07 May 2023 09:00
2022
SİYASƏT
A- A+

Orta dəhlizdən Zəngəzura, Xəzərdən Avropaya

 

İlham Əliyevin qlobal təşəbbüsləri ilə Avrasiyada yeni nəqliyyat və ticarət körpüləri yaradılır 

 

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) fəaliyyətinə mühüm töhfə verməsidir. Son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında aktiv rol oynayan Azərbaycan bu istiqamətdə üzərinə düşən vəzifələri qətiyyətlə həyata keçirir. 
 Prezident İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və ticarət körpüləri yaradır. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan Orta dəhlizin daha səmərəli və etibarlı marşrut olması üçün çox mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. 

 

Orta dəhliz - böyük İpək yolu bərpa olunur

 

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. Bu dəhliz həm də tarixi İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. 
Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyəyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.  
Azərbaycan Orta dəhlizin reallaşması üçün çox mühüm addımlar atmaqdadır. Bunu Prezident İlham Əliyev xarici ölkələrə səfərləri və iştirak etdiyi beynəlxalq konfranslarda da bəyan edib. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dördüncü beynəlxalq konfransda da İlham Əliyev bir daha bu mövzuya toxunaraq Azərbaycanın Orta dəhlizə böyük əhəmiyyət verdiyini vurğulayıb. Prezident bu layihənin daim dəstəkləndiyini və onun nəhəng potensialının mövcud olduğunu deyərək bildirdi ki, tərəfdaşlar yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalı, bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətini stimullaşdırmalıdırlar. Yəni Orta dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir. 
İlham Əliyev bu istiqamətdə Azərbaycanın dəniz limanına yaxın ərazidə yaratdığı Ələt Azad Ticarət Zonasının fəaliyyətini də dəyərləndirib. Bu zonanın da, əlbəttə ki, fəaliyyətindən böyük gözlənti var. Çünki zonanın güclü qanunvericilik bazası var, qaydalar investorlar üçün cəlbedicidir: "İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik. Azərbaycanda yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab edirəm ki, böyük potensial yaradır. Bundan əlavə, coğrafi yerləşməmiz. Dediyim kimi, Azərbaycan təkcə "Şərq-Qərb" deyil, "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib. Yəni potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə tranzit ölkəsi olmaq kifayət deyil".  

 

Zəngəzur dəhlizi həm "Bir kəmər, bir yol", həm də "Şimal-Cənub" dəhlizinin tərkib hissəsi ola bilər

 

Sözü imzası qədər keçərli olan İlham Əliyev yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin imkanlarından da söz açaraq bildirib ki, bu dəhliz Asiyadan Avropaya malların, yüklərin daşınmasında ən əlverişli nəqliyyat marşrutu olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna böyük töhfə verə bilər. 
Hazırda böyük İpək yolunun yenidən bərpası istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsi olaraq Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır. Zəngəzur dəhlizi isə həmin marşrutun davamı, "Bir kəmər, bir yol" layihəsinin və ya "Şimal-Cənub" dəhlizinin tərkib hissəsi ola bilər. Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. 
Göründüyü kimi, Zəngəzur dəhlizinin qlobal səviyyədə əhəmiyyəti var. İlham Əliyev bu səbəbdən də Azərbaycanın daha böyük həcmdə yüklərin olmasını gözlədiyini deyərək qeyd edib ki, marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır.
Prezident bu layihənin davamı kimi Azərbaycanın çəkdiyi dəmiryolu xəttinin də əhəmiyyətini dəyərləndirib: "Bizə gəldikdə, biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq". 
Əgər Ermənistan öz köhnə ənənəsinə sadiq qalaraq layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur. Hayastanın layihədən imtinası yalnız özünə böyük zərbə vurması ilə nəticələnəcək.
Hazırda isə əsas məsələ dəhlizin quru yollarının açılışına istiqamətlənib. Bu istiqamətdə də 2 layihə reallaşdırılır -  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. 
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.
2021-ci il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərmiş oldu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 
8 stansiya, 3 tunel, 41 körpü, 4 yolötürücü və ümumilikdə, 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşıb. 
Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. 
Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. 
Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. 330 kV-luq Ağcabədi yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir. 
Ən önəmlisi isə, bu dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
2021-ci il oktyabr ayının 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

 

Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat-logistika mərkəzinə çevirəcək

 

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropanı birləşdirən "Şərq-Qərb" nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Azərbaycan Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir. 
Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Azərbaycanın Orta dəhlizə verəcəyi töhfələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzadılmasıdır. 
İlham Əliyev hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib. Hazırda Azərbaycan bu məsələnin həlli üçün əlavə vəsaitlər ayırır: "Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq. Eyni zamanda biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk. Mən müəyyən nəticələrin əldə edilməsini qabaqlamaq istəməzdim. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik. Reallıq belədir".
Göründüyü kimi, regionun inkişafı, təhlükəsizliyin təmin olunması istiqamətində işlər görən, təşəbbüslərlə çıxış edən Azərbaycan Orta dəhlizin imkanlarını genişləndirəcək, Zəngəzur dəhlizinin açılması ilə həm də bölgənin nəqliyyat mərkəzinə çevriləcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video