13 Yanvar 2026 08:55
628
Mədəniyyət
A- A+
Opera tariximizdə xüsusi yer tutan sənətkar

Opera tariximizdə xüsusi yer tutan sənətkar


O, Azərbaycan opera sənəti tarixində xüsusi yeri olan sənətkarlardandır. Opera səhnəsində bir sıra qadın rollarının ilk və əvəzsiz ifaçısı kimi tanınan Əhməd Ağdamskinin adı həm də cəmiyyətin qadağlarından, hədə-qorxulardan, təhdidlərdən çəkinmədən, həyatını təhlükə qarşısında qoyaraq səhnəyə çıxan cəsarətli sənətkar kimi xatırlanır.

Şuşada 1884-cü ilin 5 yanvarında dünyaya gələn Əhməd bəy Bədəlbəyov musiqiyə, teatr sənətinə, ədəbiyyata bağlı olan, ziyalı bir ailənin övladı idi. Musiqiyə, teatra kiçik yaşlarından yaranan marağı onunla birlikdə böyüyüb, püxtələşib. Əhməd bəy teatr həvəskarları dərnəyində, xalq mərasim tamaşalarında fəal iştirak etməyə başlayıb.

1908-ci il yanvarın 25-i Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılıb. Gənc bəstəkar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası Tağıyev teatrının səhnəsində ilk dəfə tamaşaçılara təqdim olunub. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün Şərqin opera sənətində yeni bir dövrün başlanğıcına çevrilib. Tamaşadan sonra alqış səsləri uzun müddət qulaqlardan getməyib. Dövrün mətbu orqanları bu möhtəşəm yenilikdən heyranlıqla yazıblar. Lakin çoxları bilməyib ki, yaradıcı heyət müşkülə düşüb...

Tamaşanın təşkilatçılarının problemləri çox olsa da, ən böyük çətinlikləri Leyli rolunun ifaçısı ilə bağlı idi. Çünki hətta kişilərin belə aktyor olması cəmiyyət tərəfindən qəbul edilmədiyi bir dövrdə qadınların səhnəyə çıxması mümkünsüz sayılırdı. Odur ki, Üzeyir bəy Hacıbəyli "Leyli və Məcnun" operasının ilk tamaşasında çıxış yolu tapmışdı. O, çayxanada səsi ilə diqqətini çəkən gənc çayçı şagirdi Əbdürrəhman Fərəcovun bu rolun öhdəsindən gələcəyinə əmin idi.

Əbdürrəhman Fərəcovu dilə tutub yalvar-yaxarla qadın geyimində səhnəyə çıxmağa razı salıblar. Amma tamaşanın böyük uğur qazanması da çayçı şagirdini fikrindən daşındıra bilməyib. O, bir daha qadın rolunda çıxış etməyəcəyini söyləyib. Buna görə də "Leyli və Məcnun" operasına yenidən Leyli tapmaq məcburiyyətində qalıblar. Onda Üzeyir bəy Hacıbəyli ümidini xalası oğlu, məlahətli səsə malik Əhməd bəy Bədəlbəyova bağlayıb. 

Realni məktəbdə təhsil alan Əhməd bəyə vəziyyəti izah edən Üzeyir bəy, nəhayət, onun razılığını alıb. Həmin dövrdə tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün də xüsusi icazə olmalı idi. Belə bir icazəni almağa nail olublar.

Gələcəkdə müəllim olmağı arzulayan, lakin teatra böyük sevgisi olan gənc Əhməd bəy Bədəlbəyli xalası oğlu Üzeyir bəyə opera səhnəsində Leyli rolunu ifa etməyə söz verəndə heç ağlına da gəlməyib ki, bu qərarı ilə həyatında yeni bir yol başlayacaq və o, Azərbaycan opera tarixində silinməz izlər qoyacaq.

Bildiyi o idi ki, səhnədə qadın rolları oynamağa razılıq verməklə özünü müşkülə salır, çünki səhnəyə çıxanlara düşmən nəzərləri ilə baxanlar, tənələr, təhqirlər yağdıranlar onu da rahat buraxmayacaqlardı.

Tələbə Əhməd bəy Bədəlbəyli teatr həvəskarı idi. O, musiqi təhsili almamışdı. Ancaq tez-tez musiqi məclislərində iştirak etmişdi. Musiqin, o cümlədən muğamı gözəl bilirdi. Könülləri ovsunlayan məlahətli səsi vardı. Odur ki, "Leyli və Məcnun"nu onun iştirakı ilə tamaşaya hazırlayanlar heç bir çətinliklə üzləşməyiblər.

Əhməd bəy tanınmamaq üçün afişalarda adını "Miri" kimi yazdıraraq Leyli rolunu ifa etməyə başladı. Ancaq ayıq-sayıq tamaşaçılardan Leyli rolunun ifaçısının kimliyini gizlətmək mümkün deyildi. Əhməd bəy bütün maneələrə rəğmən səhnədən üz döndərmədi. Təhlükələr, təzyiqlər və tənələr onu yolundan döndərə bilmədi. 

Beləliklə, Əhməd bəy Bədəlbəyov "Ağdamski" səhnə təxəllüsünü götürüb. O, Ağdamski kimi tanınaraq məşhurlaşıb.

1910-cu ildə Əhməd bəy "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında fəaliyyət göstərib. Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynağa Hacıbababəyov və digər sənət fədailəri ilə yalnız əməkdaşlıq deyil, eyni zamanda dostluq edib.

Əhməd Ağdamskinin yaratdığı Leyli obrazı tamaşaçıların yaddaşına əbədi həkk olunub. Sonralar səhnədə ifa etdiyi digər rollar da - "Əsli və Kərəm"də Əsli, "Arşın mal alan"da Gülçöhrə, "O olmasın, bu olsun"da Gülnaz, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və başqa qadın rolları da onun aktyorluq istedadını nümayiş etdirib. 

O dövrün mətbuatı Əhməd Ağdamskinin aktyorluq məharətindən heyranlıqla bəhs ediblər. "Kaspi" qəzeti 1915-ci idə  116-cı sayında onun səsinin gözəlliyini və səhnə mədəniyyətini xüsusi vurğulayıb: "Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar". Bu qəzetin 1916-cı il 22 dekabr tarixli sayında isə qeyd olunurdu: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".

O, on iki il səhnəyə qadın qiyafəsində çıxıb. Aktyor 1922-ci ilədək Üzeyir bəy Hacıbəylinin yazdığı bütün opera və operettalarda qadın rollarını böyük məharətlə ifa edib.

Azərbaycan opera və musiqili komediya teatrının səhnələrində qadın rollarının ilk və əvəzolunmaz ifaçısı Əhməd Ağdamskinin təəssüf ki, səsi lent yazılarına köçürülmədiyindən bu günümüzə gəlib çatmayıb. Deyilənlərə görə, ötən əsrin əvvəllərində o, səsini vala yazdırıb. Həmin vaxtlar ermənilər azərbaycanlılara qarşı münaqişəyə başlayıb. Ara qarışıb. Əhməd Ağdamskinin valın hazırlanıb-hazırlanmamasından xəbəri olmayıb. Əhməd bəy sonralar səsini yazdırmağa təşəbbüs göstərməyib. Onun geniş diapazonlu tenor səsə malik olduğu, "Kürdü-Şahnaz", "Rast", "Bayatı-Şiraz", "Şur", "Bayatı-Kürd" və sairə kimi çətin oxunan muğamları, Gülçöhrənin, Şahsənəmin ariyalarını necə məharətlə ifa etdiyi danışılan xatirələrdən və yazılanlardan bəllidir.

1919-cu ildə Əhməd Ağdamski "Əsli və Kərəm" tamaşasında ilk dəfə Kərəm rolunda səhnəyə çıxıb.

1920-ci illərin əvvəllərində Əhməd bəy Qarabağa qayıdaraq Ağdamda yaşamağa başlayıb. 1923-cü ildə orada teatr truppası yaradıb, bir sıra tamaşaların rejissoru olub, musiqili, eləcə də dram əsərlərində müğənni-aktyor kimi iştirak edib.  Sonralar daha çox tara meyil salıb.

Əhməd Ağdamski 1934-cü ildə Ağdaşa köçüb. Orada gələcəyin kaman ustası Habil Əliyevin ata evində kirayənişin olub. 

O, Ağdaşa getdiyi gündən rayon ziyalıları arasında böyük hörmət qazanıb, el məclislərində yaxından iştirak edib. Əhməd bəy ömrünün sonunadək pedaqoji fəaliyyət göstərib. Ağdaş rayonunun musiqi məktəbində tar dərsi keçib. 

Əhməd Ağdamski 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1954-cü il aprelin 1-də dünyasını dəyişib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!