib küçələrə axışdı. 
İndi  Şuşa görkəmini dəyişib, havası, suyu da yenilənib sanki. İllərin o tayında qalan işğal günləri tarixə dönüb. Cıdır düzünün, Daşaltı dərəsinin üzü gülür, Topxana meşəsi rahat nəfəs alır, Xarıbülbül çiçəyi Günəşə boylanaraq ətrini ətrafa yayır. Natəvanın, Bülbülün, Üzeyirin heykəli doğma vətəninə qayıdıb. Ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağı Şuşa qalasında  məğrur-məğrur dalğalanır. Doğma sakinlərinə qovuşan Şuşa azad günlərini yaşayır, Gövhər ağa məscidindən yüksələn azan səsi düşmənin qulağını deşir. 
Bu gün 8 may 2024-cü ildir. Daha vətəndə vətən həsrəti, Şuşa nisgili yoxdur. İndi Şuşa  həm Azərbaycanın, həm türk, həm də islam dünyasının mədəniyyət mərkəzidir. Şuşanın rəmzi olan Xarıbüblbül  və muğam festivallarının keçirildiyi şəhərdir. Bundan böyük xoşbəxtlik olarmı? Bizə bu xoşbəxtliyi yaşadan, qələbə sevincini daddıran Müzəffər Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Bu gün şəhidlərin ruhu şaddır, Azərbaycan əsgərinin canı, qanı ilə açdığı cığırla Zəfər yolu çəkilib. Bu yol bütün Azərbaycanı, dünyanı cənnət Şuşaya aparır. Zəfər yolu irəli getsə də, biz dönüb keçmişə baxaraq o günlərin kədərini, acısını unutmuruq. Daha hər il mayın 8-də Şuşaya "ağı" demirik,  "Şuşanın işğaldan azad olunacağı gün uzaqda deyil" inamına bürünərək özümüzə təsəlli vermirik. O gün gəldi və biz o təsəllini deyil, böyük Zəfərin unudulmaz sevincini yaşadıq. Ötənlərin kədərini bu günün sevinci və sabahın qüruru ilə silib atdıq. İndi biz Azərbaycanın dilbər guşəsi, Qarabağ xanlığının tarixi paytaxtına sahib çıxaraq onu qoruyuruq. 

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video