Ortaq dəyərlərə söykənən həmrəylik
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü türk dövlətlərinin əməkdaşlığına mühüm töhfələr verəcək
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü türk dövlətləri arasında münasibətlərin daha da inkişafı baxımından mühüm siyasi hadisəyə çevrildi. Türkmənistanda keçirilən bu Zirvə görüşü dünyaya verilən mühüm mesajlarla yadda qaldı, türk dövlətləri arasında qardaşlığın sarsılmaz olduğunu göstərdi.
Əlaqələr yüksələn xətlə inkişaf edir
Hazırkı qlobal konyunktura, sürətli şəkildə dəyişən keyfiyyət dəyişikliklərinə məruz qalan beynəlxalq münasibətlər türk dövlətlərindən həmrəylik və tərəfdaşlıq tələb edir. Eyni zamanda ortaq milli kimliyi, eyni mədəni və mənəvi dəyərləri bölüşdükləri üçün də türk dövlətlərinin birliyi qaçılmazdır. Bu baxımdan Azərbaycan türk dövlətləri ilə əlaqələrə qeyd olunan prizmalar kontekstindən yanaşır və xarici siyasətində Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla münasibətləri ayrıca istiqamət kimi müəyyənləşdirir.
Eləcə də digər türk dövlətləri də bu müstəvidə əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verirlər. Ötən ay Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü də bunu təsdiqlədi. Həmin Zirvə görüşündə müzakirə olunan məsələlər göstərdi ki, ötən il İstanbulda keçirilmiş VIII Zirvə Görüşündən sonra türk dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Səmərqənd görüşündə əldə olunan razılaşmaların isə türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir.
Münasibətlərdə yeni mərhələ
Dekabrın 14-də keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü isə bu üç türk dövləti arasında münasibətlərin inkişafını yeni keyfiyyət mərhələsinə yüksəldir.
Öncə onu qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri hər zaman özünü göstərib. Azərbaycan, Türkiyə və Türkmənistan həm siyasi sahədə strateji tərəfdaşdırlar, həm də iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atıblar. Məsələn, Azərbaycanla Türkiyəni hər zaman dostluğa və qardaşlığa söykənən möhkəm tərəfdaşlıq birləşdirib. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə iki qardaş dövlətin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Şuşa Bəyannaməsi ilə yeni keyfiyyət mərhələsinə yüksələn müttəfiqlik Azərbaycanla Türkiyəni daha güclü edir, regiondakı mövqelərini daha da gücləndirir.
Eləcə də Azərbaycanla Türkmənistan arasında 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəddə iki dövlətin gələcək birgə fəaliyyətinin, demək olar ki, bütün istiqamətləri müəyyən edilib. Belə ki, burada siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Ötən ilin yanvarında isə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu tarixi sənəd həm iki ölkənin əlaqələrində, həm onların həyata keçirdiyi enerji siyasətlərində, həm də Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatında yeni mərhələnin başlanğıcı oldu.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Türkmənistanla isə ticarət dövriyyəsi bu il 5 dəfə artıb. Prezident İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.
Türkmənbaşıda prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun imzaladıqları "Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş", "2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı", "Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum", "Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" və "Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" yeni mərhələyə yüksələn əlaqələrin hüquqi bazasını təmin edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılacaq
Ümumiyyətlə, Azərbaycan öz layihələri ilə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bu mənada respublikamızın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlər xüsusilə diqqəti cəlb edir. Rəsmi Bakı nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir.
Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq türk dövlətləri bu yoldan istifadə edirlər. Prezident İlham Əliyev Zirvə görüşündə diqqətə çatdırdı ki, bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.
Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasında isə artıq ilk rezidentlər yerləşir. Eyni zamanda Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulur. Bütün bunlar, xüsusən torpaqlarımızın işğaldan azad olunması türk dövlətləri arasında əməkdaşlıq üçün yeni imkanlar açır. "2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı", - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan, Türkiyə və Türkmənistanı etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bağlayır. Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü göstərdi ki, türk dövlətləri bu milli-mənəvi birliyə söykənərək əlaqələrini daha da inkişaf etdirirlər.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!